Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:44

'AtaHolding' əvvəlcə şirkətlərin adlarını dəyişdi, sonra ləğv etdi


AtaHolding-in loqosu
AtaHolding-in loqosu

Holdinqin əvvəllər açıqladığı hesabatlarda deyilirdi ki, Bakıda Süleyman Rüstəm küçəsi, ev 9 ünvanında yerləşən bir çox şirkətləri fəaliyyət göstərmir. Bu baxımdan onların ləğv edilməsi anlaşılandır. Avqust ayında «AtaHolding» daha iki şirkətinin ləğv edildiyini açıqlamışdı.

Screenshort: "Vergilər" qəzeti, 7 sentyabr 2017-ci il
Screenshort: "Vergilər" qəzeti, 7 sentyabr 2017-ci il

Onların da adları «Ata» ilə başlayırdı

Ləğvi haqqında qərar verilən üç şirkət («Akast» MMC, «Alet» MMC və «Qersa» MMC) 2005-ci ildə yaradılıb. Holdinq bu şirkətləri təsis edərkən onlara firma adının bir parçasını da vermişdi. Vergilər Nazirliyinin məlumat bazasında vergi ödəyicilərinin eyniləşdirmə nömrələri ilə tutuşdurduqda, bu şirkətlərin ilkin adlarının «AtaMarketinq», «Ata Treydinq» MMC və «AtaAqro» MMC olduğu üzə çıxır. Hər üç şirkətə Nazim Əliyev rəhbərlik edir. O, həm də «AtaHolding» MMC-nin Qərb filialının (VÖEN 8500233411) rəhbəridir. Nazim Əliyev «Synergy Group» MMC-yə daxil olan şirkətin – «Zəyəm Texnologiyalar Parkı» ASC-nin icraçı direktoru olub.

Holdinqin rəhbərliyi ləğv öncəsi bu şirkətlərin adlarının nədən dəyişdirildiyi haqda AzadlıqRadiosunun sorğusuna cavab verməyib. Avqust ayında «AtaHolding» MMC-yə daxil olan daha iki şirkətin («SaSa Ət Məhsulları» MMC və «Şəmkir Daş-Çınqıl» MMC) ləğvini start verilmişdi. Bu müəssisələrin də işləmədiyi bildirilirdi.

Screenshort: «Vergilər» qəzeti, 16 avqust 2017-ci il
Screenshort: «Vergilər» qəzeti, 16 avqust 2017-ci il

Holdinqin üç şirkətindən xəbər-ətər yoxdur

Maliyyə hesabatına görə, holdinqin şirkətlərin arasında həm də «AtaTelekom» MMC, «AtaEnerji» MMC və «Ata Neft-Qaz» MMC də varmış. Lakin Kommersiya təşkilatlarının dövlət reyestrində bu şirkətlərin adları artıq yoxdur. Onların ləğv edilməsi haqda da holdinq qanunvericiliyə uyğun şəkildə məlumat verməyib. Qaydalara görə, şirkətin ləğvi haqda məlumatın KİV vasitəsilə elan edilməlidir.

Holdinqin son sahibləri kimdir?

«AtaHolding» 2003-cü ildə açıq səhmdar cəmiyyət kimi təsis olunub. «Turan» İnformasiya Agentliyinin məlumatına görə, təsis olunarkən onun səhmlərinin 85 faizi Britaniyanın «Financial Management» şirkətinə məxsus idi. Qalan səhmlər bərabər şəkildə (hərəyə 5 faiz) «Ata İnşaat» MMC, «AtaSənaye» MMC və «AtaTurizm» MMC arasında bölünmüşdü. 2007-ci ildə səhmlər üç xarici şirkət arasında bölüşdürüldü: Panamada qeydiyyatdan keçmiş «Colton Enterprices S A» (51%) və «Clonmel İnternational İnc» (24%) şirkətləri və «Asbet Ltd» (25% ) şirkəti. Elə həmin il holdinq üzərində nəzarət şirkət Panamanın başqa bir şirkətinə («Hughson Management İnc.») keçdi. Holdinqin 2015-ci ilə aid ən son maliyyə hesabatında səhmdarların strukturu elə bu qaydada qalıb. 2016-cı ildə holdinq açıq səhmdar cəmiyyətindən məhdud məsuliyyətli cəmiyyətə çevrildi.

Holdinqin maliyyə hesabatlarında ona Heydər Əliyevin - prezident İlham Əliyevin oğlunun nəzarət etdiyi yazılır. Şirkətin nizamnamə kapitalı 125 milyon manatdan çoxdur.

«AtaHolding» iki iri layihədən gedib

Hazırda holdinqə «AtaBank» ASC, «AtaLizinq» ASC, «Atasığorta» ASC, «AtaSekyuriti» MMC, «AtaQida» MMC, «AtaTurizm» MMC, «AtaTexnologiya» MMC, «AtaTravel» MMC,«Ataİnşaat» MMC, «Şəmkir Quşçuluq» MMC, «İnterservis Estate» MMC (Exelsior Hotel Baku) daxildir. Bu il «AtaHoldinq» iki iri maliyyə layihəsindəki paylarını satıb. Bunlar «Azerbaijan Global İnvestments» MMC-dəki 33 faizlik pay (Monteneqroda Azərbaycana məxsus iri turizm və otelçilik şirkəti) və «Bank VTB (Azərbaycan)» ASC-də 49 faizlik paydır.

XS
SM
MD
LG