Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:34

Atletlər işi: 'Bunlar tam şişirdilmiş, qondarma ittihamlardır'


Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri

►“Deyirlər, toxunmayın, iş belə getməlidir”

"Bunlar tam şişirdilmiş, uydurma, qondarma ittihamlardır. Bu, dövlət səviyyəsində iş olduğuna görə nələrisə qorxub gizlətmək, deməmək doğru deyil. İstintaqa vəsatət veririk, cavab verirlər ki, "bunlara toxunmayın, deməyin, iş belə getməlidir". Bu, nə deməkdir?!"

Bunu ötən il Bakıda keçirilən Avropa Oyunları zamanı avstriyalı atletlərin vurulması ilə nəticələnmiş yol qəzasına görə məsuliyyətə cəlb olunanlardan biri - Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Regional Şöbəsinin sərnişin daşımalarının tənzimlənməsi sektorunun məsləhətçisi Fərid Əmiraslanovun vəkili Gülşən Salmanova məhkəmədə çıxışında deyib.

“O SÜRÜCÜ QƏHRƏMANLIQ ETSƏYDİ...”

Bakı Ağır Cinayətlər Məhkəməsində bu qəza ilə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb, prokuror dörd təqsirləndirilən şəxsə 3 ildən 7 ilə qədər həbs cəzası istəyib. Hazırda prosesdə vəkillərin çıxışı mərhələsidir.

İyulun 11-də keçirilən məhkəmə iclasında vəkillərdən Gülşən Salmanova çıxış edərək deyib ki, müdafiə etdiyi şəxsə qarşı ittihamlar sübuta yetirilməyib. Fərid Əmiraslanovun heç bir cinayət törətmədiyini deyən vəkil hesab edir ki, ona bəraət verilməlidir:

"İttihama görə, Fərid Əmiraslanov vəzifəsinə vicdansızcasına səhlənkar yanaşaraq, sürücü Vəli Əhmədovun adını Avropa Oyunlarında xidmət göstərəcək sürücülərin siyahısından çıxarmayıb və nəticədə belə bir hadisə baş verib. Məhkəmədə də bəlli oldu ki, hansı sürücülərin iştirak edib-etməməsi məsələsini Milli Təhlükəsizlik Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti müəyyənləşdirib. Daha sonra Fərid Əmiraslanova hazır siyahılar göndərilib və onları kompüterə daxil etmək tapşırılıb. O da bu işi görüb. O da aydın oldu ki, iki dəfə siyahı göndərilib. Birinci siyahıda yoxlama zamanı adları çıxarılanlar arasında Vəli Əhmədovun da adı olub. Amma ikinci siyahıda çıxarılmalı adamlar arasında onun adı olmayıb. Fərid Əmiraslanov cinayətin subyekti deyil. Hətta Vəli Əhmədovun adının siyahıdan çıxarılmamasında onun rolu olsaydı belə, hardan bilə bilərdi ki, bu adamın işə qəbul olunması sonradan belə bir qəza ilə nəticələnəcək? Əgər həmin sürücü qəhrəmanlıq eləsəydi, buna görə Fərid Əmiraslanova "sağ ol" deyəcəkdilərmi?"

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

'ƏDALƏTSİZLİYİN GÖSTƏRİCİSİ'

Verena Breit, Vanessa Sahinovic və Luna Pajer
Verena Breit, Vanessa Sahinovic və Luna Pajer

Vəkil qeyd edib ki, prokurorun Fərid Əmiraslanova CM-nin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulmuş ən ağır cəzanı - beş il həbs istəməsi ədalətsizliyin göstəricisidir.

Məhkəmə prosesi iyulun 22-də davam edəcək.

Xatırladaq ki, 2015-ci il iyunun 11-də "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq, Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breyti vurub.

Bu hadisə ilə əlaqədar məhkəmə qarşısına dörd nəfər çıxarılıb, onların arasında avtobusun sürücüsü Vəli Əhmədovla yanaşı, Nizami Rayon Polis İdarəsinin "Təhlükəsiz Şəhər" Xidmətinin keçmiş əməkdaşı Elçin Həsənov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi olmuş Hüseyn Salamov, Xidmətin Bakı Regional şöbəsinin məsləhətçisi Fərid Əmiraslanov da var.

Polis əməkdaşı qəza baş verərkən "Təhlükəsiz şəhər" kameralarının lentə aldığı görüntüləri yaydığına görə cəzalandırılıb və ona CM-nin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə ittiham verilib. Digərlərindən fərqli olaraq, Fərid Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib.

XS
SM
MD
LG