Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:41

Araz çayının yeni qolundan ümid gözləyənlər məyus olublar


Araz çayının yeni çəkilən qolu
Araz çayının yeni çəkilən qolu

2010-cu ildə Kür çayının daşması ilə baş verən təbii fəlakətdən sonra Araz çayının yeni qolunun çəkilməsinə başlandı. O zaman deyilirdi ki, yeni qol bolsululuq dövründə çaylarda suyun səviyyəsini azaltmaq, daşqının qarşısını almaq məqsədi daşıyır. Bu, həm də Biləsuvardan ta Salyanadək uzanan şoran düzləri suvarmaq imkanı verir.

Müşahidəçilər deyirlər ki, pambıqçılığı aqrar sektorun prioritet sahəsi elan edən hökumət, örüş və otlaqları da bu məqsədlə əkin dövriyyəsinə cəlb edir. Amma bu, yerlərdə narazılıqla müşayət olunur.

“Qəfildən üstümüzə ağır texnikalar gəldi...”

Biləsuvar rayonunda məskunlaşan Cəbrayıl köçkünləri bildirirlər ki, mal-qara saxladıqları əraziyə qəfil ağır texnikalar daxil olub. Otlaq yerləri şumlanıb, arxlar gəlib heyvanlarının saxlanc yerinə dirənib. Qışın astanasında adamlar bilmirlər mal-qaralarını hara sürüb aparsınlar.

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən məcburi köçkün, hazırda Biləsuvardakı köçkün qəsəbəsində yaşayan Nizaməddin Möhübalıyev iş icraçısını müəyyən etmədiklərini deyir:

Nizaməddin Möhbalıyev
Nizaməddin Möhbalıyev

“Burada 60-dan çox yataq var. Hər yataqdan 10-15 ailə dolanırdı. Qışlama dövrü gəlib çatdığı bir vaxtda əraziyə xeyli texnika gətiriblər. Biri yer hamarlayır, o biri dərin və enli arx çəkir, bir başqası otlağı şumlayır. Bilmirik bunları bura kim göndərib, nə üçün belə edirlər. Prezident Adminstrasiyasında, Nazirlər Kabinetində də olmuşuq, Əmlak Məsələləri Komitəsində, Kənd Təsərrüfatı Nazirliyində də. Bizə bir dəqiq söz deyən olmayıb. Hələ ortaya səlahiyyətli adam çıxmayıb.”

Cəbrayılın Çullu kəndindən olan məcburi köçkün Əfqan Surxayev deyir ki, mal-qarasını otardığı yer artıq şumlanıb, ora arpa səpilib. O, vurğulayır ki, ən çox zərər ərazidə tikinti aparmış şəxslərə dəyəcək:

Şumlanan otlaq sahələri
Şumlanan otlaq sahələri

“Elə mədəni tövlələr var ki, tikintisinə 30- 50 min manat xərc çəkilib. Bu, 10-15 ailənin çoxillik vəsaiti ilə başa gəlib. Adamlar yeməyib, içməyib, balasının boğazından kəsib, ağır şərtlərlə kreditə girib. İndi bir günün içində uçurub-tökürlər yerə.Yəqin ki, heç kəsə kompensasiya verilməyəcək. Belə ədalətsizlik olar?!”

“Pambıq çox şeyi unutdurub”

Digər məcburi köçkün İskəndər Xəlilov bildirir ki, onlar istifadə etdikləri torpaq üzərində mülkyyət hüquqları əldə etməyə çalışıblar:

“Sənədləşmə üçün müraciət edəndə, deyirdilər ki, siz köçkünsünüz, burada müvəqqəti məskunlaşmısınız. Bizim başqa gedəcək yerimiz, məşğul olacağımız iş də yoxdur axı. Mənə qəribə gəlir ki, məgər indən belə ölkədə maldarlığa ehtiyac olmayacaq, ət və süd məhsulları istehlak edilməyəcək? Hökumətə əkin lazımdırsa, onu da edək. Buna qədər məcburi köçkünlərin məşğulluğu ilə bağlı da dövlət proqramı vardı. Pambıq ortaya düşəndən bəri çox şey unudulub.”

