Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:46

AZAL prezidenti həyat yoldaşı ilə müqavilə bağlayırsa... [araşdırma]


Azərbaycan Beynəlxalq aeroportu
Azərbaycan Beynəlxalq aeroportu

AZAL aviaşirkətinin maliyyə hesabatları Azərbaycanda açıqlanmır. Amma Böyük Britaniyada nümayəndəliyi olan şirkət bunu həmin ölkədə etməyə məcburdur. Britaniyanın şirkətlər reyestrində açıqlanmış son maliyyə hesabatına görə, dövlətə məxsus «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) aktivləri 2015-ci il ərzində 2 milyard dollar «əriyib» və 1,5 milyard dollara düşüb.

Müstəqil auditorun müsbət rəy verdiyi maliyyə hesabatında suallar doğuran təkcə bu məqam deyil.

Buna da bax:​ AZAL-ın qiymətlərini 'Silkway' bahalaşdırır [qısa araşdırma]

AZAL-ın 2009-cu ildə Britaniyada açılan nümayəndəliyinin ortaya qoyduğu hesabatdan görünür ki, 2015-ci ildə aviaşirkətin əsas vəsaitləri 2 milyard 328,7 milyon dollardan 1 milyard 191,9 milyon dollara düşüb. 2009-2014-cü illərdə şirkət maliyyə hesabatını Azərbaycan manatı ilə tərtib etdiyi halda, 2015-ci ilin hesabatındakı göstəricilər ABŞ dolları ilə ifadə olunur. Bir çox ekspertlər hesab edir ki, əsas vəsaitlərin dəyərindəki titrəyiş heç də maliyyə göstəricilərinin valyutasının dəyişməsi ilə bağlı deyil.

Əmlak həmənkidir, qiyməti başqa

Öncəki maliyyə hesabatında 2014-cü ilin sonuna AZAL-ın əsas vəsaitlərinin dəyərinin 41 faiz artaraq, 1 milyard 826,6 milyon manata çatdığı göstərilirdi. Pul vəsaitlərinin hərəkəti hesabatında həmin il sərmayə qoyuluşunun 569 milyon manat olduğu bildirilirdi. Dörd səhifəlik hesabatda yazılmasa da, söhbət çox güman ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksinin istifadəyə verilməsindən, “Boeing 787”, “Dreamliner”, “Embraer-190” və “Embraer-170” təyyarələrinin alınmasından gedir.

Buna da bax: Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]

Hesabatın tərtib olunması standartlarına görə, o, əvvəlki illə müqayisədə əks olunmalıdır. Bu səbəbdən 2015-ci ilin maliyyə hesabatında əvvəlki ilin balans və maliyyə göstəriciləri ABŞ dolları ilə ifadə olunub. 2014-cü ildə manat dollardan daha «güclü» olduğundan, həmin ilin sonuna əsas vəsaitlərin dəyəri dolların məzənnəsinə (1 manat = 0,78 dollar) bölünməklə 2 milyard 328,7 milyon dollar təyin edilib. Növbəti il Azərbaycanda milli valyuta kəskin şəkildə, təxminən 2 dəfə dəyərdən düşdü. Maliyyə hesabatında bu, əsas vəsaitlərin birdən-birə 1 milyard 136,8 milyon dollar dəyər itirməsi ilə nəticələnib. Amma səbəb doğurdan da budurmu? Manatın dəyərsizləşməsi AZAL-ın aktivlərinin də dəyər itirməsi ilə sonuclanmalı idimi? Axı, əmlak elə həminkidir...

AZAL-ı yoxlayan suallardan qaçır

AZAL-ın maliyyə hesabatlarına, ən azı, 2009-cu ildən fasiləsiz olaraq auditor rəyi verən «M & J Accuracy Consulting» MMC-nin direktoru və auditoru Elçin Cəfərov AzadlıqRadiosu-nun bu barədə suallarına cavab verməyib. İzahı isə bu olub ki, auditi şirkətin başqa bir auditoru aparıb. Halbuki, 2016-cı ilin iyunun 6-da imzalanmış rəydə auditi onun apardığı qeyd olunub.

