Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:41

Köhnə avtomobillərin təsliminə görə nə qədər ödəniş veriləcək?


Kran Sovet dövründən qalma "Moskviç" avtomobilini emal edir.
Kran Sovet dövründən qalma "Moskviç" avtomobilini emal edir.

Fevralın 1-dən Azərbaycanda "Nəqliyyat vasitələrinin utilizasiyası fondu"nun yaradılmasına dair prezident sərəncamı qüvvəyə minib. Beləcə, nəqliyyat vasitələrinin utilizasiyası fonduna vəsaitlərin köçürülməsinə başlanılıb. Utilizasiya haqqı deyərkən, köhnə avtomobillərin istifadəsinə və idxalına görə avtomobil sahiblərindən alınan əlavə ödəniş nəzərdə tutulur. Bu ödəniş hesabına hökumət avtomobil parkının gəncləşdirilməsi ilə bağlı fəaliyyətini maliyyələşdirmək şansı qazanır. Belə ki, fonda yığılmış vəsait hesabına köhnə avtomobillərin təhvili üçün həmin avtomobillərin sahiblərinə yeni avtomobil alışında güzəştlər və ya birbaşa ödənişlər nəzərdə tutulur.

Fonda nə qədər pul yığılacaq?

Utilizasiya haqqının hesablanması və ödənilməsinə dair qaydalarda bildirilir ki, avtomobillərə hər dövlət texniki baxışı zamanı avtomobilin istehsal və buraxılış ili dörd ildən 10 ilədək olduqda - 10 manat, 10 ildən 20 ilədək olduqda - 20 manat, 20 ildən 30 ilədək olduqda - 30 manat, 30 il və daha çox olduqda 40 manat utilizasiya haqqı ödəniləcək. İstehsal tarixi dörd ilədək olan avtomobillər üçün utilizasiya haqqı nəzərdə tutulmur.

Dövlət Statistika Komitəsinin (DSK) ötən il açıqladığı sonuncu rəqəmlərə görə, Azərbaycandakı avtomobillərin toplam sayı təxminən 1.4 milyonu ötür. Onların cəmi 5 faizinin yaşı beş ildən azdır. Avtomobillərin 12 faizinin yaşı 5-10 il arası, 38 faizinin yaşı 10-20 il arası, 45 faizinin yaşı isə 20-dən çoxdur. DSK-nın yaş bölgüsü ilə utilizasiya haqqının ödənilməsi ilə bağlı yaş bölgüsü tam üst-üstə düşmədiyindən hər il fonda nə qədər məbləğin daxil olacağını dəqiq hesablamaq mümkün deyil. Amma avtomobillərin yaş bölgüsü əsasında DSK-nın təxmini hesablaması göstərir ki, fonda ildə təxminən 25-30 milyon manata yaxın vəsait daxil olacaq.

Üstəlik, hazırda ölkədə olan avtomobillərlə yanaşı, ölkəyə gətirilən avtomobillər üçün də utilizasiya haqqı alınacaq. Buraxılış tarixi dörd-yeddi il olan avtomobillərin idxalında 400 manat, buraxılış ili yeddi ili aşan avtomobillərin idxalında isə 700 manat utilizasiya haqqı ödəniləcək.

'Sovet maşınları'ndan niyə yaxa qurtarmaq olmur?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Rəsmi qurumlar ölkəyə gətirilən avtomobillərin yaş strukturunu açıqlamır. Amma nəzərə almaq lazımdır ki, ötən ildən bəri yaşı 10-dan çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılıb. 2023-cü ildə Azərbaycana 96 min avtomobil gətirilib. Hesablama göstərir ki, son illərin idxal ortalamasına nisbətdə avtomobillərin idxalından alınan utilizasiya haqqı hesabına hər il təxminən 45-50 milyon manat toplana bilər. Deməli, hər il fonda, azı, 75-80 milyon manat daxil olacaq. Başqa sözlə, dövlət yeni sərəncamla avtomobil sahiblərinin hesabına 80 milyon manat qazanacaq.

