Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:51

Astarada seçkiöncəsi gördüklərimiz, eşitdiklərimiz...


79 saylı Astara seçki dairəsinin inzibati binası
79 saylı Astara seçki dairəsinin inzibati binası

79 saylı Astara seçki dairəsində deputatlığa altı namizəd qeydə alınıb. Lakin əksər müşahidə apardığımız seçki məntəqələrinin önündə qoyulan lövhələrdə üç namizədin şəkili gözə dəyir. Kəndlərdə təşviqat lövhələrində isə, əsasən, bir nəfərin- hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədinin şəkili var. Lakin lövhələrin qarşısında ayaq saxlayıb müşahidə aparan heç bir seçici gözə dəymir.

"Şəkilini lövhəyə vurmaqla iş bitmir"

Söhbət etdiyimiz sakinlərin əksəriyyəti əllərini yelləyib yollarına davam edirlər. Seçki məntəqələri, əsasən, məktəblərdə yerləşdirilib. Divarlarda seçkinin vaxtını bildirən plakatlar asılıb. Səsverməyə çağırış edən plakatları başqa yerlərdə görmədik. Yoldan keçən sakinlərdən birinə seçki ilə bağlı suallar verdik. O, adının çəkilməsini istəmədi, amma dedi ki, bəzi namizəd üçün görüşləri yerli hakimiyyət təşkil edir: "Namizədlərin çoxunu tanımıram. Şəkilini lövhəyə vurmaqla iş bitmir".

"Belə zəif təşviqat görməmişəm"

Kənarda durub söhbətimizə qulaq asan başqa birisi isə vurğulayır ki, seçkiyə maraq azdır: "Evlərə bildiriş paylayırlar. Elə adamlar var ki, bildirişi qəbul etmir, ya da cırıb atır. Avqustun 9-dan başlayan təşviqat çox zəifdir. Seçki məntəqələrinə məktub gəlib. Büdcə təşkilatlarında işləyənlərə, dövlət idarələrində çalışanlara namizədlərin təbliğatını qadağan ediblər. Belə zəif təşviqat görməmişəm".

Amma seçkidən maraqla danışanlar da var. Astara şəhər sakini, ortayaşlı, adının çəkilməsini istəməyən bir qadın səsverməyə hazır olduğunu deyir: "Seçkilərin keçirilməsi ilə bağlı məlumatlar kifayət qədərdir. Elan ediblər ki, Milli Məclisə namizədlərdən birinin şəhər mədəniyyət evində seçicilər ilə görüşü nəzərdə tutulub. Görüşə gedəcəyəm. Suallarım var. Səsverməyə də gedəcəyəm".

Astara şəhər sakini Nəcməddin Məmmədov isə deyir ki, rayonda təşviqat birtərəfli aparılır: "Bəzi namizədin görüş keçirməsinə kömək edirlər. İcra hakimiyyəti aparatında işləyən biri belə bir görüşdə olub. Oradaki şəkilləri sosial şəbəkələrdə paylaşıb. Sonra da həmin şəkilləri götürdülər".

77 saylı Lənkəran şəhər seçki dairəsinin 21 saylı seçki məntəqəsi dəmiryol vağzalında yerləşir.
77 saylı Lənkəran şəhər seçki dairəsinin 21 saylı seçki məntəqəsi dəmiryol vağzalında yerləşir.

"Kənd sakinləri deyir ki, artıq deputat seçilib"

Astara rayonunun Seləkəran kənd sakini Mikayil Əhmədov da deyir ki, seçki onlar üçün maraq kəsb etmir: "Seçki məntəqəsində bir-iki plakat vurulub. Kənd sakinləri deyir ki, artıq deputat seçilib, ona görə də adamlarda maraq azdır. Hərənin problem var. Nə seçki?! Onun bizə nə xeyri?!".

Həmin şəxs əlavə edir ki, onun üçün təsərrüfat daha maraqlıdır, nəinki seçki: "Rayonda örüş yeri yoxdur. Deputat Milli Məclisdə danışan dilimiz olmalıdır. Ona görə belə seçkiyə maraq aşağıdır".

"Yüzlərlə tələbə təhsil haqqını ödəyə bilmir"

Jurnalist, əslən Masallıdan olan Zahir Əmənov isə deyir ki, illər keçir, əsasən, eyni adamlar hər dəfə deputat seçilirlər: "Amma problemlər qalır. Astara-Lənkəran iqtisadi rayonuna daxil olan altı rayonun hamısında mərkəzi futbol stadionu bərbad vəziyyətdədir. Elə rayon var ki, ümumiyyətlə, stadionu yoxdur. Bölgədə minlərlə insanın haqqı pozulur. Yüzlərlə tələbə təhsil haqqını ödəyə bilmir. Rayon mərkəzlərində kanalizasiya yoxdur və sair. Bunlara susan millət vəkilləri təkrar necə seçilə bilər?".

Bəzi namizəddən isə şikayət eşidilir. Məsələn, 78 saylı Lənkəran kənd seçki dairəsində namizədlərdən birinin sözlərinə görə, Lüvəsər kəndində sakinlərlə görüşünə imkan verilməyib.

Komissiyalar və başqa rəsmilər nə deyir?

78 saylı Lənkəran kənd dairə seçki komissiyasının sədri Əlövsət Rufiyev deyir ki, namizədin şikayəti varsa, yuxarı təşkilatlara etsin: "Əlində əsası varsa, getsin şikayət versin. Dairə onun üçün yer ayırıb, qrafiki də ona təqdim etmişik. Dairədən asılı bir iş deyil. Ona biz baxmırıq, rayon icra hakimiyyəti baxır. Biz sadəcə görüş yerlərini qrafika salırıq. Nəzarət onlardadır. Bu məsələ səlahiyyətimizdə deyil".

79 saylı Astara seçki dairəsindən isə bildirirlər ki, namizədlərdən, vətəndaşlardan onlara şikayət daxil olmayıb. Onu da əlavə edirlər ki, dairədə 500-dən çox müşahidəçi qeydə alınıb.

Astara rayon İcra Hakimiyyəti Aparatından isə deyirlər ki, seçkiyə hər hansı müdaxilə etmirlər: "Məntəqələrdə texniki işləri görürük. Seçkiyə qarışmırıq".

Xatırlatma

Azərbaycanda sentyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin olunub. 125 yer üçün mindən çox namizəd mübarizə aparır. Parlament seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi. Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransını (COP29) səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.

Bundan beş il əvvəl də YAP parlamentin özünü buraxması və erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Onda partiya bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi. Nəticədə parlament seçkiləri vaxtından altı ay əvvəl baş tutmuşdu. Sonradan əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi bir çoxlarının tənqidinə səbəb olmuşdu.

Bu il Azərbaycanda prezident seçkisi də növbədənkənar keçirilib. Əslində qanunla 2025-ci ildə baş tutmalı olan həmin seçkinin önə çəkilməsi isə Dağlıq Qarabağda suverenliyin bərpası ilə izah edilmişdi.

XS
SM
MD
LG