Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:27

Azərbaycanın idxalı kəskin artıb – səbəblər


Azərbaycan bu təşkilata üzv olsaydı....
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Azərbaycan bu təşkilata üzv olsaydı....

Dövlət Gömrük Komitəsi 2023-cü ilin birinci rübünə dair xarici ticarət göstəricilərini açıqlayıb. Açıqlanan göstəricilərdən bəlli olur ki, bu ilin ilk rübündə Azərbaycanın idxalında kəskin artım qeydə alınıb. İlk üç ayda toplam 4 milyard 30 milyon dollar dəyərində idxal gerçəkləşib. Ötən ilin eyni dövründə bu rəqəm 2 milyard 927 milyon dollar idi. Deməli, bu il Azərbaycan xarici ölkələrdən ötən illə müqayisədə 1 milyard 100 milyon dollar və ya 38 faiz daha çox idxal həyata keçirib. Bu üzdən, xarici ticarət dövriyyəsində idxalın payı 27 faizdən 34 faizə yüksəlib.

Eyni dövr ərzində ölkənin ixracı 7 milyard 980 milyon dollardan 7 milyard 741 milyon dollara geriləyib. İxracın azalması ilə yanaşı, idxalın artması Azərbaycanın xarici ticarət balansının saldosunu aşağı salıb. Belə ki, ötən il Azərbaycanın ixracı onun idxalını 5 milyard 54 milyon dollar üstələyirdi. Bu il eyni göstərici 3 milyard 711 milyon dollar olub, yəni 36 faiz azalıb.

Dövlətin idxalı daha çox artıb

Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilərə görə, istər dövlət, istər özəl sektorun, istərsə fiziki şəxslərin gerçəkləşdirdiyi idxal artıb. Ancaq dövlət sektoru üzrə idxalın həcmi daha çox artıb. Ötən ilin ilk rübündə dövlətin idxal etdiyi məhsulların dəyəri 442 milyon dollar idi. Bu il həmin rəqəm 938 milyon dollara yüksəlib. Deməli, ötən illə müqayisədə dövlət sektoru 496 milyon dollarlıq və ya 112 faiz daha çox idxal həyata keçirib və nəticədə dövlət sektorunun toplam idxaldakı payı ötən illə müqayisədə 15 faizdən 23 faizə yüksəlib.

Özəl sektorun bu ilin ilk üç ayı ərzində həyata keçirdiyi idxalın toplam dəyəri 2 milyard 669 milyon dollar olub. 2022-ci ildə həmin rəqəm 2 milyard 195 milyon dollar idi. Beləcə, özəl sektor da idxalı 22 faizə yaxın artırıb. Ancaq özəl sektorun toplam idxaldakı payı 75 faizdən 66 faizə düşüb. Fiziki şəxslərin, yəni vətəndaşların gerçəkləşdirdiyi idxalda da artım qeydə alınıb. Bu ilin ilk rübündə Azərbaycan vətəndaşları xarici ölkələrdən 423 milyon dollar dəyərində məhsul sifariş ediblər. Ötən il bu rəqəm 291 milyon dollar idi. Başqa deyimlə, fiziki şəxslərin gerçəkləşdirdiyi idxalda da 45 faizlik artım gözə çarpır. Bu üzdən, toplam idxalda fiziki şəxslərin payı 9.9 faizdən 10.5 faizə yüksəlib.

İdxal niyə artıb?

Azərbaycanın idxal etdiyi məhsul çeşidlərini nəzərdən keçirdikdə görünür ki, bir çox istiqamətlərdə idxalın dəyəri artıb. Bu istiqamətlərdən biri neft və qaz sənayesi ilə bağlıdır. Ötən ilin ilk rübündə Azərbaycan 148 milyon dollar dəyərində neft və qaz məhsulları idxal etmişdi. 2023-cü ildə həmin rəqəm 548 milyon dollara yüksəlib. Artım, əsasən, iki ölkənin - Rusiya və Türkmənistanın hesabına baş verib. 2023-cü ilin ilk iki ayının nəticələrinə görə, Azərbaycan Rusiyadan 106 milyon dollarlıq neft və neft məhsulları idxal edib. Ötən ilin eyni dövründə Azərbaycanın Rusiyadan belə məhsul idxalı qeydə alınmamışdı. Bu ilin ilk iki ayında Rusiyadan həyata keçirilən təbii qaz idxalının dəyəri isə 99 milyon dollar olub. Ötən ilin ilk iki ayında Azərbaycan Rusiyadan təbii qaz da idxal etməmişdi.