Buna da bax:​ Leyla Əliyevanın Azərbaycanda neçə investisiya şirkəti var? [araşdırma]

E.Cəfərov deyib ki, AZAL maliyyə hesabatının müstəqil auditini təkcə onun şirkətinə deyil, həm də «böyük dördlüyə» daxil olan auditor şirkətlərinə tapşırır. O, bu hesabatların surətinin «M & J Accuracy Consulting» MMC-də də olduğunu bildirib.

Auditor: «Manat dəyər itirib, əmlak yox»

«Azaudit» MMC-nin auditoru Afiq İsrafilov deyir ki, maliyyə hesabatının qeydlər hissəsi ilə tanış olmadan əsas vəsaitlərin iki dəfəlik azalmasını birmənalı izah etmək olmaz. Çünki bu, əmlakın satılması, balansdan çıxarılmaqla uzunmüddətli icarəyə verilməsi, silinməsi, köhnəlmə hesablanması nəticəsində də baş verə bilər: «Əgər hesabat valyutası dollardan manata keçmiş olsaydı, məhz bu aspektdən əsas vəsaitlərin manat ifadəsilə dəyər artımını qəbul etmək olardı. Amma dollarla ifadə olunmuş əsas vəsaitləri manatın dəyər itirməsi amilini nəzərə almaqla dollarla iki dəfə «ucuzlaşdırmaq» praktik addım deyil».

Başqa bir maliyyəçi – Davud Məmmədov da deyir ki, kapital aktivləri yenidən qiymətləndirilmir. Belə olduğu halda AZAL-ın balans hesabatında real göstəricilərdən azı 1 milyard dollarlıq kənarlaşmanın olduğunu söyləmək olar.

Buna da bax:​ Məmur övladlarının törətdiyi qəzalar [araşdırma]

AZAL «itirə-itirə uçur»

2016-cı ilin əvvəlinə AZAL-ın 120,6 milyon dollar debitor borcu vardı. Aviaşirkətin həmin dövrə qısamüddətli və uzunmüddətli öhdəlikləri 815,4 milyon dollar idi.

Manatın ucuzlaşması 2015-ci ildə AZAL-a 9 milyon 356 min dollar gəlir qazandırıb. Elə bu səbəbdən də şirkət 8 milyon dollarlıq əməliyyat zərərindən qurtula bilib. Şirkətin 2014-cü ildə 1,6 milyon manat, 2015-ci ildə isə 1 milyon 237 min dollar xalis mənfəət götürüb. Maraqlıdır ki, 2011-2015-ci illərdə AZAL təsərrüfat fəaliyyətini daim zərərlə başa vurub və mənbəyi açıqlanmayan «digər gəlirlər» (2011-ci il – 14,5 milyon, 2012 – 16,2 milyon, 2013 – 20,1 milyon, 2014 – 6 milyon manat və 2015 – 250 min dollar) sayəsində ili mənfəətlə başa vura bilib.

Buna da bax:​ Azərbaycandan ofşora 85 milyonu necə çıxardılar- [Araşdırma]

AZAL beynəlxalq istiqamətlərə bileti baza valyutası Avro olmaqla hesablayaraq manatla satır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-2015-ci illərdə AZAL-ın ölkə xaricinə sərnişin daşımaları sərnişin dövriyyəsinin 70 faizini təşkil edib. Sərnişin daşımalarından gəlirlərini 118 milyondan (2010-cu il) 267 milyon manata – o vaxtkı məzənnə ilə 341 milyon dollara (2014-cü il) çatdıran aviaşirkətin devalvasiyanın baş verdiyi 2015-ci il üzrə müvafiq göstəricisi 187,1 milyon dollara, yaxud təxminən 318,1 milyon manata düşüb. Başqa sözlə, manat hesabı ilə bilet satışından gəlir 51 milyon manat (19 faiz) artıb, amma dollar ifadəsində bunu demək olmur: gəlir 154 milyon dollar - 45 faiz azalıb. Bununla belə, AZAL təyyarələrin istismarına və saxlanmasına çəkilən xərclər nəzərə alınmaqla 2014-cü ildə sərnişin daşınmasından 55,5 milyon dollar, 2015-ci ildə isə 24,3 milyon dollar mənfəət götürə bilib.

