Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:38

Ötən il Azərbaycana yatırılan birbaşa xarici investisiyalar 66 faiz azalıb


Dünyada iqtisadi fəaliyyətə tətbiq edilən məhdudiyyətlər iqtisadi fəaliyyəti zəiflədib
Dünyada iqtisadi fəaliyyətə tətbiq edilən məhdudiyyətlər iqtisadi fəaliyyəti zəiflədib

Qlobal investisiyaların həcmində 35 faizə yaxın azalma

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) "Dünya İnvestisiya Hesabatı – 2021" (World Investment Report – 2021) adlı hesabatını yayımlayıb. Hesabatda COVID-19 pandemiyasının birbaşa xarici investisiyalara da ciddi təsiri qeyd edilib. Bu üzdən, ötən il dünyada qeydə alınan birbaşa xarici investisiyaların məbləği əvvəlki illə müqayisədə 35 faizədək azalıb. 2019-cu ildə dünyada investisiya məbləği 1.5 trilyon dollar idisə, ötən il bu rəqəm 1 trilyon dolların altına enib. Bu, 2008-ci ildəki qlobal maliyyə böhranından bəri qeydə alınan ən aşağı göstəricidir.

Hesabatda qlobal investisiyaların azalması iki əsas səbəbə bağlanır. Bunlardan ilki bütün dünyada iqtisadi fəaliyyətə tətbiq edilən məhdudiyyətlərin iqtisadi fəaliyyəti zəiflətməsidir. Nəticədə şirkətlər xərclərini yenidən gözdən keçirməyə məcbur qaldıqlarından mövcud investisiya layihələrini də yenidən qiymətləndirməli olublar. Digər tərəfdən, iqtisadi fəaliyyətin gələcək baxımından bəlirsizliyi yeni investisiya qərarlarına təsir göstərən amil sayılıb.

Zəngin ölkələrə yatırılan investisiyalar daha çox azalıb

Qlobal investisiyalarla bağlı daha bir diqqətçəkən məqam gəlişmiş ölkələrdəki azalmanın gəlişən iqtisadiyyatlarla müqayisədə daha böyük miqyasda olmasıdır. Hesabatda qeyd edilir ki, inkişaf etmiş ölkələrə yatırılan birbaşa xarici investisiyaların həcmi ötən il 2019-cu illə müqayisədə 58 faiz azalıb. İnkişaf etməkdə olan ölkələrdə isə bu azalmanın səviyyəsi cəmi 8 faizdir. İnkişaf etməkdə olan ölkələrdə azalmanın nisbətən aşağı olması özəlliklə bəzi Asiya ölkələrinə yatırılan investisiyaların artmasından qaynaqlanır.

Birbaşa xarici investisiyaların həcmində ən çox azalma qeydə alınan regionlardan biri Avropadır. Burada il ərzində birbaşa xarici investisiyaların məbləği təxminən 80 faizə yaxın azalaraq 72.5 milyard dollar olub.

İngiltərədə də xarici investisiyalar yarıdan çox azalaraq 45.4 milyard dollardan 19.7 milyard dollara geriləyib. Digər regionlardan Şimali Amerikada azalmanın həcmi 42 faizə, Latın Amerikasında 45 faizə, Afrikada 16 faizə bərabər olub.

Ancaq pandemiya ilində qlobal birbaşa xarici investisiyaların həcmində artım qeydə alınan ölkələr də yox deyil. Özəlliklə ABŞ-dan sonra dünyanın ən böyük ikinci iqtisadiyyatı sayılan Çindəki artım diqqət çəkir. Pandemiyanın çıxış nöqtəsi hesab edilən ölkədə ötən il xarici birbaşa investisiyaların məbləğində 6 faiz artım qeydə alınıb. Çinə yatırılan birbaşa investisiyaların toplam məbləği 149.3 milyard dollara yüksəlib. Digər Asiya ölkəsi Hindistanda da investisiyaların həcmi təxminən 25 faiz artıb və 51 milyard dollardan 64 milyard dollara yüksəlib.

Azərbaycanda durum necədir?

UNCTAD-ın hesabatından aydın olur ki, ötən il Azərbaycana yatırılan xarici birbaşa investisiyaların həcmində də ciddi azalma baş verib. 2019-cu ildə ölkəyə 1 milyard 504 milyon dollar xarici investisiya yatırılmışdısa, ötən il bu rəqəm cəmi 507 milyon dollar olub. Bu, bir il içində 66 faiz azalma deməkdir və dünya ortalamasından təxminən iki dəfə yüksək göstəricidir.

Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiya məbləğində də ciddi azalma baş verib. Xarici ölkələrə 2019-cu ildə 2 milyard 432 milyon dollar, 2020-ci ildə isə 825 milyon dollar investisiya yatırılıb. Bununla belə, Azərbaycan xarici ölkələrə yatırdığı investisiya həcminə görə keçid ölkələri arasında Rusiyadan sonra (6.3 milyard dollar) ikinci ölkə olub. Qurum "keçid ölkələri" bölgüsünə keçmiş Baltikboyu ölkələr istisna olmaqla, sovet respublikalarını, eləcə də Serbiya, Albaniya, Şimali Makedoniya, Bosniya və Herseqovina və Monteneqronu aid edir.

Hesabatda açıqlanan daha bir göstərici ölkə rezidentlərinin xaricdəki kapitalının və xaricdəki müəssisələrə xalis kreditlərinin həcmi ilə bağlıdır. Bu rəqəmlərdən aydın olur ki, hazırda xaricdə Azərbaycana məxsus kapitalın həcmi 26 milyard 825 milyon dollar həcmindədir. 2019-cu ildə bu göstərici 26 milyard 127 milyon dollar idi. Deməli, ötən il boyunca Azərbaycanın xarici ölkələrdəki kapitalının həcmi 700 milyon dollara yaxın artıb.

Xarici ölkə rezidentlərinin Azərbaycandakı kapital və xalis kreditlərin miqdarı isə 2020-ci ildə 32 milyard 787 milyon dollar olub. Bir əvvəlki il həmin göstərici 32 milyard 300 milyon dollar həcmində idi. Yəni, ötən il Azərbaycandakı toplam xarici kapitalın həcmi cəmi 487 milyon dollar artıb.

XS
SM
MD
LG