Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:39

Astarada təndir çörəyi bişirən xanımın şikayəti...


Gülxarə Axundova
Gülxarə Axundova

Astara şəhər sakıni Gülxarə Axundova təndirdə çörək bişirib satır. Amma şikayətlənir ki, bu təndiri də ona çox görənlər var.

Axundovanın sözlərinə görə, səhhətində də ciddi problemlər var, bir ayağı zədəlidir, bir əli yaxşı işləmir, üstəlik, başqa ağrıları da var. Onun bildirməsinə görə, Astara şəhər Bələdiyyəsinin nümayəndəsi və tanımadığı bir nəfər ondan polisə şikayət də edib. Vurğulamasına görə, ona məxsus təndirxananın bağlanmasını, torpaqdan əl çəkməsini istəyirlər. O deyir ki, təndiri əlindən alsalar, dilənçi vəziyyətinə düşər: "Gündə 20 ədəd çörək bişirirəm, altı ədədini mağazaya verirəm, qalanlarını təndir başında satıram. Bir ədəd 50 kiloqramlıq un kisəsini beş gün bişirirəm. Gündə mənə 3-4 manat qalır. Mən o 3-4 manatla dolanıram. 10 ildən yuxarıdır burada çörək bişirirəm, mənə dəyib-dolaşan olmayıb. Ötən ilin noyabrından məni boğaza yığıblar. Oğlum belə vəziyyəti görüb Bakıya işləməyə getdi. Həyat yoldaşım rəhmətə gedib. Evdə tək yaşayıram".

Təndir
Təndir

69-yaşlı Gülxara Axundova aldığı pensiyanı isə dərmanlara verdiyini bildirir: "325 manat pensiya alıram. Hamısı dərmana gedir. Ayda bir dəfə bir kiloqram ət alıram. Əmək fəaliyyətinə başqasının adı altında 11 yaşından başlamışam. Atam müəllim idi. Səkkiz nəfərdən ibarət ailəni saxlamaqda çətinlik çəkirdi. Sovetlər ləğv olundu, işlədiyim sovxoz da ləğv olundu. Aclıq çəkirdik. Gördüm ki, bizim ağır vəziyyətimiz heç kimi maraqlandırmır...".

"Yaydır, istidir, təndirin alovu da adamı yandırır"

Deməsinə görə, dolanışıq üçün məcbur qalıb bu təndiri tikdirib: "Səhər gün çıxmamış durub çörək bişirirəm. İşim gecə saat 11-12-dək çəkir. Yaydır, istidir, təndirin alovu da adamı yandırır. Başqasına möhtac olmaqdan yaxşıdır. Buna da imkan vermirlər".

Kaverin küçəsində yaşadığı binanın qarşısında çirkab suları üçün anbar tikilib. Onun sözlərinə görə, bina baxımsızlıqdan dağılır: "Bina 1970-ci illərdə tikilib. Çoxuşaqlı ailə olduğumuza görə bu mənzili atama veriblər. Burada səkkiz ailə yaşayır, hamı kasıbdır. Bina tikiləndə kanalizasiyası və su xətti çəkilməyib. Mənzillərdə ayaqyolu da tikməyiblər. Hərə özünə imkan daxilində su çəkib, ayaqyolu tikib. Elə ailə var ki, mənzilində ayaqyolu yoxdur...".

Binada səkkiz ailə yaşayır
Binada səkkiz ailə yaşayır

"Varlı məmurlar üçün hər şey olar, bizə təndirxana olmaz?"

Axundova antisanitariya vəziyyətinin yarandığını deyir: "Biabırçılıqdır. Bunları görmürlər, ancaq mənim təndirxanamı görürlər. Varlı məmurlar üçün hər şey olar, bizə təndirxana da olmaz?".

O əlavə edir ki, onun mənzili ikinci mərtəbədədir, aşağı mərtəbədə yaşayan qonşular təndirin sökülməsini istəyirlər: "Etiraz etmirəm. Yaxınlıqda torpağım var. Təndirxananı ora aparmaq istəyirəm. Bələdiyyə ilə şəhər nümayəndəliyi qoymur. Məndən sənədin əslini istədilər, verdim. Oranı təmizlədik, abad etdik".

"Evdə olmamışam polis gəlib"

Onun sözlərinə görə, qarşılaşdığı problemlərlə bağlı dəfələrlə şikayət edib, lakin şikayətinə baxan olmayıb: "Guya, mən bələdiyyə nümayəndəsini döymüşəm. Xəstə adamam. Ayaq üstə çətinliklə qalıram. Belə vəziyyətdə onu necə döyə bilərəm? Evdə olmamışam, polis gəlib. Getdim prokurorluğa, orada səhhətim pisləşdi, gətirdilər evə. Onlara məktub göndərmişəm".

Balkonda ayaqyolu tikilib
Balkonda ayaqyolu tikilib

"Ona kömək etmək istəyirik"

Bu deyilənlərlə bağlı yerli hüquq-mühafizə orqanları ilə danışmaq mümkün olmayıb. Amma Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsi Şahverən Cavadın sözlərinə görə, Gülxara Axundovanın dediyi torpaq dövlətə məxsusdur: "Təndirlə bağlı ona bir söz deməmişik. Mən gecə gəlmişəm rayona. Onun dediyi torpaq sahəsi isə dövlətə məxsusdur, ümumi istifadədə olan torpaqdır. Sovet dövründə orada binada yaşayanlar üçün ayaqyolu tikilib, sonra dağılıb. Dövlət torpağını almaq üçün də qaydalar var. Ona kömək etmək istəyirik".

"Sadəcə ona təklif vermişik ki..."

Astara şəhər Bələdiyyəsinin adının çəkilməsini istəməyən bir nümayəndəsi də Axundovanı polisə vermələri ilə bağlı onun dediklərini təkzib edir: "Yallan məlumatdır. Onun yol kənarında dövlətə məxsus, ümumi istifadədə olan torpaqda təndirxanası var. Sadəcə ona təklif vermişik ki, təndirxanaya əl gəzdirsin, biz də ona kömək edək. Onun istədiyi torpaq isə bələdiyyənin deyil. Bələdiyyənin olsaydı, başqa məsələ... Özü üçün çörəkpulu qazanır".

Astarada təndir kəsən kişilər
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00
Direct-ə keçid

XS
SM
MD
LG