Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:30

'100-ə nə qaldı?..': 'İstiqlal Bəyannaməsi' kimin əsəridir?


Azərbaycanın İstiqlal Bəyannaməsi (fransızca). 28 may 1918.
Azərbaycanın İstiqlal Bəyannaməsi (fransızca). 28 may 1918.

1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyəti necə yarandı?
Bəlkə ətrafda gedən xarici olayların təsirindən?
Ya daxildə yetişən milli qüvvələr səbəbindən?
Ya bəlkə, Əhməd Cavad demiş, mələklərin gülüşündən, ahuların duruşundan?
Tarixçilər nə deyir? Araşdırıcılar hansı versiyaya üstünlük verir?

Şirməmməd Hüseynov
Şirməmməd Hüseynov

Öncə cümhuriyyət dövrünün tanınmış araşdırıcısı Şirməmməd Hüseynovun fikirlərini dinləməkdə fayda var.

“BU, AZƏRBAYCAN XALQININ ŞANSI İDİ”

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

Şirməmməd Hüseynovun fikrincə, tarix və tale, hər bir insan kimi, hər bir xalqın da qarşısına şans çıxarır: “Əgər o şansdan istifadə edə bilirsə, xilas olur. İstifadə edə bilmirsə, məhkum yaşayır… 1917-20-ci illərdə tarix, tale Azərbaycan xalqına belə bir şans verdi. Amma şans hələ onu həyata keçirmək demək deyil. İndi hamı deyir ki, Azərbaycan Cümhuriyyəti Şərqdə, türk dünyasında, islam aləmində birinci demokratik cümhuriyyətdir. Amma heç kəs demir ki, bu dövləti kim yaratdı? Kimlər yaratdı, hansı siyasi partiya qurdu?”.

Buna da bax: Y.Mahmudov: 'Rəsulzadənin məzarını Türkiyədən Azərbaycana gətirmək ədalətsizlikdir'

SUALIN CAVABINI CÜMHURİYYƏTÇİLƏR VERİB!

Şirməmməd müəllim bu sualın cavabını cümhuriyyəti yaradanların özlərinin verdiyini xatırladır: “Məhəmməd Əmin Rəsulzadə yazır: “Əziz və müqəddəs yurdumuz Azərbaycanın ilk dəfə milli istiqlal və milli hürriyyət bayrağını yüksəldən, ona müstəqil milli dövlət həyatı yaşadan, onu milli və mədəni bir varlıq olaraq cahan millətlərinə tanıdan və Azərbaycan məsələsini millətlərarası məsələlər sırasına daxil edən “Müsavat” firqəsi olmuşdur”.

“AZƏRBAYCAN “MÜSAVAT”SIZ İSTİQLAL ƏLDƏ EDƏ BİLƏRDİMİ?”

Şirməmməd müəllim Mirzəbala Məmmədzadənin bir fikrini diqqətə yetirir: “Müsavat” milliyətçiliyi, istiqlalçılığı xalqçılığı və cümhuriyyətçiliyi ilə bütün islam şərqində ilk təşəkkül edən Avropa tipli bir firqədir. Əgər belə bir partiya yaranmasaydı, bu partiya öz ətrafına xalq kütləsini cəlb etməsəydi, namuslu millət oğullarını öz ətrafında birləşdirməsəydi, Azərbaycan hansı istiqlalı əldə edə bilərdi?” Ona görə də, biz cümhuriyyətin yubileyini qeyd edərkən, həm də onu yaradan “Müsavat” partiyasını təbrik etməliyik. Çünki o dövləti “Müsavat” yaratdı, hökumət də “Müsavat” hökuməti idi. Və tarixdə də xalq uzun müddət bu hökuməti “Müsavat” hökuməti dövrü, “Müsavat” dövrü adlandırıb”.

Buna da bax: Cümhuriyyətin 100 illiyinə hazırlıq gedir

“TÜRKLƏRİN YARATDIĞI 128 DÖVLƏTDƏN 114-CÜSÜ…”

Şirməmməd müəllim bir maraqlı nəşrdən də danışdı: “1990-cı ildə məşhur türk tarixçisi Mustafa Yazıçı belə bir kitab nəşr edib: ”Tarixdə 128 türk dövləti, 318 dövlət, 356 hökumət başqanlarının özəllikləri”. Bu, miladdanəvvəlki 220 və eramızın 1990 ilinin tarixidir. Bu kitabda “Azərbaycan Cümhuriyyətinin tarixə gəlişi” bölməsində oxuyuruq: “Azərbaycan Xalq Cümhuriyyəti tarixdə türklərin yaratdığı 128 dövlətdən 114-cüsüdür”.

Buna da bax: 'Deyə bilmərik ki, Azərbaycan Cümhuriyyəti demokratiyanın ən bariz nümunəsi idi'

“DÖVLƏT YARADAN PARTİYA NƏ DƏRƏCƏDƏ ÇAĞDAŞ İDİ?

Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması (Azərbaycan Respublikası Dövlət Arxivi). İmzalayanlar: İmzalayanlar: Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov
Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması (Azərbaycan Respublikası Dövlət Arxivi). İmzalayanlar: İmzalayanlar: Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov

“Dövlət yaradan partiya nə dərəcədə çağdaş idi” sualını Ş. Hüseynov belə cavabladı: “ Bunun cavabını partiyanın proqramında axtarmaq lazımdır. Partiyanın 2 proqramı olub. Birincisi, dini, əsasən, islam təmayüllü olub. Amma onun ikinci proqramı-1917-ci ilin dekabrında qəbul etdiyi proqram xalq qarşısında məsələ qoyub - Azərbaycanın istiqlalı və cümhuriyyət quruluşu. “Müsavat”ın bayrağında nə yazılmışdı: Azadlıq, Müsavat, Ədalət! Müasirləşmək, türkləşmək, islamlaşmaq. Bu cür istiqlal məfkurəsi hazırlanmasaydı, necə dövlət qurmaq olardı?”

“YAŞASIN MÜSTƏQİL AZƏRBAYCAN CÜMHURİYYƏTİ!”

Azərbaycanın ilk parlamenti üzvləri. May, 1918.
Azərbaycanın ilk parlamenti üzvləri. May, 1918.

Buna da bax: Prezidentə Cümhuriyyətlə bağlı təkliflər

2008-ci ildə cümhuriyyətin orqanı olan “Azərbaycan” qəzetinin bayram nömrəsini latın qrafikasına çevirib nəşr etdirən professor qəzetdəki başlıqları belə sadaladı: “İkinci səhifədə yazılıb: Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti! Üçüncü səhifədə: Yaşasın təyini-müqəddərat hüququ! Qəzetdə 3 nəfərin şəklini veriblər. Görün nə yazıblar Məhəmməd Əmin haqqında? İlk Azərbaycan Şurayi-millisi rəisi və “Müsavat” firqəsi mərkəzi komitəsinin sədri. Yəni birinci “Müsavat”dır bu dövləti quran, camaatı bu məfkurə ətrafına yığan. İkinci Əlimərdan bəy Topçubaşovdur, Həsən bəy Ağayevdir, Nəsib bəy Yusifbəylidir, Fətəli xan Xoyskidir. Bunlar müsavatçılardır. Bitərəflər də-Fətəli xan və Əlimərdan bəy “Müsavat”ın proqramını qəbul edənlərdir”.

Azərbaycanın İstiqlal Bəyannaməsi (azərbaycanca). 28 may 1918
Azərbaycanın İstiqlal Bəyannaməsi (azərbaycanca). 28 may 1918

“İSTİQLAL BƏYANNAMƏSİ” RƏSULZADƏNİN ƏSƏRİDİR!”

Şirməmməd müəllim Rəsulzadəni “İstiqlal Bəyannaməsi”nə imza atmamaqda suçlayanlara da cavab verdi: “İstiqlal” Bəyannaməsi “Müsavat” partiyasının ideya-siyasi proqramıdır. Əmin bəyi ona imza atmamaqda suçlamaq başdan-ayağa səhvdir. Bu onun əsəridir! Həm də, müsavatçıların. Nəsib bəy Yusifbəyli də, Həsən bəy Ağayev də, Mehdi bəy Hacınski də - hamısı müsavatçılardır…”.

Buna da bax: Prezident 'Cümhuriyyət sərəncamı' imzaladı, ancaq...

İTAƏTKARLIQ…

“M. Ə. Rəsulzadə və çiyindaşları niyə prezident deyil, parlament respublikasına üstünlük verdilər” sualını tanınmış araşdırıcı belə cavabladı: “Rəsulzadə özü bu suala cavablayıb: Biz minillər boyu mütləqiyyət rejimi şəraitində yaşamışıq. Həmişə başımızın üstündə ağalar, hakimlər olub. Millət itaətkarlıq ruhunda tərbiyə olunub. İtaətkarlıq milləti həmişə məhkum edən şeydir… Başı yalnız mədəsinə qarışır. Amma cümhuriyyət quruluşu gərək milləti dövlət işinə cəlb edə. Yəni millət dövlətini idarə etməyi bacara. Bir var adamın öz övladı ola, bir də var millətin övladı ola. Öz övladımıza cani-dildən qulluq edirik. Amma dövlətimizə cani-dildən qulluq edirikmi? Milləti öz övladımız sayırıqmı? Rəsulzadə deyirdi ki, bizdə prezidentlik olsa, bir neçə ildən sonra həmin prezident ətrafına dost-aşnasını, qohum-qardaşını, yerlilərini yığacaq və bir azdan özünü diktator elan edəcək! Forma dəyişəcək, sistem əvvəlki qalacaq. Ona görə bizə xalq cümhuriyyəti lazımdır, seçilmişlərin cümhuriyyəti yox!”.

SEÇİLMİŞLƏRİN CÜMHURİYYƏTİ?

Şirməmməd Hüseynov: “Azərbaycan Xalq Cümhuriyyəti tarixdə türklərin yaratdığı 128 dövlətdən 114-cüsüdür”
Gözlə

No media source currently available

0:00 0:09:32 0:00
Direct-ə keçid

“Məhəmməd Əminin “Cümhuriyyət” adlı məqaləsi var. 1917-ci ilin martında yazıb. Deyir, 2 cür cümhuriyyət var. Bir var cümhuriyyəti-xas, yəni seçilmişlərin, bir qrupun-elitanın cümhuriyyəti, bir də var cümhuriyyəti-ənam -- xalqın cümhuriyyəti”.

Buna da bax: 'Kimin xoşu gəlmir, Azərbaycanın sərin suları çoxdur...'

“BU, DEMOKRATİYA ƏLAMƏTİ İDİ”

Professor cümhuriyyətin hökumət dəyişikliklərinə də münasibət bildirdi: “Bəzən deyirlər ki, 23 ay ərzində 5 hökumət dəyişib. Guya bu qeyri-sabitlik işarəsidir. Amma heç kəs demir ki, görün o xalqın nümayəndələri hökumət üzərində necə nəzarət həyata keçirirdilər? Məsələn, Fətəli xan deyirdi ki, vallah-billah, mənim gücüm çatmır siz deyən məsələləri həll etməyə. Mən istefa verirəm. İstefasını qəbul elədilər. Nəsib bəyə dedilər istefasını qəbul et və bu məsələləri həll elə. Heç demirlər ki, bu, demokratiya əlamətidir. Xalqın təzyiqinin əlamətidir. Xalqın nümayəndələri xalqın mənafeyi keşiyində dururdular”.

Azərbaycanın İstiqlal Bəyannaməsi (fransızca)
Azərbaycanın İstiqlal Bəyannaməsi (fransızca)

BİZƏ GÜLÜRDÜLƏR: YAZIQLAR, HANI SİZİN LAYİQLİ ADAMLARINIZ?

Şirməmməd Hüseynov bir məqama da diqqət çəkdi: “ Bilirsiniz ki, 1918-ci ilin iyununda cümhuriyyət hökuməti Gəncəyə köçdü. O vaxt Nuru paşa, yanında Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə də vardı-onlar deyirdilər ki, Azərbaycan müstəqil dövlət həyatı yaşaya bilməz. Görün Üzeyir bəy bir il sonra 1919-cu ildə “Azərbaycan” qəzetində nə yazırdı: “Bizə gülüb deyirdilər ki, yazıqlar, hanı sizin bir o qədər layiqli adamlarınız ki, dövlət qura biləsiniz?” İndicə adını çəkdiyim şəxslər deyirdilər ki, Azərbaycan Türkiyənin bir vilayəti olsun. İlhaqçılar deyirdilər onlara. Rəsulzadə razılaşmadı. Dedi ki, belə şey ola bilməz. Azərbaycan müstəqil dövlət olmalıdır. Nuru paşa milli şuranı tanımırdı. Rəsulzadə dedi onun fəaliyyətini dayandırırıq. Bakını azad eləyək, Azərbaycan torpağını düşməndən təmizləyək-sonra danışarıq. İyunun 18-də hökumətin qərarı oldu. Rəsulzadə getdi İstanbula”.

Buna da bax: M.Ə.Rəsulzadənin Azərbaycan parlamentində fəaliyyəti (1918-1920-ci illər)

“BAKISIZ AZƏRBAYCAN TƏSƏVVÜR OLUNAMAZ!”

Şirməmməd müəllim 1918-ci ilin oktyabrında çıxan “Azərbaycan” qəzetinin 5-ci nömrəsində bir məqalə olduğunu bildirir: “Bakı məsələsinə dair mülaqaat” adlanır məqalə. Orda yazılır ki, iyul ayında çıxan “Tərcümani-həqiqət” qəzetinə müsahibəsində Rəsulzadə deyib: Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır. Bakını Azərbaycandan ayırmaq istəyən kim olursa, Azərbaycanın həyatına qəsd etmişdir. Bakısız Azərbaycan təsəvvür olunamaz. Bakı tarixən də, halən də bir türk şəhəri və müsəlman bəldəsidir…Türkiyə üçün İstanbul, Almaniya üçün Berlin, Rusiya üçün Moskva nə isə, Azərbaycan üçün də Bakı, ondan artıq olmasa da, odur!”.

Bu, 1-ci hissə idi. 2-ci yaxın günlərdə saytımızda olacaq.

XS
SM
MD
LG