2023-cü ilin ilk iki ayında Azərbaycanın Türkmənistandan idxal etdiyi neft və neft məhsullarının dəyəri 75 milyon dolları ötüb. Ötən ilin eyni dövründə Azərbaycanın Türkmənistan da bu idxal olmamışdı.

Avtomobil idxalı da artıb

Ötən illə müqayisədə bu il Azərbaycanda avtomobil idxalında da ciddi artım baş verib. 2023-cü ilin ilk üç ayında Azərbaycana 315 milyon dollar dəyərində avtomobil gətirilib. Ötən ilin eyni dövründə bu rəqəm 189 milyon dollar idi. Deməli, bu il ölkəyə gətirilən avtomobillərin dəyəri 66 faiz yüksəlib. Ölkənin idxalındakı artımın təxminən 126 milyon dolları məhz avtomobil idxalındakı artımla bağlıdır. Ancaq bu da var ki, eyni dövrdə ölkəyə gətirilən avtomobil sayındakı artım cəmi 22 faiz olub. Deməli, idxalın dəyərindəki artım həm də qiymətlərin artması ilə bağlıdır. Ötən il Azərbaycana gətirilən bir avtomobilin orta qiyməti 11 min dollar olduğu halda, bu il eyni göstərici 15 min dollara yüksəlib. Avtomobillərin ehtiyat hissələrinin idxalını da nəzərə alınsa, bu sahədəki idxala sərf edilən toplam vəsait daha çox artıb. Bu göstərici 2022-ci ildə 396 milyon dollardan 2023-cü ildə 609 milyon dollara yüksəlib və toplam 213 milyon dollarlıq bir idxal artımı baş verib.

Yeyinti məhsullarının idxalı artır

Digər mal çeşidləri üzrə də idxal göstəricilərində artım gözə dəyir. Rusiya-Ukrayna müharibəsi üzündən dünyada taxıl tədarükü ilə bağlı risklər artmışdı. Azərbaycan da özəlliklə buğda təminatında idxaldan asılı olduğundan bu problemi yaşayan ölkələrdəndir. Rəsmi rəqəmlər bu il də taxıl idxalına daha çox vəsait sərf edildiyini göstərir. Ötən illə müqayisədə Azərbaycan buğda idxalına təxminən 47 milyon dollar daha çox vəsait ödəyib. Buğda idxalına xərclənən vəsaitin həcmi 2022-ci illə müqayisədə 62 milyon dollardan 109 milyon dollara yüksəlib. Ancaq idxal edilən buğdanın həcmi də eyni dövrdə iki dəfəyə yaxın artıb. Bütövlükdə yeyinti məhsulların idxalı bir il ərzində 93 milyon dollar artaraq 490 milyon dollardan 583 milyon dollara yüksəlib.

Əczaçılıq məhsullarının idxalında da artım var. Dərman məhsullarının idxalı 163 milyon dollardan 192 milyon dollara yüksəlib və təxminən 30 milyon dollar artıb. Həmin dövrdə elektrik avadanlığı və aparatların idxalı 600 milyon dollardan 716 milyon dollara yüksəlib. İdxaldakı artımın 116 milyon dollarlıq bölümü bu tip məhsullarla bağlıdır. Eyni zamanda, geyim idxalı 20 milyon dollar, plastmas və ondan hazırlanan məhsulların idxalı 25 milyon dollar, oduncaq və ondan hazırlanan məhsulların idxalı 30 milyon dollar çoxalıb.

XS
SM
MD
LG