Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:53

Nazirlik: "Əli Kərimli AXCP adından çıxış edə bilməz"


Əli Kərimli
Əli Kərimli

►AXCP-nin Ədliyyə Nazirliyinə qarşı iddiası təmin olunmayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ədliyyə Nazirliyinə qarşı ötən ilin dekabrında qaldırdığı iddiaya martın 30-da 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb.

Bu iş üzrə dəfələrlə məhkəmə iclası təyin olunsa da, cavabdeh tərəf olan Ədliyyə Nazirliyinin nümayəndəsi iştirak etmədiyindən proses təxirə salınırdı.

Budəfəki məhkəmə iclasında nazirliyi təmsil edən Nəsimi Quliyev bildirib ki, İnzibatı-İqtisad Məhkəməsi bu iddiaya baxa bilməz. Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna əsaslanan nümayəndənin sözlərinə görə, şikayət birbaşa apellyasiya məhkəməsinə verilməli idi.

“SÖHBƏT PARTİYANIN QEYDİYYATINDAN GETMİR”

Nəsimi Quliyev eyni zamanda, AXCP ilə yanaşı, partiyanın sədri Əli Kərimlinin də iddiaçı qismində tanınmasına etiraz edib.

O bildirib ki, Əli Kərimlinin partiyanın sədri seçilməsinə dair son qurultayın nəticələri dövlət qeydiyyatına alınmayıb, ona görə də AXCP sədri kimi partiyanın adından iddia qaldıra bilməz.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Ədliyyə Nazirliyinin nümayəndəsi məhkəmədən iddianın qəbuledilməz sayılması barədə qərar çıxarılmasını istəyib.

Səməd Rəhimli
Səməd Rəhimli

AXCP-nin nümayəndəsi Səməd Rəhimli isə qanunvericilikdəki hüquqi normaları sadalayaraq əsaslandırıb ki, iddiaya bu məhkəmədə baxılmalıdır. O bildirib ki, iddianın mümkünsüz sayılması üçün heç bir əsas yoxdur. Çünki burada söhbət partiyanın qeydiyyatdan keçirilməsindən yox, yeni faktların – AXCP-nin ötən ilin sentyabrında keçirilən qurultayının nəticələrinin qeydə alınmasından gedir.

Əli Kərimlinin iddiaçı qismində çıxış etməsinə gəlincə, Səməd Rəhimli nazirlik nümayəndəsinin yanaşmasının doğru olmadığını bildirib. Deyib ki, əvvəla, istənilən fiziki və ya hüquqi şəxsin məhkəməyə müraciət etmək hüququ var. Digər tərəfdən, partiyanın son qurultayında Əli Kərimli yenidən AXCP sədri seçilib və həm də bu faktın qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət olunub.

İDDİA TƏMİN OLUNMAYIB

Hakim Elçin Məmmədov qısa müşavirədən sonra iddianın mümkünsüz sayılması barədə qərarı elan edib.

AXCP-nin nümayəndəsi Səməd Rəhimli bildirib ki, qərardaddan apellyasiya şikayəti veriləcək.

Ədliyyə Nazirliyi AXCP-nin sentyabrın 27-də keçirdiyi qurultayın nəticələrini qeydə almaqdan imtina edib. İmtinaya səbəb kimi, bir müddət əvvəl AXCP-dən ayrılmış Razi Nurullayevin də AXCP "Etimad qurultayı" adı ilə sənəd təqdim etməsi göstərilib. Nazirlik "eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd müraciətlərin daxil olduğunu nəzərə alaraq" AXCP-nin qurultayının nəticələrinə dair sənədləri geri qaytarıb. İmtina qərarında AXCP-yə mübahisəli məsələnin həlli üçün məhkəməyə müraciət etmək tövsiyə olunub.

AXCP-nin iddia ərizəsində Ədliyyə Nazirliyinin imtina qərarının qanunsuz hesab olunması və partiyanın qurultayının nəticələrinə dair məlumatların dövlət reyestrinə daxil edilməsi barədə qərar çıxarılması xahiş olunur.

Eyni adda iki partiya... Bəs sonra?
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

XS
SM
MD
LG