Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:38

Azərbaycandan 14 milyon funt gətirən ər-arvadın adları bir həftə də məxfi qalacaq


2 funt sterlinqlik sikkə
2 funt sterlinqlik sikkə

Londona Azərbaycandan “pulyuyan maşın” sxemi ilə 14 milyon funt sterlinq gətirməkdə ittiham edilən ər və arvadın adları azı bir həftə də məxfi saxlanacaq.

Adların açıqlanmasını tələb edənlərdən biri – The Evening Standard qəzeti yazır ki, Ali Məhkəmənin hakimi iyunun 3-də cütlüyə adlarının məxfi saxlanmasının zəruriliyini isbat etmək üçün bir az da vaxt verib.

Məqalədə deyilir ki, Britaniya Ali Məhkəməsinin hakimi ər-arvadın bu işə ədliyyə baxışı keçirilməsinə dair vəsatətini rədd edib.

Ötən həftə aşağı instansiya məhkəməsi də bu vəsatəti rədd etmiş və cütlüyün adlarının açıqlanmasına icazə verən hökm çıxarmışdı.

Bununla belə hakim deyib ki, ər-arvadın vəkillərinə öz sübutlarını təqdim etmək üçün imkan verilməlidir.

Hakimin dediyinə görə bu barədə keçiriləcək şifahi dinləmənin günüdən bir həftə keçəndən sonra adlar açıqlana bilər.

İşin “dayandırılması” nə deməkdir?

Qəzet hesab edir ki, artıq hökumət tərəfindən araşdırılması planlaşdırılmış bu işdən və başqa məhkəmə proseslərindən məxfiliyin saxlanması üçün sui-istifadə oluna bilər.

Ötən həftə Uestminister məhkəməsinin hakimi Vanessa Bareyster adların açıqlanmasına dair The Evening Standard qəzetinin və Britaniya Milli Cinayət Agentliyinin (NCA) vəsatətini təmin etmişdi.

Hakim Bareysterin mayın 27-də verdiyi hökmdə deyilirdi ki, Londonda yaşayan cütlüyün kimliyinin gizli saxlanmasının davam etdirilməsi “açıq ədalət” prinsipi ilə ziddiyyət təşkil edir.

Hakim bu hökmü ilə cütlüyün adlarının açıqlanmasına 7 günlük “dayanma” vermişdi. Bu hüquq terminindən qərarın təxirə salınmasının ifadəsi üçün istifadə olunur.

Lakin Ali Məhkəmənin hakimi həmin qərarla tam razı olduğunu bildirsə də, əlavə edib ki, cütlüyə daha bir şifahi dinləmə şansı verilməlidir.

Qərarda deyilir ki, o vaxtadək hakim Bareysterin qərarı “dayandırılır”.

7 kişi, beş model, İbiza…

Milli Cinayət Agentliyi cütlüyü Seyşel adalarından tutmuş Londonun Potters Bar məhəlləsinədək ən müxtəlif yerlərdə “adı yalnız bürünc lövhələrdə olan” şirkətlərin qəliz şəbəkəsindən istifadə etməklə Azərbaycandakı “hakim elitanın” qanunsuz pulunu yumaqda ittiham edir.

NCA iddia edir ki, sözü gedən pul Estoniya və Latviyadakı bank hesablarından Britaniyadakı Coutts, Barclays, Lloyds, Santander və Metro Bank hesablarına köçürülüb.

NCA bundan əvvəl keçirilən dinləmədə iddia etmişdi ki, sözü gedən pulu pərdələmək məqsədilə guya polad alış-verişi ilə bağlı 500 milyon funt sterlinqlik saxta ödəniş tələbnamələri düzəldilib.

Bundan əvvəl keçirilən məhkəmə sənədlərindən məlum olurdu ki, sxemdə adı keçən şirkətlərdən biri 7 kişinin və 5 qadın modelin xüsusi təyyarə ilə İbiza kurortuna aparılmasına 1.6 milyon funt sterlinq xərcləyib.

Sənədlərdən bu da bəlli olub ki, eyni şirkətin hesabından özəl məktəblərə və Britaniyadakı başqa təhsil ocaqlarına da təhsil haqları ödənib.

XS
SM
MD
LG