«Azərbaycan Hava Yolları» QSC hava limanlarında yanacaq satan inhisarçıdır. Amma hesabatdan görünür ki, AZAL bu fəaliyyətdən 2014-cü ildə 29,2 milyon manat, 2015-ci ildə isə 20,3 milyon dollar zərərə uğrayıb.

Buna da bax:​ Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

AZAL-ın hesabatı haradadır?

Maliyyə hesabatını Azərbaycandan çox-çox uzaqda ingiliscə təqdim edən AZAL rəhbərliyi Azərbaycan ərazisində hesabatlılıq tələblərinə əməl etməyi, deyəsən, heç ağlına belə gətirmir. Həm nizamnaməsinə (5.3-cü bənd), həm də ictimai əhəmiyyətli qurum kimi statusuna uyğun olaraq, aviaşirkət illik konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatını auditor rəyi ilə birlikdə «Şəffaflığın təmin edilməsi üçün» mediada dərc etdirməli, korporativ saytında yerləşdirməlidir. Amma o qanunvericiliyin tələbini pozan yeganə qurum deyil. Onun kimi digər dövlət və özəl şirkətlər («Azərbaycan Dəmir Yolları» QSC, «Azenco» ASC, «Baku Steel Company» MMC, «Silk Way Aviaşirkəti» MMC, «Bakcell» MMC və s.) də illik hesabatlarını ictimaiyyətdən gizli saxlayırlar.

AzadlıqRadiosu AZAL-a sorğu ilə müraciət edərək 2016-cı ilin maliyyə hesabatı ilə tanış olmağa şərait yaratmağı xahiş edib. Sorğu qəbul edilsə də, ona cavab verilməyib.

Buna da bax: Sahibi olan və sahibi bilinməyən Azərbaycan bankları [araşdırma]

Cahangir Əsgərov həyat yoldaşı ilə müqavilə bağlayırsa, nəyi etməyə borcludur?

Rəsmi hesabatlara görə, AZAL prezidenti Cahangir Əsgərovun ailə üzvləri – həyat yoldaşı Zərifə Həmzəyeva, qızları Məlahət və Cəmilə aviaşirkətin infrastrukturundan istifadə edən «Silk Way Holding» şirkətlər qrupunun, qrupa daxil olan sığorta şirkətinin və bankın payçılarıdır. «Azərbaycan Hava Yolları» QSC-nin nizamnaməsində (5.4-1) deyilir ki, cəmiyyətin İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər. Söhbət həmin vəzifəli şəxslərin ailə üzvlərindən, onların iştirakçısı olduğu şirkətlərdən gedir.

Digər diqqət çəkən məqamlardan biri də budur ki, başqa dövlət şirkətlərindən fərqli olaraq, nə «Azərbaycan Hava Yolları» QSC-nin yaradılması haqqında 2008-ci ilin aprelində imzalanmış prezident sərəncamında, nə də şirkətin nizamnaməsində səhmdar kimi dövləti hansı qurumun təmsil etdiyi qeyd olunub. Şirkətin Müşahidə Şurası da yoxdur.

Buna da bax: Əliyevlər devalvasiyadan milyonlar qazandılar [araşdırma]

Nizamnaməyə əsəsən, aidiyyəti şəxslə dəyəri səhmdar cəmiyyətinin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərarı AZAL-ın 7 nəfərdən ibarət İdarə Heyəti qəbul edir. Aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən bu cür müqavilənin (müstəqil auditorun rəyi alınmaqla) bağlanılması haqqında qərarı isə Dövlət Mülki Aviasiya Administrasiyası qəbul edir.

Dövlət Mülki Aviasiya Administrasiyasından da sorğumuza tutarlı cavab almaq mümkün olmayıb. “AZAL prezidenti Cahangir Əsgərovun tutduğu vəzifənin icrası və öz ailə üzvlərinin biznes fəaliyyətinin kəsişməsi ilə bağlı məsələ nə vaxtsa DMAA-da müzakirə olunubmu?” AzadlıqRadiosu-nun bu sualına Administrasiyadan gələn cavabda deyilir ki, sorğu cavablandırmaq üçün “Azərbaycan Hava Yolları” QSC-yə göndərilib.

XS
SM
MD
LG