Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:44

'Kasıblar bazarı': Toylar başlayıb, soğan bahalaşır


Açıq havada Pensər bazarı
Açıq havada Pensər bazarı

Oktyabrın 16-da Astara rayonunun həftəlik Pensər bazarında hava yağmurlu olsa da, qələbəlik idi. Bazar açıq havada yerləşdiyindən palçıqdan hərəkət etmək elə də asan deyildi. Orada məhsuldolu yük maşınları sıraya düzülmüşdü. Maşınların birində balqabaq satırdılar. Satıcı Famil Ağazadə deyirdi ki, məhsulun çoxu çürüyüb: "Zəhmətimiz hədərə getdi. Sabirabaddan gətirmişəm. Balqabağın 1 kilosu 50-60 qəpikdir, mən 20 qəpikdən satıram .Bu il kənd təsərrüfatı məhsulları azdır. Həm də ilin bu vaxtında açıq sahələrdə əkilən məhsul tükənir, ona görə qiymətlər qalxır".

"Məktəbli uşaqlarıma hələ təzə geyim almamışam"

Sarımsaq satan bir şəxs isə deyirdi ki, məhsul özünündür. Həyətyanı sahədə əkib: "Az əkmişdim. Pula ehtiyacım var. Məktəbli uşaqlarıma hələ təzə geyim almamışam. Bu il vəziyyətim yaxşı deyil. Bu bazarda hərə öz cibinə uyğun bir şey tapır. Amma marketlərdə, mağazalarda bahaçılıqdır, yaxın durmaq olmur. Bu bazar kasıbların bazarıdır. Burada varlı görməzsən".

Bazarda qələbəlik var
Bazarda qələbəlik var

Yaxınlıqda soğan satırlar. Satıcının sözlərinə görə, soğanı Ağdamdan gətirib: "Mənim özümün torpağım var. Hər il əkirəm. Keyfiyyətli soğan bahadır. Yerli soğan tükənmək üzrədir. Bir qədər ucuz satıram. 1 kiloqramı 80 qəpikdir, 1 manata da var. Toylar başlayıb, ona görə soğan bahalaşır".

"Yaxın düşmək olmur"

Onunla yanaşı duran Feyruz Nəzərov Salyan rayonunun Xələc kəndindən olduğunu söyləyir. Özünün deməsinə görə, üzüm bağı var: "Tədarükçü üzümü ucuz alır, qazanc qalmır. Ona görə məhsulu özüm satıram, kiloqramı 1 manatadır. Rayonların bazarlarını gəzib satırıq. Bakı bazarlarına bizi kim buraxar? Yaxın düşmək olmur. Ucuz heç nə yoxdur, Quba almasından və Masallının şirin bibərindən başqa. Almanın 3 kiloqramını 1 manata satırlar. Baha alma da var. Bir kisə şirin bibəri 1 manata satırlar. Amma bu məhsullar Bakı şəhərində və marketlərdə bahadır".

Yerdə alış-veriş gedir
Yerdə alış-veriş gedir

Astara rayonunun Şiyəkəran kənd sakini Vaqif Əsədov isə kartof alıb. Deyir ki, qışa tədarük görür: "Kiloqramı 80 qəpikdən 150 kiloqram kartof aldım. İriləri bahadır, 1 manatdan yuxarıdır. İrandan kartof gətirərdilər, ucuzluq olardı. 2020-ci ildən koronavirus pandemiyası ilə bağlı sərhədin qapıları bağlıdır. Kartof da bahalaşır. Marketlərdə ərzaq daha çox bahalaşır".

"Kartof tükəndikcə bahalaşır"

Söhbətimizə qoşulan sahibkar Vaqif Fərzəliyev isə kartofu Gədəbəydən gətirdiyini deyir: "Bərdə rayonundanam. Kartofu Gədəbəydən gətirmişəm. Keyfiyyətli, iri kartofun 1 kilosu 1 manat 50 qəpikdir. Kartof tükəndikcə bahalaşır. Bu oğlan Lerik kartofu satır".

O, yanında durub kartof satanı göstərir. Həmin şəxs-Amid Nuriyev də deyir ki, Lerikdə bu il kartof istehsalı zəif olub: "Gübrə bahadır. Torpaq gücdən düşüb. Həm də Lerikdə yetişdirilən kartof iri olmur. Baxın, hamısı xırdadır. 1 kiloqramını 70 qəpiyə verirəm".

Sərxan Mirzəyev
Sərxan Mirzəyev

"Çox çətinliklə dolanırıq"

Bazarın bir yerində də ağac tingləri satılır. Satıcı deyir ki, əsasən naringi, feyxoa tinglərini alırlar. Satıcı, Astara rayonunun Lovayin kənd sakini Sərxan Mirzəyevin sözlərinə görə, iki ailə ting satmaqla dolanır. O, bazara 1977-ci il istehsalı olan QAZ-51 markalı yük maşını ilə gəlib. Deyir ki, ting alanların sayı azalıb: "Əvvəllər ting yetişdirənlər az idi, indi çoxalıb. Ting bazarı əvvəlki kimi deyil. Çox çətinliklə dolanırıq. Elə olur ki, satışa çıxartdığımız tinglərin yarısı gələn ilə qalır. Tələbat var, ancaq qiymət düşüb. Əsasən sitrus və subtropik meyvələrin tinglərini yetişdiririk. Xərclər də artır. Naringi tinginin bir ədədini 3 manata satırıq. Hər tingdən 30-40 qəpik qalır. İki il tinglərə qulluq edirik. Zəhmət və xərc çox istəyir".

Yaxınlıqda sənaye malları satılır. Orada qaloş və müxtəlif ayaqqabılar da var. Satıcı qadın deyir ki, hələ heç nə satmayıb: "Bazarda hamı ərzaq alır. Biz çarəsizlikdən bura mal gətirmişik. Bəlkə satıla...".

İran qaloşu elə də baha deyil
İran qaloşu elə də baha deyil

"Rayonları gəzib corab satıram"

Lənkəran rayonundan olan Aqşin Əliyev isə corab satır, cütü 50 qəpik. Deyir ki, çörəkpulu çıxır: "Rayonları gəzib corab satıram. Zavod yox, fabrik yox, iş də yoxdur. Ona görə corab satıb çörəkpulu qazanıram. Yağış başıma dəyir, amma evə əliboş qayda bilmərəm...".

Yağış güclənsə də, nə alıcılar, nə də satıcılar tələsirlər...

XS
SM
MD
LG