Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:33

'100-ə nə qaldı?': 'Azərbaycanda onların heç birinin qəbri yoxdur' [2-ci yazı]


Məhəmməd Əmin Rəsulzadənin qəbri. Ankara, 2013
Məhəmməd Əmin Rəsulzadənin qəbri. Ankara, 2013

“Cümhuriyyətin bani babaları və qurucuları dünyanın gərdişini anlayan, hərəsi neçə dil bilən şəxsiyyətlər idilər”, - bu sözləri AzadlıqRadiosu-na cümhuriyyət dövrünün tanınmış araşdırıcısı Şirməmməd Hüseynov söyləyib.

CÜMHURİYYƏTİN BANİ BABALARI KİMLƏR İDİ?

Buna da bax: '100-ə nə qaldı?..': 'İstiqlal Bəyannaməsi' kimin əsəridir? [1-ci yazı]

Şirməmməd Hüseynov
Şirməmməd Hüseynov

“Cümhuriyyəti yaradanlar demokratiya dərsini harada keçmişdilər” sualını Ş. Hüseynov belə cavablayıb: “Hə... Cümhuriyyəti yaradanlar demokratiya dərsini harada keçmişdilər? Həsən bəy Zərdabidən başlayaq da... Həsən bəy Moskva universitetini bitirmişdi. Mirzə Fətəli Axundovu unutmayaq, sonra gəlir Əli bəy Hüseynzadə. O, Peterburq universitetini, daha sonra İstanbul universitetini, Əhməd bəy Ağayev Fransada Sorbon universitetini, Əlimərdan bəy Topçubaşov və Fətəli xan Xoylu Moskva universitetini, Ceyhun bəy Hacıbəyli də Sarbon universitetini bitirmişdilər. Yəi cümhuriyyətin bani babaları və qurucuları dünyanın gərdişini anlayan, hərəsi neçə dil bilən şəxsiyyətlər idilər”.

“TOLSTOYUN ALİ TƏHSİLİ VARDI?”

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

Şirməmməd müəllim incə bir nüansa da toxundu: “Cümhuriyyətin ideoloqu Məhəmməd Əmin Rəsulzadə İranda, Türkiyədə inqilabi təcrübə keçmişdi. Təsəvvür edin ki, 25 yaşı olmayan bir azərbaycanlı, heç ali təhsili də yox idi, - düzdür, bunu hərdən qaxınc edirlər,- amma mən elələrinə demək istəyirəm ki, Tolstoyun ali təhsili olub? Dostoyevskinin ali təhsili olub? Hindistanın böyük dövlət xadimi Mahatma Qandinin ali təhsili olub? Stalinin ali təhsili vardı? Yoxsa deyəcəksiz savadsız idi Stalin? Yəni onlar həyat dərsi keçmişdilər”.

Əli bəy Hüseynzadə
Əli bəy Hüseynzadə

NURU PAŞA CÜMHURİYYƏT QURULMAZDAN ÖNCƏ GƏNGƏDƏYMİŞ?

Şirməmməd müəllim bunu bir kitaba dayanaraq söylədi: Çoxları elə bilir ki, türk ordusu cümhuriyyət qurulandan sonra Azərbaycana gəlib. Bu, yanlış fikirdir: “Bax, bir neçə il öncə Rusiya Ordu Qərargahı “Azərbaycan və Şimali Qafqaz hərəkatı” adlı kitab nəşr etmişdi. Görün orda nə yazılır: ”Nuru paşa 1918-ci il fevralın axırlarında təyyarə ilə Mosula getdi. Onun sərəncamına verilmiş 20-dək zabitsə quru yolla 1918-ci il martın 25-də Mosula çatdı. Bu müddətdə Bakıda daşnakların zülm və qırğınları artırdı. İlk növbədə Azərbaycana getməyi vacib sayan Nuru paşa və onun başçılıq etdiyi heyət aprelin 8-də Mosuldan hərəkət edərək, Təbriz yoluyla Azərbaycanın Zəngəzur mahalına gəldilər. Azərbaycanlılar onları böyük təntənə ilə qarşıladılar. Nuru paşa mayın 25-də Gəncədə qərargah qurdu. Fikir verirsiniz? 28 Maydan 3 gün əvvəl Nuru paşa Gəncədə qərargah qurub oturmuşdu”.

Buna da bax: Əli Kərimli: 'İlham Əliyev Cümhuriyyət dəyərlərinə sadiq olsaydı...' [video]

VƏTƏNDƏ 2 METRLİK YER

Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə

Tanınmış araşdırıcı hər zaman mübahisə mövzusu olan bir məsələyə yenə də diqqət çəkdi: “Təsəvvür edirsinizmi ki, bu torpaqda cümhuriyyəti yaradanların birinin qəbri yoxdur. 1956-cı ildə universitetdə Stalini ifşa iclası olanda, mən İmam Mustafayevə, -o vaxt Azərbaycanda Mk-nın 1-ci katibi idi, - dedim: Bu müsavatçıları, dövlət yaradanları stalinçilər, bağırovçular qırdılar. İndi, heç olmasa, onların yerini göstərsinlər, bilək haradadır, harada basdırıblar. Onları bir yerdə dəfn edək ki, ibadət etməyə yerimiz olsun. Bu, 1956-cı ilin söhbətidir. Bu necə ola bilər ki, cümhuriyyəti yaradanlara Vətəndə 2 metrlik yer yoxdur? Belə də xalq olar? Niyə bir Panteon düzəldib hamısını ora yerləşdirmirlər? Gürcülər kimi... Ermənilər kimi... Heç olmasa, millət gedib fatihə oxusun”.

İsmayil Qaspralı, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov, 1907, Bakı
İsmayil Qaspralı, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov, 1907, Bakı

“DİDƏRGİN RUHLARIN DOLAŞDIĞI MƏKANLAR”

Şirməmməd müəllim didərgin ruhların dolaşdığı məkanları bir-bir sadaladı: “Fətəli xan Xoylu - Tiflisdə, Həsən bəy Ağayev - Tiflisdə, Əlimərdan bəy Topçubaşov - Parisdə, Ceyhun bəy Hacıbəyli - Parisdə, Əkbərağa Şeyxülislamov - Parisdə, Mustafa Vəkilli - Parisdə, Məhəmməd Əmin Rəsulzadə - Ankarada, Əli bəy Hüseynzadə - İstanbulda, Əhməd bəy Ağaoğlu - İstanbulda, Xəlil bəy Xasməmmədli - İstanbulda...Nəsib bəy Yusifbəylinin məzarı belə yox... Belə millət olmaz, axı... Bizə türklər dərs verirlər Rəsulzadəyə mavzoley ucaltdıqlarına görə. Yadınızdadır, vaxtilə icra başçısı demişdi ki, Məhəmməd Əminə kənddə bir abidə qoyulub, bəsdir...”.

Buna da bax: Elnur Astanbəyli: '...2018-ci il artıq 'Cümhuriyyət ili' olmayacaq'

İSTİQLALIN BİRİNCİ VƏ SONUNCU İLİ

Əhməd bəy Ağaoğlunun qəbri
Əhməd bəy Ağaoğlunun qəbri

Şirməmməd Hüseynov Cümhuriyyətin qutladığı ilk və son bayramı belə təsvir etdi: “Cümhuriyyətin mətbu orqanı olan “Azərbaycan” qəzeti 1 iyun sayında Üzeyir bəyin böyük bir yazısını verib. Reportajdır. Adı “İstiqlal bayramı”dır. Şəhərdə 10 mindən çox bayraq asılıb. Alaqapılar düzəldilib. Toy, məclislər qurulub. Hərbi parad olub, camaat nümayişə çıxıb. Parlament binasının damında Cabbar Qaryağdıoğlu və b. çalıb-oxuyub. Artistlər heyəti gəlib keçib. Bunu oxuyandan sonra adam xəcalət çəkir ki, biz bayram eləməyi də bacarmırıq ey...”.

“İSTİQLALIN BİRİNCİ İLİ BÜTÜN TÜRK DÜNYASININ BAYRAMI OLUB”

“Əzim Əzimzadə parlament binasının önündə bizim tariximizi - türk tarixini əks etdirən böyük bir stend düzəldib. Artistlər tarixdəki 128 türk dövlətini yaradanların paltarlarını geyiniblər. Çingiz xandan tutmuş, Teymurləngdən tutmuş, İldırım Bəyazitdən tutmuş, Fatehədək - onların hamısının formasını geyib qrimləniblər. Atın üstündə 20-30 dövlət başçısı - türk millətini yaşadanlar gəlib keçiblər. Axı onların içərisində dövləti yaşadanlar da vardı, dağıdanlar da... Hamısı eyni deyildi ki?

Demək istəyirəm ki, cümhuriyyətin 1 illik yubileyi bütün türk dünyasının bayramı olub”.

Şirməmməd Hüseynov: "Çoxları elə bilir ki, türk ordusu cümhuriyyət qurulandan sonra Azərbaycana gəlib"
Gözlə

No media source currently available

0:00 0:07:59 0:00
Direct-ə keçid

“BORCUMUZ - DEMOKRATİK DÖVLƏT QURMAQ!”

Sonda Şirməmməd Hüseynov bunları söylədi: “Dünyada 3 min 500-dən çox xalq var, tayfa var, onlardan yalnız 230-nun müstəqil dövləti var. 192-si BMT-nin üzvüdür. 3 min 500-dən 192-si! Biz də onlardan biriyik. Bu dövlət bizimdir. Bu dövlətin bayrağı BMT qarşısında dalğalanır. Bütün dünya bilir ki, belə bir dövlət var. Onu qorumaq, yaşatmaq, inkişaf etdirmək bizim hamımızın müqəddəs borcudur. Və bizim istiqlal mücahidlərinə ən böyük töhfəmiz budur ki, bu dövləti yaşadaq, inkişaf etdirək. Həm də demokratik yolla inkişaf etdirək! Onu bütün xalqın dövlətinə çevirək”.

“Cümhuriyyət-100” davam edəcək.

XS
SM
MD
LG