Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:37

“Gömrük adamın anasın ağladır”


Astara gömrüyü
Astara gömrüyü

“Qarabağda atırlar.Burda isə top-tüfəng atmırlar.Müharibə başqa formada gedir.Yaşayış uğrunda əhali çarpışır.Azərbaycan və İran gömrüyündən gedib-gəlmək müharibədən pisdir.Xüsusən Azərbaycan gömrüyü adamın anasını ağladır. “

Astara keçid məntəqəsinin önündə İrana getmək üçün növbəyə duranlardan biri əli ilə adamları göstərərək, sözünə davam edir:
İrana gedənlər azalıb.

Astara gömrüyü
Astara gömrüyü

“Bu gün İrana getmək istəyənlər azdır. Döyüşlər gedən vaxtlarından bəri azalma var. Axı ölülərimiz var. İş yox. Nə edək? Xırda alverdi də. Çörək pulu.”

Nəzarətçi də İrana gedənlərin sayının azaldığını deyir. O qeyd edir ki, Qarabağda müharibə gedir. Həm də İranda ABŞ dolları qalxıb. Çoxlarına ora getmək sərf etmir:

”Novruz bayramı ərəfəsində İrana gündə 2000 minə yaxın adam keçirdi. İndi isə 700-800 nəfər gedir. Bəzən bunların sayı 400-ə düşür. Xəstələr də var. Ən çox alverə gedirlər. Digər tərəfdən, 15 gündən bir İrana buraxırlar.”

Burda əvvəlki qələbəlikdən əsər-əlamət qalmayıb. Müştəri gözləyən fəhlələr də ,sürücülər də bir tərəfə çəkilib gözləyirlər.

Sərhədyanı ticarətlə məşğul olan Elman Əliyevin deməsinə görə, İrandan piyada qayıdan vətəndaşlardan mal alır. Mağaza mal ilə dolu olsa da alan azdır:

İrana alış-verişə gedənlərin gəliri azalıb

“Bu döyüşlərdən əvvəl də, vəziyyət yaxşı deyildi. Gündən günə pisləşir. Böhrandır da. Bunun müharibəyə dəxli yoxdur. İrandan əsasən paltar yumaq üçün yuyucu toz, xlor, konfetlər, siqaret, xama, pendir, xiyar, pomidor, kartof, ilbiz dərmanı və sairə gətirirlər. Qiymət fərqi cüzidir. Əvvəllər İrana gedib-gəlirdilər, 40-50 manat qazanırdılar. İndi düşüb 10 manata. İran Astarasında tanışım var, tacirdir. O da deyir ki, bizdə də vəziyyət yaxşı deyil ”

Astara gömrüyü
Astara gömrüyü

Elman Əliyevin deməsinə görə, İran Astarasında 1 ABŞ dolları 3500 ,1 manat isə 2150 tüməndir. Dollar qalxdıqca İrana gedənlərin sayı da azalır.

İrandan gələn yük maşınlarının sayının isə artdığı söylənir. Adının çəkilməsini istəməyən bir terminalın işçisinin dediyinə görə, İrandan gündə yüzə yaxın yük maşını çıxır. Onların arasında tranzit yüklər də var:

“Iran gömrüyündə Azərbaycan üçün nəzərdə tutulmuş yük çoxdur. Onların gətirilməsində maniyə var. Oradan kənd təsərrüfatı, ərzaq məhsulları və tikinti materialları gəlir. Rusiyaya gedən maşınlar da var.”

Super marketlərdə bir çox ərzaq məhsulların qiymətlərində ucuzlaşma müşahidə olunur. Mağaza sahibi Araz Hüseynov deyir ki, elə məhsul var qiyməti 50 faiz düşüb. Alıcıların sayı isə azalıb:

Alıcı az, nisyə çoxdur...

“Alver çox aşağıdır. Adamlar əsasən zəruri ərzaq məhsulları alırlar. Adətən hər bayramdan sonra belə olur. Nisyə çoxdur.”

İqtisadçı Vidadi Mirzəyev deyir ki, ölkədə iqtisadi böhran var. Ona görə də qiymətlər oynayır. Onun fikrincə, mağazalarda vaxtı keçməkdə olan məhsulların qiyməti aşağı salınır ki, alınsın .

Vidadi Mirzayev
Vidadi Mirzayev

O deyir ki, manat dollara nisbətdə sabit qalanda istehlak məhsulların qiyməti də dəyişmir. İqtisadçının sözlərinə görə, Qarabağda gedən döyüşlər əhaliyə öz problemlərini bir qədər unutdurub:

“Lakin bu çox çəkməz. Mən inanmıram ki, döyüşlər iqtisadi enişin qarşısını ala bilsin. Hansı şəraitdə olursa olsun, insan çörək yeməlidir. Çörək də iqtisadiyyata bağlıdır ”

Azərbaycan Gömürük Komitəsinin rəsmiləri isə dəfələrlə qeyd ediblər ki, keçid məntəqələrində sahibkarlarla bağlı heç bir problem yoxdur.

Əgər qanunun tələbi gözlənilirsə və rüsum ödənirsə, heç bir sahibkara problem yaradılmır.

XS
SM
MD
LG