Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:54

İran səfiri: Azərbaycan Tehrandakı səfirliyini açmağa hazırlaşır


İranın Azərbaycandakı səfiri Abbas Musəvi
İranın Azərbaycandakı səfiri Abbas Musəvi

AzadlıqRadiosunun Fars xidməti – Radio Fərdanın xəbərinə görə İranın Bakıdakı səfiri deyib ki, Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etməyə hazırlaşır.

Səfir Abbas Musəvi Baku TV internet telekanalına deyib ki, səfirliyin təkrar açılışına hazırlıq gedir və Azərbaycan nümayəndə heyəti artıq Tehrana yollanıb.

AzadlıqRadiosu xatırladır ki, 2022-ci ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində diplomatik missiyanın bir işçisi həlak olmuş və daha iki əməkdaş yaralanmışdı.

Bakı bu hücumu “terror aktı” adlandırmış və səfirliyin bütün heyətini Azərbaycana qaytarmışdı.

Azərbaycanın Təbrizdəki konsulluğu fəaliyyətini davam etdirir.

Musəvi iddia edib ki, iki ölkənin apardığı təhqiqat hücumun şəxsi motivlərə əsaslanan ayrıca bir insident olduğu nəticəsinə gəlib.

Yasin Hüseynzadə kimi təqdim olunan hücum edən şəxs yaxalanmış, mühakimə olunmuş və İran qanunlarının imkan verdiyi ən yüksək cəzaya məhkum edilmişdi.

Mürəkkəb münasibətlər

Radio Fərda yazır ki, hücumun birinci ildönümünə təsadüf edən müzakirələrdən sonra İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian martın 16-da Azərbaycandan gələcək nümayəndə heyətinin Azərbaycan sərfirliyinin işini bərpa edəcəyini təsdiq etmişdi.

Bakı bildirmişdi ki, hücumla əlaqəsi olan bütün şəxslərin aşkar edilməsi iki ölkə arasında münasibətlərin normallaşması və səfirliyin yenidən açılması üçün şərtdir.

Fərda yazır ki, İran və Azərbaycan arasında münasibətləri mürəkkəbləşdirən həm Azərbaycanın İsraillə yaxın münasibətləri, həm də İranın Azərbaycandakı şiə qruplaşmalarına dəstək verməsidir.

Xəbərdə deyilir ki, bu cür qarşılıqlı ittihamlar hər iki tərəfdə iddia olunan casusluq fəaliyyəti ilə bağlı həbslərə səbəb olmuşdu.

İran habelə Azərbaycanı ölkədəki separatçılığı dəstəkləməkdə günahlandırırdı.

Azərbaycan Xarici İşlər Nazirliyi hələ ki, Abbas Musəvinin verdiyi məlumata münasibət bildirməyib.

Bundan əvvəl

Martın 5-də xəbər verilirdi ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə görüşündə Tehranda səfirliyin fəaliyyətinin bərpası müzakirə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilirdi ki, görüş Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində gerçəkləşib:

"Nazirlər Azərbaycanın səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar".

XİN ötən ilin iyunda İranda Azərbaycan səfirliyinin bərpasının şərtini açıqlamışdı.

"Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir", - XİN rəsmisi qeyd etmişdi.

XS
SM
MD
LG