Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:38

Avropa Parlamenti Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul etdi


Arxiv fotosu
Arxiv fotosu

Avropa Parlamentində bu dəqiqələrdə jurnalist Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı qətnamə layihəsi səsə qoyularaq qəbul olundu.

+++

Avropa Parlamentində müzakirəni canlı şəkildə bu linkdə izləyə bilərsiz

****

Avropa Parlamentində iyunun 15-də Azərbaycanla bağlı müzakirəyə təqdim olunacaq yekun qətnamə layihəsi yayılıb.

Müzakirə jurnalist Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı keçiriləcək. Yekun olaraq qətnamə qəbul olunmalıdır.

Əvvəlcə altı deputat qrupu (Yaşıllar, sağ mərkəzçi EPP, mühafizəkar ECR, liberal ALDE, sosial-demokrat S&D və sol GUE qrupları) ayrıca qətnamə layihələri hazırlamışdılar.

Sonda onlar yekun qətnamə layihəsi hazırlayıblar.

Qətnamə layihəsində deyilir ki, araşdırmaçı jurnalist Əfqan Muxtarlı Tbilisidə mayın 29-da yoxa çıxıb və bir neçə saat sonra Bakıda peyda olub.

“Vəkili deyir ki, Əfqan Muxtarlını naməlum adamlar tutub, onlar Gürcüstanın kriminal polisinin uniformasında imişlər, jurnalisti maşına basıblar, döyüblər və maşını Azərbaycan sərhəddinə sürüblər. Üstünə 10 min avro pul qoyublar”.

Layihədə deyilir ki, Gürcüstan İnsan Haqları üzrə Avropa Konvensiyasının tərəfdar dövlətidir və onun ərazisində yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, onların güclə vətənə aparılmasının qarşısını almaq məsuliyyəti var.

Halbuki, Azərbaycan vətəndaşlarına tez-tez yaşama izni verməkdən imtina olunur.

Sənəd Əfqan Muxtarlının oğurlandığını bildirir və bunu kəskin şəkildə pisləyir, bunu insan haqlarının ciddi şəkildə pozulması adlandırır.

Layihə Gürcüstan hakimiyyətinin, Gürcüstan dövlətinin bu hadisə ilə bağlı olması barədə bütün şübhələrə aydınlıq gətirilməsi üçün bütün mümkün addımların atılmasının vacib olduğunu bildirir.

Sənəddə deyilir ki, Gürcüstan hakimiyyəti, bu ölkədə yaşayan 3-cü ölkə vətəndaşlarına və ya öz ölkəsində siyasi və ya insan haqları fəaliyyətinə görə təqib olunaraq siyasi sığınacaq istəyənlərin təhlükəsizliyini təmin etməlidir.

Azərbaycan hakimiyyətinə müraciət edilir ki, təxisəsalınmaz qaydada Əfqan Muxtarlıya qarşı bütün ittihamları ləğv etsin və jurnalisti azadlığa buraxsın.

Sənəddə deyilir ki, hüquq müdafiəçiləri Leyla Yunus və Arif Yunus Hollandiyada sığınacaq aldıqları halda mayın 17-də verilən məhkəmə qərarı ilə onlardan Azərbaycana qayıtmaq tələb olunur.

Sənəddə həmçinin bloqqer və ictimai fəal Mehman Qələndərlinin aprelin 28-də, həbsxanada baş vermiş ölümünü araşdırmağa çağırır.

Sənəddə həmçinin digər siyasi məhbus sayılan şəxslərin, İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Seymur Həzi, Qiyas İbrahimov, Mehman Hüseynov, Bayram Məmmədov, İlqar Məmmədov, Araz Quliyev, Tofiq Həsənli, Elgiz Qəhrəmanov, Əfqan Sadıqov və digərlərinin azadlığa buraxılması tələb olunur, İntiqam Əliyev və Xədicə İsmayılovaya qarşı bütün ittihamların ləğv olunması tələb olunur.

Layihə Avropa Birliyi və Azərbaycan arasında yeni əməkdaşlıqla bağlı razılaşmanı yada salıb bildirir ki, demokratik islahatlar, qanunun alililiyi, yaxşı dövlət idarəçiliyi, insan haqları və fundamental azadlıqlar - yeni razılaşmanın kökündə dayanır, yada salır ki, yeni razılaşmadan əvvəl danışıqlar boyunca situasiyanı yaxından monitorinq edəcək.

***

Avropa Parlamenti iyunun 15-də jurnalist Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı məsələni müzakirə edəcək və yekun olaraq qətnamə qəbul olunmalıdır.

Hələlik altı belə qətnamə layihəsi təklif olunub. Qətnamə layihələrini Avropa Parlamentinin altı deputat qrupu ayrı-ayrılıqda təklif edib. Bunlar Yaşıllar, sağ mərkəzçi EPP, mühafizəkar ECR, liberal ALDE, sosial-demokrat S&D və sol GUE qruplarıdır.

Bunlardan GUE istisna olunmaqla, qalan beş qrup parlamentə ümumi müzakirəyə çıxarmazdan öncə öz layihələrini birləşdirib bir sənədlə çıxış etməyə çalışırlar.

