Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:42

Astarada qəssablar alıcıların azalmasından şikayətlənirlər


Bazarda ət alan azdır
Bazarda ət alan azdır

Astara rayonunun mərkəzi bazarının qəssabları deyir ki, ət alanların sayı kəskin azalıb. Adının çəkilməsini istəməyən qəssablardan biri bunun səbəbini belə izah edir: "Bazarda, əsasən, inək, qoyun və keçi əti satılır. Kəndlərdə diri malı baha satırlar. Biz də əti əhaliyə baha satmağa məcburuq. Baxanda qiymət elə də yüksək deyil. İnək ətinin bir kiloqramı 13, kələ əti 14, qoyun əti 14-15, quzu əti 16 manata satılır. Tərəvəz məhsullarının mövsümü başa çatıb. İlin bu vaxtları ətin ən çox satıldığı aylar olmalıdır. Ancaq ötən ilə nisbətən indi ət alanların sayı azdır. Alıcılar, əsasən, məmurlar, müəllimlər və həkimlərdir".

"Vaxt var idi bir qəssabın yanında üç-dörd nəfər çalışardı"

Qəssabın deməsinə görə, son bir ildə ətlərin qiymətində 2-3 manat bahalaşma gedib. O, əlavə edir ki, əvvəllər qardaşı da bazarda ət satıb. Onun vurğulamasına görə, ətin əvvəlki illərə nisbətən az satıldığını görüb Rusiyaya getmək məcburiyyətində qalıb: "Qardaşım 30 il idi ki, burada ət satırdı. Gördü vəziyyət çətinləşir, çıxıb getdi Rusiyaya. Hazırda bir aydır oradadır, hələ iş tapa bilməyib. Vaxt var idi bir qəssabın yanında üç-dörd nəfər çalışardı, evlərinə çörək aparardılar. İndi bir nəfər özünü qəssablıqla güclə dolandırır. Pul az qalır. Halallıqla yaşayan qəssabın işi həmişə çətin olur".

150 kiloqramlıq inəyin əti üç günə satılır
150 kiloqramlıq inəyin əti üç günə satılır

"Pensiya ilə yaşayanlar elə də çox ət almırlar"

Digər bir qəssab deyir ki, ətin az satılmasının səbəbi əhalinin alıcılıq qabiliyyətinin aşağı olmasıdır: "İş yoxdur, pul da yoxdur. Pensiya ilə yaşayanlar elə də çox ət almırlar. Elə adamlar var ki, ətə baxıb gedir. Əslində 100 mindən çox əhalisi olan rayon üçün satılan ət elə də çox deyil. 150 kiloqramlıq malın əti üç günə satılır. Nisyə ət almaq istəyənlərin əlini geri qaytarmırıq".

"Nərə kimi balıqlara əlimiz çatmır"

Adının çəkilməsini istəməyən yaşlı bir alıcının da sözlərinə görə, əhali ətin yox, çörəyin dərdini çəkir: "İki böyük övladım var, oturublar evdə, iş yoxdur. Evləndirə də bilmirəm. Pensiyamla dolanırıq. Pul çörəyə güclə çatır, əti necə alım? Adam var pulu var, hər gün ət alır. Mən ala bilmirəm. Həm də ət bahadır. Ayda bir dəfə alıram, qramla, dadını itirməyək. O gün yarım kiloqram ət aldım, satıcı qaşqabağını tökdü. Yarım kilo ətlə sümüyü necə versin? Yayda bir təhər dolanırsan, indi pomidor, xiyar da az qalır ətin qiymətinə çatsın. Nərə kimi balıqlara, ümumiyyətlə, əlimiz çatmır. Ətlə də belə olacaq".

Elçin İbrahimli
Elçin İbrahimli

Şahağacı kənd sakini Elçin İbrahimlinin sözlərinə görə də, kəndlərində hər adam ət ala bilmir: "Kəndin 5 min nəfər əhalisi var. Bir inəyin ətini üç-dörd günə satırlar, çoxu da borclu qalır. Ət almağa pulları yoxdur. Kəndimiz Xəzər dənizin kənarında yerləşir, əhali balıqla dolanırdı. İndi dənizə getməyə icazə vermirlər, həm də balıq tükənib. Dənizi əlimizdən alıblar. Kənddə vəziyyət ürəkaçan deyil".

Astara rayonunun Suparibağ kənd sakini Vidadi İbadovun dediyinə görə, satılan ətlərin heç də hamısı keyfiyyətli deyil.

Mikayıl Əhmədov
Mikayıl Əhmədov

"Ət bahalaşmaqda davam edəcək"

Bu rayonun Seləkəran kənd sakini, heyvandarlıqla məşğul olan Mikayıl Əhmədovun dediyinə görə də, ətin bahalaşması davam edəcək: "30 ildir mal-qara saxlayıram. Son üç-dörd ildə saxladığım malların sayını iki-üç dəfə azaltmışam. Yem bahadır, örüş yerləri yoxdur. Mal-qaranı saxlamaqla məşğul olanların sayı da azalır, ona görə qiymət qalxır. Qiymət qalxdıqca ət alanların sayı da azalır. Bazarda ət qalır. Bir çoxları bunu ətin bolluğu ilə səhv salır. Əvvəllər toylarda ət yeməkləri ortada qalardı. İndi toya gedənlər birinci növbədə ət yeməklərini yeyirlər. Ətin qiyməti bahalaşmaqda davam edəcək".

Yazıda səslənən tənqidi fikirlərlə bağlı cavabdeh rəsmi şəxslərlə danışmaq mümkün olmayıb. Bir qədər əvvəl Astara rayon Kənd Təsərrüfatı İdarəsindən bildirmişdilər ki, ətin bahalaşmasına səbəb yemin bahalaşmasıdır.

XS
SM
MD
LG