Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:46

XİN Ramil Səfərovla bağlı qərara münasibət bildirib


R.Səfərov Macarıstan məhkəməsində. 2006
R.Səfərov Macarıstan məhkəməsində. 2006

"Məhkəmə əslində Ermənistanın əsas niyyətini təmin etməyib".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) "Makuçyan və Minasyan Azərbaycanla Macarıstana qarşı" qərarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir.

XİN rəsmisi vurğulayıb ki, AİHM qərarda Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin maddi aspektinin Azərbaycan hökuməti tərəfindən pozulmadığını müəyyən edib: "Yəni, Avropa Məhkəməsinin gəldiyi nəticəyə görə, Ramil Səfərov əməllərin törədilməsi zamanı fərdi qaydada çıxış edib və Azərbaycan hökumətini təmsil etməyib. Beləliklə də, Azərbaycan hökuməti bu əməllərə görə beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz".

L.Abdullayevanın fikrincə, məhkəmə R.Səfərovun Azərbaycanın 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Cəbrayıl rayonunda anadan olduğunu nəzərə almalı idi.

L.Abdullayeva onu da qeyd edib ki, əfv olunma dünya təcrübəsində istifadə edilən bir haldır və Azərbaycan Konstitusiyasına əsasən, dövlət başçısının əfv etmək səlahiyyəti var: "…Bütün bəlaların kökündə Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və bu siyasətin hələ də öz həllini tapmamış nəticələri durur".

Onun fikrincə, yaxşı olardı ki, AİHM Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini və R.Səfərovun məhz məcburi köçkün olduğunu qərar ilə bağlı yaydığı məlumatında qeyd edərdi.

"Azərbaycan "Ramil Səfərov işi" ilə bağlı şikayət verə bilər"
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

AİHM: Azərbaycan Ramil Səfərovu buraxmaqla yanlış hərəkət edib

Avropa İnsan Haqları Məhkəməsi (AHİM) bildirir ki, Azərbaycan Macarıstanda NATO-nun təlimi zamanı ermənistanlı həmkarını öldürməkdə təqsirli bilinən Ramil Səfərovu azadlığa buraxmaqla yanlışa yol verib.

Məhkəmə mayın 26-da çıxardığı qərarda bildirir ki, Azərbaycan hakimiyyətinin Ramil Səfərovun cəzasını qüvvədə saxlamamasının, “ağır nifrət cinayətinə görə ona toxunulmazlıq verməsinin” əsaslandırması olmayıb.

Səfərov Gurgen Margarian-ı qətlə yetirdiyini etiraf etmiş, ermənistanlı hərbçinin ölkəsini “təhqir etdiyini” bildirmişdi.

AHİM-in qərarında vurğulanır ki, ərizəçilər Ramil Səfərovun əfvinin, onun xeyrinə qəbul olunan digər qərarların etnik motivli olmasına yetərincə dəlil təqdim ediblər. Dəlillər sırasında “xüsusilə onun davranışını dəstəkləyən yüksəkçinli məmurların bəyanatları, bu hərəkətin Ermənistan əsgərlərinə qarşı yönəldiyi, Azərbaycan Prezidentinin vebsaytında Ramil Səfərova xüsusi səhifə həsr olunduğu” göstərilir.

Məhkəmə Azərbaycanın Səfərovun hərəkətlərinə “açıq şəkildə dəstəkləməsinə” baxmayaraq, ölkənin “şəxsi qərar”a görə məsuliyyət daşıdığını bəyan etmir.

AHİM Macarıstanın ekstradisiya qərarına haqq qazandırır, həmin ölkədə məhkəmələrin “yaxşı əsaslandırılmış” qərarlar çıxardığını bildirir, qeyd olunur ki, ekstradisiya “Avropa Şurasının Məhkum Olunmuş Şəxslərin Transferi Konvensiyasında nəzərdə tutulmuş prosedura tam uyğun olub”.

***

Avropa Məhkəməsi Ramil Səfərovun işi ilə bağlı qərarı elan etdi

Bu gün, mayın 26-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2012-ci ildə Macarıstandan ekstradisiya olunan Azərbaycan hərbçisi Ramil Səfərovla bağlı qərarını elan edib.

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib. Onun deməsinə görə, AİHM hesab edib ki, "Makuçyan və Minasyan Azərbaycanla Macarıstana qarşı" işində Avropa Konvensiyanın 2-ci (yaşamaq) və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib.

Hüquqşünas vurğulayıb ki, qərara görə, nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci (Məhkəmə işinin araşdırılması) maddəsinə əməl ediblər və tələb olunan sənədləri məhkəməyə təqdim etməyiblər.

X.Ağalıyev deyib ki, Azərbaycan ərizəçilərə 15 min 143.33 funt strerling təzminat ödəməlidir. Onun bildirməsinə görə, təzminat xərc və məsrəflərə görədir:

"Məhkəmə bu tələbi qəbul etməyib…"

"Bu işdə ərizəçilər maddi və mənəvi zərər əvəzi tələb irəli sürməmişdilər. Onlar tələb etmişdilər ki, AİHM Azərbaycanın üzərinə R.Səfərovun əfv edilməsi ilə bağlı əfv fərmanın ləğv olunması barədə ümumi tədbir məcburiyyəti qoysun. Məhkəmə isə bu tələbi qəbul etməyib və öz qərarında bununla bağlı qeyd edib ki, işin hallarının işığında Azərbaycana münasibətdə hər hansı ümumi və ya fərdi tədbirlərin görülməsi öhdəliyini məqsədəuyğun saymır. Yəni, AİHM-nin qərarı qüvvəyə minəndə hər bir dövlət o qərarı necə icra edəcəyi ilə bağlı fəaliyyət planını Avropa Şurasının Nazirlər Komitəsinə təqdim edir. Məhkəmə də hesab etdi ki, Azərbaycan bu işi üzrə qərarın icrası ilə bağlı fəaliyyət planını özü müəyyən edir".

Hüquqşünasın vurğulamasına görə, AİHM-ə şikayət edən Qurqen Markaryanın ailəsi iddia edib ki, R.Səfərovun Azərbaycanda əfv edilməsi Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb.


Eyni zamanda, AİHM qarşısında ayrıseçkiliyin qadağan olunması hüququ (Maddə 14 (ekstradisiya edilmiş hərbçinin əfv edilməsi, rütbə verilməsi ilə etnik məzmunlu nifrət iddiası) və Maddə 38 (dövlətin səmərəli təhqiqat üçün zəruri şəraiti yaratması) pozuntusunu mübahisələndirmişdilər: "Ərizəçilər bundan əlavə, R.Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu iddia edirdilər".

Bu qərara, hələlik, Azərbaycan, Macarıstan rəsmilərindən və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ramil Səfərovun 2004-cü ildə Macarıstanın Budapeşt şəhərində keçirilən hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etdiyi bildirilən zabit Qurqen Markaryanı qətlə yetirdiyi deyilir. Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il aprelin 13-də çıxartdığı hökm ilə o, ömürlük azadlıqdan məhrum edilmişdi.

2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə R.Səfərovu bu ölkəyə təhvil verib. Həmin ilin avqustun 31-də o, prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə hər iki tərəfdən tələfatlar olub.

Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG