Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:49

'Doğum evi deyil, qəbiristanlıqdır, ora gedən sağ qayıtmır'


Foto illüstrasiya. Yeni doğulan.
Foto illüstrasiya. Yeni doğulan.

Son 10 gündə Azərbaycanda üç ana ölümü qeydə alınıb. Yasamalda Nuranə Orucova və yeni doğulmuş körpəsi, Naxçıvanda Həqiqət Mirzəyeva, Qubada Sevinc Seyidəliyeva doğuş zamanı həyatını itirib.

«HAMİLƏLİYİ QAYDASINDA KEÇMİŞDİ»

Sonuncunun – Sevinc Seyidəliyevanın anası Nəzakət Aslanova 10 gün əvvəl Qubadakı doğum evində baş vermiş ölüm faktının düzgün araşdırılmasını istəyir. O, «Qaynar xətt»ə bildirib ki, Quba prokurorluğu xəstəxananın həkimlərini məsuliyyətdən kənarda saxlamağa çalışır: «Qızımın ölməsinə heç bir səbəb yox idi. Hamiləliyi qaydasında keçmişdi. Qeysəriyyə ilə götürüblər uşağı. Sonra qaça-qaça gəldilər, gözaydınlığı aldılar, dedilər, uşaq da, ana da palataya köçürülüb. Biz də arxayın olduq, qayıtdıq evə. Ertəsi səhər xəbər gəldi ki, Sevinc ölüb».

«HƏM PUL ALIRLAR, HƏM DƏ ƏZİZİNİ ÖLDÜRÜRLƏR»

Anaya bildirilib ki, qızı elə palatadaca qəfil ölüb. Ana isə deyilənlərə inanmır:

***Buna da bax-Şəkidə hadisə: Muştuluq alıb, sonra uşağın ölü doğulduğunu deyiblər

«Axı heç bir narahatlığı, xəstəliyi olmayan adam qəfil necə ölə bilər? Bu adam niyə qəfil evdə yox, gedib palatada öldü? Ölümün də bir səbəbi olur axı... Əgər səbəb gizlədilirsə, deməli, öz günahları üzündən baş verib. Mən qızımın ölümündə Quba Regional Perinatal Mərkəzin həkimlərini günahlandırıram. Onun əməliyyatı 700-800 manata başa gəlmişdi. Bu cəlladlar həm pul alırlar, həm də əzizini öldürürlər. Hər şey də ona görədir ki, Qubadakı doğum evində indiyə kimi baş vermiş ölümlərə görə bircə həkim də cəzalandırılmayıb. Guya araşdırma aparırlar, axırda da ölünü təqsirli çıxarıb işi bağlayırlar».

S.Seyidəliyeva Xaçmazın Müzəffəroba kəndindən olub. Ölümündən əvvəl dünyaya gətirdiyi oğlundan başqa üçyaşlı qızı da varmış.

«İYNƏYƏ REAKSİYA VERİB VƏ ÖLÜB»

Quba Perinatal Mərkəzindən AzadlıqRadiosuna bildirilib ki, ölüm faktını Quba rayon Prokurorluğu araşdırır. Əməliyyatda iştirak etmiş həkim qrupu prokurorluqda izahat verib:

***Buna da bax-Zaqatalada uşaq ölümü – günah öləndədir?

«Sevinc Seyidəliyeva vurulan iynəyə sərt reaksiya verib və ölüb. Həmin vaxt o iynədən doğuşdan çıxmış başqa analara da vurulub və normal reaksiya olub. Qeysəriyyə əməliyyatı qaydasında keçib, ananın da, körpənin də vəziyyəti normal olub».

Perinatal Mərkəzdən əməliyyata görə xəstənin yaxınlarından pul alınması ilə bağlı deyilənlər də təkzib olunub.

Ana ölümü ilə bağlı araşdırma Quba rayon Prokurorluğunda davam edir. S.Seyidəliyevanın ailəsi həkimlər cəzasız qalarsa, baş prokurora müraciət edəcəyini bildirir.

XS
SM
MD
LG