Təklif olunan qrupların layihələrinin məzmunu aşağıdakı kimidir:

ECR - Avropa Mühafizəkarları və İslahatçıları:

«Avropa Mühafizəkarları və İslahatçıları» adlı ECR qrupun təklif etdiyi layihədə deyilir ki, Əfqan Muxtarlıya qarşı ittihamlar dərhal götürülməli və o, şərtsiz azad olunmalıdır. Həmçinin layihədə deyilir ki, Azərbaycanda həbsdə olan digər hüquq müdafiəçiləri, jurnalistlər də azadlığa buraxılmalıdır, o cümlədən İlqar Məmmədov və Mehman Hüseynov.

ALDE - Avropa Naminə Liberalların və Demokratların Alyansı:

«Avropa Naminə Liberalların və Demokratların Alyansı» adlı ALDE qrupun layihəsində isə Gürcüstanın yadına salınır ki, İnsan Haqları üzrə Konvensiyanı imzalayan Gürcüstan işgəncə, qeyri-insani davranış gözləyə bilən insanı Azərbaycana verə bilməzdi. Gürcüstan həmçinin, belə insanları ölkədən çıxara və deportasiya da edə bilməz.

Gürcüstan parlamentində aksiya
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

ALDE qrupu həbsdən azad olunmalı 17 siyasi, ictimai fəalı adbaad sadalayır və həmçinin təklif edir ki, İntiqam Əliyev, Xədicə İsmayıl və başqalarına ölkədən çıxmağa qadağa götürülsün.

Layihədə Azərbaycan media, ifadə, toplaşma azadlıqlarına hörmət qoymağa çağırılır.

EPP - Avropa Xalq Partiyası:

«Avropa Xalq Partiyası» adlı EPP qrupun layihəsində Azərbaycanda insan haqları ilə bağlı durumun pisləşməsindən ciddi narahatlıq bildirilir. Əfqan Muxtarlının həbsi kəskin pislənilir. Azərbaycan hakimiyyətinin tənqidçiləri xaricdə də hədəfə almasından, sıxışdırmasından dərin narahatlıq bildirilir. Söz azadlığına qarşı basqılar da kəskin pislənilir və deyilir ki, Azərbaycan ifadə azadlığını beynəlxalq standartlara uyğun təmin etməlidir.

VERTS/ALE - Avropanın Azad Yaşıllar Alyansı:

«Avropanın Azad Yaşıllar Alyansı» adlı VERTS/ALE qrupunun layihəsində Əfqan Muxtarlının Gürcüstandan oğurlandığı qeyd edilir və onun Azərbaycan verilməsi «qanunsuz» adlandırılır.

Layihədə deyilir ki, Gürcüstan bu ölkəyə sığınanların qorunmasını təmin etməlidir.

Azərbaycan hakimiyyətinə isə təkid olunur ki, müstəqil vətəndaş cəmiyyəti qruplarının maneəsiz fəaliyyətini təmin etsin.

GUE/NGL - Avropanın Birləşmiş Solçuları-Şimal Yaşıl Solçular:

«Avropanın Birləşmiş Solçuları-Şimal Yaşıl Solçular» adlı GUE/NGL qrupun layihəsində deyilir ki, həbsdə olan bütün siyasi və ictimai fəallar, jurnalistlər dərhal və şərtsiz azad olunmalıdır.

Bloqqer və ictimai fəal Mehman Qələndərovun həbsdə ölməsinin tam, açıq, şəffaf və tərəfsiz istintaqı aparılmalıdır.

Layihədə həmçinin deyilir ki, QHT-lərin dondurulmuş bank hesabları açılmalı, Azərbaycan qanunlarına uyğun olaraq QHT-lərin xarici maliyyələşməyə çıxışına imkan verilməlidir.

Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

S&D - Sosial-demokratlar:

Sosial-demokratların S&D qrupunun layihəsində deyilir ki, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət durmadan pisləşir və bu geniş Avrasiyada son 10 ildə ən pis geriləmələrdən biridir.

Göz qorxutma, repressiyalar güclənir. Həbsxanalarda fiziki zorakılıq, işgəncə, jurnalistlərin, QHT rəhbərlərinin, müxalifət nümayəndələrinin kriminal ittihamla təqib olunması artır.

Layihədə deyilir ki, həbsdə olan və səhhəti pisləşən jurnalistlər və siyasi məhbuslar təcili azad olunmalıdır.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Onun dediyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Jurnalist həmçinin bildirir ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların iddiasına görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifidir.

İnsan haqları fəalları Azərbaycanda 100-dən çox siyasi məhbus olduğunu bildirirlər. Siyasi Məhbusları Müdafiə Mərkəzinin siyahısında artıq 165 nəfərin adı var. Amma Azərbaycan rəsmiləri bu ittihamları qəbul etmirlər. Bugünlərdə prezident İlham Əliyev də qeyd edib ki, Azərbaycanda bütün azadlıqlar, o cümlədən siyasi, ifadə, sərbəst toplaşma, mətbuat və internet azadlıqları hərtərəfli təmin olunub.

Rəsmilər israrla bildirirlər ki, Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib edilmir, siyasi məhbus kimi təqdim edilən şəxslər isə konkret cinayət əməlinə görə cəzalanıblar.

Hələlik Avropa Parlamentində bu müzakirələrlə bağlı Bakının hər hansı reaksiyası məlum deyil.

XS
SM
MD
LG