“Heç sənədə də baxan yoxdur”

İmişli rayonunun Aranlı kəndində yaşayan Bəhmən Mədətov deyir ki, əlində torpaqdan istifadəyə dair sənədlər var. Amma buna da əhəmiyyət verilməyib:

Bəhmən Mədətov
Bəhmən Mədətov

“Atam çoban olub. Mən 40 ilə yaxındır bu işlə məşğulam. Ali təhsilli kənd təsərrüfatı mütəxəssisiyəm. Kolxoz dövründə qoyunçuluq briqadiri işləmişəm. Ferma binası da keçmiş kolxozdan ailəmə əmlak payı kmi düşüb. İndi mən bilmirəm bu əmlakın dəyərini kim ödəyəcək. Torpaqdan istifadəyə görə, icarə müqaviləsi, sərəncam da var, aidiyyatı orqanların imza və möhürlə təsdiqlənən razılığı da. Vaxtlı-vaxtında icarə haqqını da ödyirəm, statistik məlumatları da təqdim edirəm. Amma bunları nəzərə alan yoxdur.”

Əhməd Əhmədzadənin dedikləri

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr edilən iclasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə Arazın yeni qolunun çəkilişi ilə on minlərlə hektar torpaq sahəsinə su çıxarmağın mümkünlüyünü dilə gətirib.

“2017-ci ildə Araz çayının 54 kilometr uzunluğunda yeni qolunu torpaq məcrada inşa etməklə Saatlı, Biləsuvar və İmişli rayonlarında 40 min hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma su mənbəyi yaradılıb. Cari ildə həmin kanalı beton üzlüyə almaqla bu rayonların əlavə olaraq 13 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi mümkün olub. Hazırda paylayıcı kanalların tikintisi işlərinə başlanılıb.”

Əhməd Əhmədzada, Kür daşqınları zamanı, 20 may 2010
Əhməd Əhmədzada, Kür daşqınları zamanı, 20 may 2010

Başqa bir açıqlamasında cənab Ə. Əhmədzadə qeyd olunan əraziyə su çıxarılmasını, aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə həyata keçirildiyini bildirib. Amma bu qurumdan maldarlıqla məşğul olan fermerlərin səsləndirdikləri suallara cavab, iddia və ittihamlara isə münasibət öyrənmək mümkün olmadı.

İcra hakimiyyəti: “ Narazılığa əsas yoxdur”

AzadlıqRadiosu-nun sorğusunu cavablandıran İmişli rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zahidov isə şikayətçilərə dəfələrlə aydın və izahlı cavab verildiyini dedi:

“Bu iş dövlət proqramı çərçivəsində mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Əraziyə baxış keçirilib, torpaqdan nümunələr götürülərək analiz edilib. İqtisadiyyat Nazirliyi layihə hazırlayıb. Torpağın təyinatının dəyişdirilməsi Nazirlər Kabineti ilə razılaşdırılıb. Ərazidə suvarma sistemi qurulması, meliorativ tədbirlərin görülməsi və torpağın münbit hala gətirilməsi üçün 70 milyon manat büdcə vəsaiti sərf olunacaq. Bu işi 4 podratçı təşkilat görür. Yəni hər şey ölçülüb, hesablanıb və planlı da həyata keçrilir. “Acı düz”ün 15 425 hektarı İmişli rayonunun ərazisinə düşür. Cəmi 2-3 nəfərin yerli icra hakmiyyəti ilə icarə müqaviləsi olub, onlara da başqa yerlər təklif olunur. Torpaq dövlət fondundadır, dövlət ehtiacları üçün də geri alınıb. Buna görə də narazılığa əsas yoxdur.”

XS
SM
MD
LG