Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:48

Miki kəndindəki dördəmlərin çarəsiz həyatı


Dördəmlər
Dördəmlər

►Mahmudovlar 1 ilə yaxındır ki, sahəsi 5 kvadratmetr olan bu daxmada dörd körpəni yaşatmaq üçün əsl mücadilə edirlər

“Dördü birdən xəstələnir, dərman yox, pul yox... Yoldaşım dərmanı apteklərdən nisyə alır. Qidalarını qonşular, qohumlar alır verir. Yoxsa indiyə kimi dördü də acından ölmüşdü”.

Ötən il fevralın 2-də Lənkəran Mərkəzi Xəstəxanasında Astaranın Siyəki kənd sakini Raisə Mahmudova dördəm dünyaya gətirir. İlk günlər dövlət qurumlarının nümayəndələri körpələrin başına dolanır, telekanallar da sağdan-soldan çəkib işıqlandırırlar.

İşsiz ata İsmayıl Mahmudovun da ürəyində toxtaqlıq yaranır ki, dördəmlərin başının üstündə dövlət var və onlar haqları çatan nə varsa, əldə edəcəklər. Ancaq, sən demə, bütün vədlərin ömrü xəstəxanadan hazırda məskunlaşdıqları Miki kəndindəki daxmaya qədər imiş.

Mahmudovlar 1 ilə yaxındır ki, sahəsi 5 kvadratmetr olan bu daxmada dörd körpəni yaşatmaq üçün əsl mücadilə edirlər. Ana deyir, İsayıl, İbrahim, İsrail və Zəhranın durumu ürəkaçan deyil:

Mahmudovların yaşadığı ev
Mahmudovların yaşadığı ev

Buna da bax: Tbilisi Bakının xətrinə dəyib

“Bax, indi dördü də hərarətdən yanır. Dərman yoxdur. Həkim gəlir, dördünə də baxır, resept yazır, gedir. İynə, dərman ala bilmirik. Bu balaca komada dörd körpənin çığırtısından qulaq tutulur”.

Ananın sözlərinə görə, hazırda məskunlaşdıqları daxma yaxın qohumuna məxsusdur. Kirayədə qalmamaqları üçün yaxın qohum bu daxmanı onlara verib. Ancaq müvəqqəti... 1 il əvvəl rayon məmurlarının vəd etdikləri mənzildən isə səs-soraq yoxdur:

“Keçən il uşaqlar doğulanda heç göz açmağa imkan vermədilər, telekanalların jurnalistləri tökülüşüb xəstəxanaya gəldilər. Körpələri ortaya qoyub sağdan-soldan çəkdilər, icra başçısı da söz verdi ki, dövlət evlə təmin edəcək, uşaqların böyüməsi üçün güzəştlər, yardımlar olunacaq. Bütün vədlər havada qaldı. İndi çağırırıq ki, “gəlin bu uşaqların durumunu çəkin, göstərin, bəlkə dinə-imana gəldilər”. Gəlirlər, çəkirlər, gedirlər, ancaq efirə vermirlər. Bunlara elə başçını reklam eləmək lazım imiş”.

Buna da bax: 7 il öncə BVF-dən üz çevirən Azərbaycan yenidən ona üz tutur

80 MANAT UŞAQPULU

Dördəmlər qeysəriyyə əməliyyatı ilə dünyaya gəliblər. Çəkiləri 1 kiloqramdan 2 kiloqramadək olub. Bir neçə gün küvəzdə saxlanılıblar. Raisə xanım deyir, onsuz da zəif doğulan körpələr sonradan lazımi müalicələri almayıblar deyə, immunitetləri çox aşağıdır. Hər ay yüksək hərarət, ishal, qusma körpələrin həyat tərzinə çevrilib. Özü də dava-dərmanın, pulun yox vaxtında...

Dördəmlərə görə ailəyə ümumilikdə 80 manat uşaqpulu kəsilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə ailəyə 190 manat məbləğində ünvanlı sosial yardım təyin edib. Ailənin başçısı İsmayıl Mahmudov deyir, iş üçün döymədiyi qapı qalmayıb.

Astara rayon İcra Hakimiyyətindən “Qaynar Xətt”ə bildiriblər ki, ailənin mənzillə təmin olunması qurumun diqqətindədir. Ancaq hələ ki, belə bir imkan yoxdur. İndiki vaxtda bələdiyyə ailəyə torpaq sahəsi ayıra və ev tikmək üçün tikinti materialının bir qismi ilə təmin edə bilər. Bunun üçün Mahmudovlar yerli bələdiyyəyə müraciət etməlidirlər. Dördəmlərin müalicəsi ilə Astara rayon Mərkəzi Xəstəxanası məşğul olmalıdır. Bunun üçün qurum xəstəxanaya göstəriş verəcək.

XS
SM
MD
LG