Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:41

AzadlıqRadiosunun prezidenti jurnalistə hücumu pisləyir


Aytən Məmmədova
Aytən Məmmədova

AzadlıqRadiosunun prezidenti Ceymi Flay jurnalist Aytən Məmmədovaya hücumu qətiyyətlə pisləyib:

“Mən ştatdankənar müxbirimizin qeyri-məqbul formada təhdid olunmasını sərt bir şəkildə pisləyirəm. Bu hərəkət açıq-aşkar onun mühüm bir hadisə barədə yazmasının qarşısını almaq niyyəti güdür. Biz Azərbaycan hakimiyyətini bu hücumu araşdırmağa və junalistləri qısnanmadan müdafiə etməyə çağırırıq”.

ABŞ səfirliyi jurnalist Aytən Məmmədovaya hücumu pisləyir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi jurnalist Aytən Məmmədovaya hücumu pisləyib.

Bu barədə səfirliyin yaydığı məlumatda bildirilir.

Məlumatda vurğulanıb ki, bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün ( mayın 3-ü) qeyd olunmasından cəmi bir həftə sonra baş verib:

"Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq".

AŞPA məruzəçisi jurnalistə hücumla bağlı araşdırmanı izləyəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Stefan Şennak jurnalist Aytən Məmmədovaya hücumun araşdırılmasını izləyəcək.

Bu barədə "Turan"a AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi S.Şennak özü bildirib: "Bu xəbəri eşidəndə şok oldum".

Onun sözlərinə görə, tezliklə AŞPA-ya Azərbaycanla bağlı hesabat yazmalıdırlar: "Biz hökuməti dinləyəcəyik, nə edəcəklər. Biz aydın fəaliyyət və addımlar görmək istəyirik. Dövlət jurnalistləri və azad mətbuatı qorumalıdır".

Jurnalistə bıçaqla hücuma görə cinayət işi başlanıb

"Jurnalist Aytən Məmmədovanın naməlum şəxsin bıçaqla hücumuna məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir". Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Kütləvi informasiya vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Turan"a bildirib. E.Hacıyev deyib ki, A.Məmmədova Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib. Şöbə rəisinin vurğulamasına görə, onun diqqətinə çatdırılıb ki, fakt üzrə bütün zəruri tədbirlər icra olunur.

O habelə bildirib ki, Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb: "Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir".

Aytən Məmmədova Bakı polis idarəsində olub

Dünən, mayın 8-də bıçaqla hücuma məruz qalan jurnalist Aytən Məmmədova mayın 9-da səhər saatlarında Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.

Bu barədə AzadlıqRadiosuna jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, idarədə rəis müavininin qəbulunda olub: "Digər vəzifəli şəxslər də görüşdə iştirak etdi. Mənə bildirildi ki, işin araşdırılması istiqamətində müəyyən addımlar atılıb. Hazırda araşdırma davam edir".

A.Məmmədova deyib ki, səhər saatlarında ekspertizaya getməli olsa da, BŞBPİ-dən dəvət əsasında əvvəlcə həmin idarədə olub.

Jurnalist Aytən Məmmədova bıçaqla təhdid olunub

Jurnalist Aytən Məmmədova mayın 8-də axşam naməlum şəxsin hücumuna məruz qalıb. Jurnalist hücumun hazırda məhkəmədə araşdırılan, 10 yaşlı Nərmin Quliyevanın qətli işi ilə əlaqəli ola biləcəyini güman edir.

Hadisə ötən gecə Binəqədi rayonu, 9-cu mikrorayonda baş verib. Aytən Məmmədova yaşadığı binanın liftinə daxil olanda ortayaşlı bir kişinin hücumuna məruz qalıb.

Aytən Məmmədovanın boğazında xəsarət izləri qalıb
Aytən Məmmədovanın boğazında xəsarət izləri qalıb

“Boğazımdan sıxa-sıxa dedi ki, 'sən ağıllanmadın?' Qızımın ünvanına təhdid xarakterli söz işlətdi”, – jurnalist hadisəni belə nəql edir. Həmin şəxs jurnalisti adını çəkmədiyi məhkəmə işinə görə hədələyərək yazmamasını tələb edib.

Məmmədovanın boğazında iki xəsarət izi qalıb.

Nərmin Quliyevanın ölüm işi: İlkin Süleymanov işgəncə aldığını deyir
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

102 xidmətinə müraciət edən jurnalist ötən gecə polisə ifadə verib, mayın 9-da tibbi ekspertizadan keçəcək.

Məmmədova təxminən bir ay öncə ev telefonuna zəng gəldiyini, qızıyla bağlı təhdid olunduğunu deyir.

Hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsi Nərmin Quliyevanın 2019-cu ilin sonunda Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlanması, iki ay sonra kənddə yandırılmış meyitin tapılmasını araşdırır. Azyaşlının qətlində kənd sakini İlkin Süleymanov təqsirləndirilsə də, özü cinayəti günlərlə çəkmiş işgəncələr nəticəsində boynuna götürməyə məcbur olduğunu deyir. Müdafiə tərəfi məhkəmədə dindirilən şahidlərin təlimatlandırıldığını, cinayətin ört-basdır olunduğunu iddia edirlər.

Aytən Məmmədova bu prosesi mütəmadi işıqlandıran jurnalistlərdən biridir, sosial mediada bu haqda paylaşımlar edir.

Jurnalist AzadlıqRadiosuna deyib ki, bu olayın üstünün açılmasını istəməyən müəyyən qüvvələrin olduğunu düşünür və təhdid olunması da bununla bağlı ola bilər.

Azərbaycan ötən il Sərhədsiz Reportyorlar Təşkilatının mətbuat azadlığı indeksində 180 ölkə içində 154-cü yeri tutub, ölkədə mətbuat azadlığının vəziyyəti “çox ağır” hesab olunub.

Hakimiyyət təmsilçiləri isə ölkədə mətbuat azadlığının tam təmin olunduğunu deyirlər.

XS
SM
MD
LG