Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:46

Aqil Hümbətovun ailəsi: 'Sanki keyləşmişdi'


A.Hümbətov
A.Hümbətov

Bir ay öncə məcburi qaydada Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına salınan AXCP fəalı Aqil Hümbətovun həyat yoldaşı deyir ki, bir aydan çoxdur onu görmürlər. Bu barədə AzadlıqRadiosuna danışan Aygün Hümbətovanın bildirdiyinə görə, mayın 5-də uşaqlarıyla birlikdə xəstəxanaya gedib. Lakin onları Aqillə görüşə buraxmayıblar.

"Onunla sonuncu dəfə telefon danışığımızda səsindən hiss elədim ki, vəziyyəti yaxşı deyil. Sanki keyləşmişdi. Məndə çox ciddi şübhələr var ki, ona verilən dərmanlar səhhətinə pis təsir edir. Sağlam adamdır, prezidentdən uşaqpulu tələbinə görə aparıb salıblar ora. O dərmanlar xəstə adam üçündür, yəqin ona görə də əks təsir göstərir. Çox narahatam, görüşməyə də imkan vermirlər...", – A.Hümbətova belə deyir.

Biri xəstə, biri də südəmər olan üç azyaşlı uşaqla çox ağır durumda olduğunu vurğulayan A.Hümbətovanın sözlərinə görə, bu günlərdə öyrənib ki, Aqilə təyin edilən məcburi müalicə müddəti 6 aydır: "Sözün düzünü deyən adamı bu şəkildə cəzalandırmaq insafsızlıqdır. Maddi baxımdan bələdiyyədən kömək var, cəbhəçilər əllərindən gələni edir. Bəs fiziki baxımdan neyləyim? Xəstə uşağı müalicəyə aparmalıyam, bir seans 45 dəqiqədir, körpəni qoyub çıxa bilmirəm. Qızım gözləyirdi ki, atasıyla görüşəcək, imkan vermədilər, gözü yenə yoldadır. Atanı orada məhv eləyirlər, uşaqlarımı da burada...".

A.Hümbətova deyir ki, tək istədiyi həyat yoldaşının buraxılması, gəlib uşaqlarına sahib çıxmasıdır.

Vəkil Ombudsman Aparatının müdaxiləsindən sonra görüşə bilib

A.Hümbətovun vəkili Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, onun məcburi müalicəyə cəlb olunması haqda Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət veriləcək. Amma müdafiə tərəfi həmin məhkəmə qərarını ala bilmir ki, onun əsasında kassasiya şikayətini hazırlasın.

N.Kərimli özü də xəstəxanada A.Hümbətovla Ombudsman Aparatının müdaxiləsindən sonra görüşə bilib. Vəkilin sözlərinə görə, iki dəfə xəstəxanaya getsə də, müvəkkili ilə görüşünə icazə verməmişdilər. Bu barədə Ombudsman Aparatına şikayətdən sonra A.Hümbətovla görüşüb.

Kərimlinin sözlərinə görə, AXCP fəalı ona da deyib ki, haqqındakı məhkəmə qərarı hökumətə yönəlik tənqidlərinə görə onu cəzalandırmaq məqsədi daşıyır.

1 Saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov isə A.Hümbətovun durumuyla bağlı narahatlığa heç bir əsas olmadığını bildirir. Baş həkim onun vəziyyətinin normal olduğunu deyib. A.Rəsulovun sözlərinə görə, onun ailə üzvləriylə əlaqə saxlanmasında da problem yoxdur: "Sonuncu dəfə mayın 4-də həyat yoldaşıyla telefon vasitəsi ilə əlaqə saxlayıb".

AzadlıqRadiosu baş həkimin açıqlamasını Səhiyyə Nazirliyinin mətbuat xidməti vasitəsilə alıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi barədə martın 13-də verdiyi qərarda tibb müəssisələrində müalicə alan xəstələrin də yaxınlarıyla görüşü qadağan edilib.

Xatırlatma

Küçələrdən karton, tullantı yığmaqla ailəsini dolandıran A.Hümbətov sosial mediada yaydığı videolarda insanların sosial-iqtisadi durumuna görə prezident də daxil olmaqla, hökuməti tənqid edirdi. Martın 30-da onu küçədə başqa fəhlələrlə birlikdə yol kənarındakı zibilləri toplayarkən tutub, Xəzər rayonu 1-ci polis bölməsinə, oradan da Psixiatriya Xəstəxanasına aparıblar. İki gecə orada saxlanılandan sonra aprelin 1-də Sabunçu rayon Məhkəməsinin qərarıyla oradan buraxılıb. Məhkəmə onun məcburi müalicəyə cəlb edilməsi barədə xəstəxananın baş həkimi A.Rəsulovun ərizəsini təmin etməyib.

Bir gün sonra A.Hümbətov yenidən tutularaq həmin xəstəxanaya aparılıb. Məlum olub ki, baş həkim sözügedən məhkəmə qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin edib. İddia olunur ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər olub.

Amma A.Hümbətov aprelin 1-də xəstəxanadan buraxılandan sonra AzadlıqRadiosuna bildirmişdi ki, onu sosial şəbəkələrdəki tənqidlərinə görə bu şəkildə cəzalandırırlar.

Hümbətovun aprelin 1-də evə buraxılması barədə qərarı çıxaran hakim Samir Talıbovun isə öz ərizəsiylə işdən çıxarıldığı bildirilir. Amma hakimə yaxın mənbə AzadlıqRadiosuna onun bu yolla cəzalandırıldığını söyləyib.

A.Hümbətova ötən ilin martında da 30-günlük inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin tənqidi fikirlərinə görə təqib olunmadığını iddia edirlər.

XS
SM
MD
LG