Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:07

'Cənnət' görmək istəyirlər, amma nə məktəb var, nə də tibb məntəqəsi...


Bəndəsər kəndinin yolu
Bəndəsər kəndinin yolu

Azərbaycanın bəzi bölgələrində istisu çıxan ərazilərdə sanatoriyalar, istirahət yerləri fəaliyyət göstərir. Həmin yerlərdən çıxan istisudan da müalicə vasitəsi kimi istifadə olunur.

Lakin bunu Astara rayonun ərazisində olan İstisu kəndi haqqında demək mümkün deyil. Bu kəndin sakinləri bəzi problemlər dilə gətirirlər.

Məktəb və tibb məntəqəsi yoxdur

O kəndin yaxınlığında isə Bəndəsər adlı kənd var. Yerli sakinlər deyir ki, ərazi turizm üçün əlverişlidir, amma bir sıra çətinliklər var: "Məktəbimiz yoxdur. Uşaqlar beş-altı kilometr uzaqda yerləşən Züngüləş kənd məktəbinə gedirlər. Tibb məntəqəsi də yoxdur. Bura Hirkan qoruğunun ərazisidir".

Amid Musayev
Amid Musayev

Bəndəsər kənd sakini Amid Musayev əlavə edir ki, əhalinin çörəyi heyvandarlıqdan, arıçılıqdan çıxır: "Cavanlar azdır, kənddə qalmırlar. Düzdür, asfalt yolun sonuna qədər balaca avtobuslar işləyir. Amma internet yoxdur. Sanatoriya olsa, bunların hamısı olar. Mən özüm çağırışçıyam, iyunda hərbi xidmətə gedəcəyəm".

Kəndlərə sərnişin daşımaqla məşğul olan sürücü Bəylər Məlikov: "Bəndəsər kəndinə qədər yol yaxşıdır, ondan sonra yol yoxdur. Buraya xarici qonaqlar gəlirlər. Vəziyyəti bu şəkildə görüb geri qayıdırlar. Bura dağdır. Burda istənilən yenilik ürəyimizcədir. İstisu ərazisində cənnət yaratmaq olar. Nə üçün tikmirlər, başa düşmürəm".

Bəylər Məlikov
Bəylər Məlikov

"Ola bilər ki, sərhəd zonasıdır..."

Lakin o, ehtimallarını dilə gətirməkdən də qalmır: "Ola bilər ki, sərhəd zonasıdır, Hirkan qoruğudur, ona görə qoymurlar. Allahın verdiyi istisudur. Gecə-gündüz axır...".

Yerli sakinlərdən adının çəkilməsini istəməyən bir şəxs deyir ki, ərazidə sanatoriya inşa etmək təşəbbüsündə olublar: "10-15 il bundan əvvəl Almaniyadan gəlmişdilər. Yer onları qane etdi. Amma yerli orqanlarla razılaşa bilmədilər. Sovet dövründə buraya hər kəs gələ bilməzdi, sərhədçilər yolda post qoymuşdular. Maşınları, adamları yoxlayıb buraxırdılar. Əziyyət çəkirdik. İndi o postlar yoxdur. Sərhəd xətti Züngüləş kəndinin içindən keçir".

İstisu quyusu
İstisu quyusu

İcra hakimiyyətindən deyilənlər...

Astara rayon İcra Hakimiyyəti aparatından da bildirirlər ki, həmin ərazilər turizm baxımından cəlbedicidir və bununla bağlı müvafiq orqanlara təkliflər verilib. Sakinlərin məktəb və tibb məntəqəsi ilə bağlı şikayətlərinə isə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG