Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:37

Ermənilərin şikayətinə görə Praqada Atatürkə abidə qoyulmayacaq – Çex mediası


Türkiyənin Praqadakı səfirliyi
Türkiyənin Praqadakı səfirliyi

Praqanın hakimiyyət orqanları Çexiya Respublikasının paytaxtında müasir Türkiyənin banisi Mustafa Kemal Atatürkə abidə qoyulmasına dair Ankaranın müraciətini rədd edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Çexiya mediasına istinadla yazır ki, bundan əvvəl ölkənin erməni icması Praqa bələdiyyəsinə şikayət məktubu yazmışdı.

Məktubda “ermənilərin və yunanların soyqırımında təqsirkar sayılan bir şəxsə” abidə qoyulmasından imtina edilməsi rica olunurdu.

Türkiyə bu payızda Respublikanın 100 illik yubileyini qeyd edəcək və Atatürkə Praqanın 6-cı rayonunda heykəl qoyulması planı da bayram tədbirlərindən biri olmalıydı.

Karlovı Varıda da imkan verilməmişdi

Çexiyanın Prague Morning saytı bugünlərdə yazmışdı ki, şəhər bələdiyyəsi Türkiyənin ricasını nəzərdən keçirir.

Saytın yazdığına görə səkkiz il bundan əvvəl Atatürkə Karlovı Varı şəhərində heykəl qoyulması planı da erməni icmasının şikayət və etirazlarına görə baş tutmamışdı.

Bu da qeyd olunurdu ki, bu ilin əvvəllərində Türkiyənin Çex Respublikasındakı səfiri Egemen Bağış Praqanın 6-cı rayonunun başçısı Yakub Starka və onun müavini Vaslav Kojeni ilə görüşərək abidə qoyulması məsələsini müzakirə edib.

Sayt yazır ki, əldə olunmuş razılaşmaya əsasən abidə Ankarská və Na Větrník küçələrinin kəsişməsindəki parkda qoyulmalı idi.

Abidənin hündürlüyü 3 metr, postamentin hündürlüyü isə metr yarın olmalıydı.

“Ziddiyyətli şəxsiyyət”

Prague Morning saytı yazır ki, Mustafa Kemal Atatürk müasir Türkiyə Respublikasının banisidir. O 1923-cü ildən 1938-ci ildə ölümünə qədər ölkənin ilk prezidenti olub.

Saytın yazdığına görə Atatürk Türkiyədə və dünyanın bir çox yerlərində 20-ci əsrin ən mühüm siyasətçilərindən biri kimi yad edilsə də, ziddiyyətli fiqur olaraq qalır.

Bəzi tarixçilər ölkədə “türkləşdirmə siyasəti” aparan Atatürkü yunanların, assuriyalı və ermənilərin “etnik təmizlənməsində” ittiham edirlər.

Bununla belə ermənilərin soyqırım adlandırdıqları hadisələr Atatürkün hakimiyyətindən əvvəl, 1915-ci ildə Osmanlı Türkiyəsində baş verib.

Türkiyə ermənilərin soyqırıma məruz qaldıqlarını inkar edir və bildirir ki, bu hadisələr I Dünya Müharibəsi zamanı erməni siyasi qruplaşmalarının fəaliyyəti nəticəsində baş verib.

Prague Morning yazır ki, Praqadakı Türkiyə səfirliyi onun sorğusuna cavab verməyib.

Azatutyun yazır ki, bundan əvvəl ABŞ ermənilərinin səyləri ilə Disney Plus Atatürk haqqında sənədli filmin planlaşdırılmış translyasiyasını ləğv edib.

Rəsmi Ankara bununla bağlı qəti etirazını bildirib.

XS
SM
MD
LG