Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:53

Moskva-Ankara münaqişəsi Minsk və Bakını qorxuya salıb


Bir sıra təhlilçilər İlham Əliyevin Minskə qəfil səfəri və “Donbas” vasitəçisi Lukaşenko ilə görüşünü Moskva ilə Ankaranı barışdırmaq cəhdi ilə bağlayırlar

BBC Rus xidmətinin Minsk müxbiri Tatyana Melniçuk yazır ki, bir sıra regional təhlilçilər Azərbaycan prezidenti İlham Əliyevin Minskə gözlənilməz və qısamüddətli səfərinin, onun Erdoğan-Putin qarşıdurmasından əndişələnməsi ilə əlaqələndirirlər.

Digər tərəfdən rəsmi Minsk də Ankara və Moskvanı barışdırmaq missiyasını üzərinə götürmək istədiyi barədə işarələr verib.

Belarus dövlət katibi Qriqori Rapota cümə günü deyib ki, onun ölkəsi Rusiya, Ukrayna və Qərb arasında dialoq platforması kimi artıq özünü təsdiq edib və o, Yaxın Şərqlə bağlı problemlərin çözümü üçün də danışıq meydanı ola bilər.

Melniçuk ehtimal edir ki, İlham Əliyevin təyyarəsi məhz bu kimi bəyanatlardan sonra Belarus istiqamətində qanadlanıb.

Bundan əvvəl analitiklər Belarusun təyyarə insidenti ilə bağlı verdiyi bəyanata diqqət yetirmişdilər. Xarici İşlər Nazirliyinin bəyanatında “qardaş Rusiya” və “dost Türkiyə” ifadələri yanaşı işlədilmişdi.

Məqalədə deyilir ki, səfərlə bağlı protokolun maddələri səliqə ilə icra olunsa da, Lukaşenko-Əliyev görüşünə ehtiyacın təcililikdən doğduğu dərhal sezilirdi.

Dəli dünyada necə sağ qalmalı?

Səfərin beynəlxalq gündəliyini Belarus prezidenti lakonik ifadə edib: “Dünya dəli olub. Görürsünüz də, nələr baş verir? Və bu təlatümlü dünyada biz yaşamalı, daha dəqiq desəm, salamat qalmağa çalışmalıyıq. Bu gün dünyada mövcud olan təhlükələrə tab gətirmək üçün biz bir-birimizdən möhkəm yapışmalıyıq”.

Lukaşenko keçmişlərdə də "sülhyaradıcılıqla" məşğul olub
Lukaşenko keçmişlərdə də "sülhyaradıcılıqla" məşğul olub

Bütün silməramlı ümidlər, ələxüsus da “qoca general Rapota” tərəfindənqondarılır, - deyib Minsk təhlilçilərindən Roman Yakovlevski.

Başqa bir analitik, Aleksandr Klaskovski isə zənn edir ki, Bakı, Ankara və Moskva arasında vasitəçi olmaq istərdi və bu xüsusda Türkiyənin baş naziri də bəzi mülahizələri dilə gətirib.

“Elə Lukaşenko da Rusiya-Ukrayna münaqişəsi zamanı sülhyaradıcı kimi qazandığı çələnglərin sayını artırmaq istərdi, – deyib təhlilçi, - Lakin zənnimcə, Bakı və Minsk bu gün Moskva-Ankara münaqişəsindən özləri üçün mümkün qədər az zədə ilə çıxmağa çalışırlar”.

Barışsalar, özləri barışacaqlar

Analitik bunu da vurğulayır ki, bu təşəbbüsü qaldırsalar belə, Belarus da, Azərbaycan da Kremldən asılılığı olan iki postsovet ölkəsidir.

Onun üçün nə qədər xoşagəlməz situasiya olsa da, NATO hər halda Ankaranı dəstəklədi, amma postsovet respublikaları ya susdular, ya da çox yayğın şəkildə “sülh, dostluq” və sair kimi ibarələri çeynədilər

“Əgər Moskva və Ankara barışığa getsələr, burada əsas faktor bu iki ölkənin siyasi iradəsi olacaq, deyir Klaskovski, - Bu siyasi iradə olmadıqca, nə Lukaşenko, nə də Əliyev kömək edə bilməyəcəklər”.

“Yox, əgər Moskva və Ankara özlərində barışıq üçün siyasi iradə tapsalar, onda vasitəçiyə ehtiyacları da olmayacaq” – deyir təhliçi.

Burası da var ki, qonşularının bu münaqişəyə reaksiyası, əslində, elə Kreml üçün də ayıldıcı faktor olmalıdır, deyilir məqalədə.

Klaskovski deyir ki, ritorikasının gücünə baxmayaraq Rusiya bu münaqişədə tamamilə təkdir və onu keçmiş sovet müttəfiqlərindən heç kəs açıq şəkildə dəstəkləmir.

“Onun üçün nə qədər xoşagəlməz situasiya olsa da, NATO hər halda Ankaranı dəstəklədi, - deyir analitik, - Amma postsovet respublikaları, hətta Kollektiv Təhlükəsizliyin və Avrasiya İttifaqının üzvləri də daxil, ya susdular, ya da çox yayğın şəkildə “sülh, dostluq” və sair kimi ibarələri çeynədilər”.

Trolleybus analitikası

Melniçuk yazır ki, Belarus və Azərbaycan liderləri bir çox iqtisadi məsələlərdən də danışıblar, lakin bu iki ölkə arasında ticarət əlaqələri son dərəcə zəifdir. Buna baxmayaraq, Azərbaycan prezidenti çoxmənalı bəyanatlarla çıxış edib.

"10 il bundan əvvəl başlanmış fəal əməkdaşlığımız ərzində, düşünürəm ki, biz bir-bizirimizi möhkəmlikdə və etibarlılıqda kifayət qədər sınamışıq. Heç vaxt bir-birimizi pis vəziyyətdə qoymamaşıq” – deyib Əliyev belarus həmkarına.

Melniçuk yazır ki, İlham Əliyevə görə bağlanmış yoldakı trolleybusun sərnişinləri “görəsən niyə gəlib” müzakirəsi aparırdılar.

Məqalədə deyilir kİ, bu sualın cavabını heç ekspertlər də doğru-dürüst bilmirlər.

Roman Yakovlevski isə deyir ki, Əliyev Minskdə olanda, Azərbaycan öz havadan müdafiə qüvvələrini və pliotlarını yüksək hazırlıq vəziyyətinə gətirmişdi.

“Təsadüfdürmü? - deyir analitik, - Həm də ali baş komandanın Bakıda olmadığı bir vaxtda...”

XS
SM
MD
LG