Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:33

Avropada bəzi ölkələr qismən lokdauna gedir


Arxiv fotosu
Arxiv fotosu

Son həftələr Avropada artan yoluxma sayı səhiyyə sistemlərinin yüklənməsi riskilə bağlı əndişələri artırıb

Noyabrın 12-də Niderland hökuməti bu həftəsonu qismən lokdauna gedəcəyini bildirib.

Yeni tədbirlərə görə üç həftə ərzində restoran, bar və supermarketlər axşam saat 8-də bağlanacaq, idman yarışları tamaşaçısız keçiriləcək.

Baş nazir Mark Rutte deyib ki, hökumət “virusa çox ağır zərbə vurmağa hazırlaşır”.

Qərbi Avropanın bu ölkəsində yaydan bəri koronavirusa yoluxmalar artmaqdadır. Avropanın bir sıra ölkələrində də oxşar durum yaranıb.

Ölkənin ictimai səhiyyə institutunun noyabrın 11-də elan etməsinə görə, pandemiya başlanandan yoluxmalarda ən yüksək hədd qeydə alınıb. Son 24 saat ərzində 16 min 364 yeni yoluxma aşkarlanıb ki, bu da bir gün öncəkindən 3 min 688 yoluxma çoxdur.

Niderlandda yetkin yaşlıların 84 faizindən çoxunun tam peyvənd olunmasına baxmayaraq yoluxmalarda artım yaşanır.

Son həftələr Avropada artan yoluxma sayı səhiyyə sistemlərinin yüklənməsi riskilə bağlı əndişələri artırıb.

Britaniya

Britaniyada noyabrın 12-də koronavirusa 40 min 375 yoluxma və 145 ölüm qeydə alınıb.

Bu rəqəm bir gün əvvəl müvafiq olaraq 42 min 408 və 195 idi.

Bir həftə əvvəl isə 34 min yoluxma və 193 ölüm halı qeydə alınmışdı.

Bu isə o deməkdir ki, orta hesabla son həftə ərzində yoluxmalar 6.5, ölüm halları isə 8.9 faiz azalıb.

Noyabrın 11-ə olan məlumata görə 36 min 383 nəfərə COVID-19-a qarşı vaksinin birinci dozası vurulub. Başqa sözlərlə Britaniyada indiyədək 50.5 milyon nəfər ilk doza vaksinini qəbul edib.

Bu da xəbər verilir ki, indiyədək 46 milyon nəfər tam peyvənd olunub və 371 min nəfərə üçüncü və ya buster doza vurulub.

Baş nazir Boris Conson deyib:

"Mən Avropanın bir sıra yerlərinin başı üzərində tufan buludları görürəm və adamlara açıq deməliyəm ki, biz bunun nə olduğunu görmüşük və bilirik ki, dalğa gələndə nə olur”.

Baş nazir indi əsas diqqətin üçüncü dozaya yönəldilməsinin mühümlüyünü vurğulayıb.

Almaniya

Noyabrın 11-də Almaniyada da rekord sayda yoluxma qeydə alınıb. Asiya-Sakit Okean biznes sammitində çıxış edən Kansler Angela Merkel, ölkədə pandemiyanın dördüncü dalğasının tüğyan etdiyi bir dönəmdə diqqəti peyvənd olunmayanlara yönəldib.

Vəzifədən getməkdə olan Merkelin sözlərinə görə, adamlar cəmiyyət qarşısında digərlərini qorumaq öhdəliklərini dərk etməlidirlər:

“Vaksinlənmək hüququmuzun olduğu aydındır, bu, böyük xoşbəxtlik, elm və texnologiyanın böyük uğurudur. Amma mənim həm də cəmiyyəti qorumaqla bağlı müəyyən öhdəliyim var”, – Merkel videolink vasitəsilə çıxışında deyib.

Peyvənd olunmamış şəxslər virusu immun sistemi zəif daha yaşlılara ötürə, onlar isə vaksin vurdurmaqlarına baxmayaraq sonucda reanimasiyaya yerləşdirilə bilərlər.

Avstriya

Noyabrın 12-də Avstriya hökuməti yoluxmaların şiddətli tüğyan etdiyi regionlarda karantin elan edib.

Yeni karantin qaydaları vaksin olunmayanlara restoranlara, otellərə, bərbər salonlarına və böyük ictimai tədbirlərə getməyi qadağan edir.

Bundan əvvəl kansler Aleksandr Şallenberq peyvənd olunmayanlar üçün lokdaunun “qaçılmaz ola biləcəyini” demişdi:

“Üçdə birin tərəddüdünə görə üçdə ikinin niyə azadlığını itirməli olduğunu anlamıram. Fikrimcə, peyvənd olunmayanlarla həmrəyliyə görə vakinlənənlər lokdauna girməməlidir”, – kansler deyib.

Şallenberq ötən ay deyirdi ki, yoluxmalar artarsa peyvənd etdirməyənlər yeni lokdaun qadağaları ilə üzləşə bilərlər.

Avstriya son həftələr COVID-19-un yayılmasını önləmək üçün bir sıra addımlar atıb. Peyvənd vurdurmayanların restoranlara, otellərə, gözəllik salonlarına, böyük ictimai tədbirlərə girişi yasaqlanıb.

Rusiya

Rusiyanın koronavirusa qarşı işçi qrupu QR kodları sistemini genişləndirməyi hədəfləyən qanunvericilik hazırlandığını açıqlayıb. Bu sistemdən ictimai nəqliyyata, kafe və mağazalara girişdə istifadə olunur. Yalnız vaksinlənmiş, virusdan təzəlikcə sağalmış, yaxud 72 saatdan az olmayan müddəti əhatələyən mənfi koronavirus testi verənlərin girişinə icazə verilir.

Rusiyada COVID-19-a yoluxmalar və ölüm hallarında pik yaşanır. Noyabrın 11-də açıqlanmış məlumata görə, son 24 saat ərzində 40 min 759 yoluxma, 1237 ölüm aşkarlanıb.

***

Rusiyada COVID-19-dan gündəlik ölü sayı artıq dördüncü gündür 1200-ü keçir.

Koronavirusla mübarizə mərkəzinin noyabrın 12-də açıqladığı məlumata görə, son 24 saatda COVID-19-dan 1295 nəfər ölüb, 40 min 123 yeni yoluxma aşkarlanıb.

Xəstəxanaların dolduğu, ölkənin səhiyyə sistemində gərginlik yarandığı bildirilir.

Oktyabrın 30-dan noyabrın 7-dək Rusiyada ödənişli tətil günləri elan olunub. Yaşlıların evdə qalmasına göstəriş verilib, şirkət işçilərinin 30 faizinin evdən işləməsi tələb edilir.

Rəsmilər yoluxmaların artmasını rusiyalıların peyvənd vurdurmağa könülsüz yanaşması ilə izah edirlər. Əhalinin üçdə birinin vaksinləndiyi bildirilir.

Pandemiya başlanandan koronavirusa 8.99 milyondan çox yoluxma, 253 minə yaxın ölüm aşkarlanıb.

Tənqidçilər rəsmilərin daha böyük ölü sayını gizlətməyə çalışmaqla xəstəxanalarda təhlükə vəziyyəti gücləndirdiyini deyirlər.

XS
SM
MD
LG