Vəsait necə xərclənəcək?

Utilizasiya prosesinə dair qaydalarda köhnə avtomobillərini təhvil verən şəxslərə iki formada maddi qazanc təklif edilir. Nəqliyyat vasitələrini utilizasiyaya verənlər yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrini satın aldıqda onlara satışda güzəşt tətbiq ediləcək. Eyni zamanda, şəxs öz seçimi əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin satın alınmasında güzəştin əvəzinə daha az həcmdə birdəfəlik ödəniş ala biləcək. Güzəşt və ya birdəfəlik ödəniş məbləğlərini əldə etmək üçün nəqliyyat vasitələrini utilizasiyaya verənlərə utilizatorlar tərəfindən öncədən təsdiqləyici sənəd veriləcək. Utilizasiyaya verilən hər nəqliyyat vasitəsinə görə yalnız bir təsdiqləyici sənəd veriləcək və bu sənəd üç il müddətində qüvvədə olmaqla, yalnız bir dəfə istifadə üçün nəzərdə tutulacaq.

Güzəşt məbləğləri kvadrisikl (müxtəlif motosiklet və mopedlər) və təkərləri dörddən az olan nəqliyyat vasitələri üçün 200 manat, oturacaq yerlərinin sayı (sürücü oturacağını saymamaqla) səkkizi keçməyən və sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələri üçün 1500 manat olacaq. Deməli, köhnə avtomobilini utilizasiyaya verən şəxsləri Azərbaycanda istehsal edilən avtomobil alarsa, həmin avtomobilin dəyərinə bu məbləğdə endirim əldə edəcək. Bu şəxslər güzəşt yox, birdəfəlik ödəmə istəsə, o zaman onlara yuxarıda qeyd edilən məbləğlərin 70 faizi ödəniləcək.

Naz-Lifan sürücüsü: "Prezidentin bu maşından xəbəri yoxdur"
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Yük avtomobillərinə gəlincə, icazə verilən maksimum kütləsi 3.5 tondan yuxarı, lakin 12 tondan aşağı olan və yükdaşımada istifadə olunan nəqliyyat vasitələri üçün 2000 manat, icazə verilən maksimum kütləsi 12 tonu aşan və yükdaşımada istifadə edilən nəqliyyat vasitələri üçün 3000 manat güzəşt və ya bu məbləğlərin 70 faizi miqdarında birdəfəlik ödəniş veriləcək.

Yerli maşınlara maraq artacaq?

Məbləğlərdən göründüyü kimi, avtomobillərini utilizasiyaya verən avtomobil sahibləri ya Azərbaycanda istehsal ediləcək avtomobillərin alışında 1500-3000 manat aralığında güzəşt, ya da 1050-2100 manat aralığında birdəfəlik ödəniş əldə edə biləcək. Yaradılan mexanizmdən görünür ki, hökumət utilizasiya mexanizmindən Azərbaycanda istehsal edilən avtomobillərin satışını artırmaq mexanizmi kimi yararlanmaq istəyir. Ancaq o da var ki, həmin avtomobillərin rəqabət qabiliyyətinin yüksək olmaması bu avtomobillərə marağı azaldıb. Əslində bu avtomobillər heç Azərbaycanda istehsal edilmir, sadəcə xarici ölkələrdə istehsal edilən hissələr Azərbaycanda birləşdirilir. Bu baxımdan, avtomobil istehsalı indiyədək Azərbaycan iqtisadiyyatında elə də önəmli dəyər yarada bilməyib. Görünür, hökumət ölkədəki müəssisələrdə yığılan avtomobillərə marağı artırmaq üçün inzibati metodlardan yararlanacaq. Xatırlatmağa dəyər ki, ötən il Azərbaycana istehsal müddəti 10 ili aşan avtomobillərin idxalı yasaqlanıb və yerli istehsal avtomobillərinə tətbiq edilən ƏDV də 10 il müddətinə aradan qaldırılıb.

XS
SM
MD
LG