Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:50

Bakı ilə Tehran Xəzərdə birgə yataqlar istismar edə bilərmi?


İranın Xəzərdə ilk neft platforması
İranın Xəzərdə ilk neft platforması

İranın Energetika naziri Əli Əkbər Mehrabian iyulun 6-da Azərbaycana işgüzar səfər edib. Onun həmin gün Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla geniş tərkibdə görüşü keçirilib.

Artıq bir müddətdir ki, Bakı və Tehran arasında Xəzərdəki karbohidrogen yataqlarının birgə işlənməsi barədə danışıqlar getdiyi bildirilir.

İ.Şaban
İ.Şaban

"Bu, artıq texnoloji-geoloji məsələdir"

Amma Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban AzadlıqRadiosuna deyib ki, bu əməkdaşlıq üçün əvvəlcə struktur olmalıdır: "Azərbaycanın müstəqillik illərində faktiki bir neft yatağı açılıb. Söhbət 1998-ci ildə açılan "Qarabağ" yatağından gedir. Eyni zamanda, bu dövrdə iki qaz yatağı açılıb, 2010-cu ildə "Ümid", bir il sonra isə "Abşeron". 30 ildə cəmi üç yataq açılıb ki, ondan da ikisi hazırda istismardadır. Bu baxımdan İranın xoş məramla Azərbaycanla neft-qaz yataqlarını işlətmək istəyini müsbət qiymətləndirmək lazımdır. Ancaq məsələnin o biri tərəfi həmin yataqların tapılmasıdır, bu, artıq texnoloji-geoloji məsələdir".

"…texnologiyaları yoxdur"

İ.Şabanın sözlərinə görə, əməkdaşlığın gerçəkləşə biləcəyi ərazilərdə hələ geofiziki tədqiqatlar da aparılmayıb. O, 2001-ci ildə Azərbaycanın "Gilavar" gəmisinin Xəzərdə geofiziki strukturlar yaratmaq istərkən İran gəmiləri tərəfindən uzaqlaşdırılmasını da xatırladıb: "İkincisi, istər İranın, istərsə də Azərbaycanın Xəzərin dərin qatlarında və hissəsində yerləşən layları istismar etmək texnologiyaları yoxdur".

E.Nəsirov
E.Nəsirov

"Niyə də bu əməkdaşlıq olmasın?!"

Deputat Elman Nəsirov "Turan"a bildirib ki, Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti ikitərəfli əməkdaşlıq formatıdır. Deputat onu da əlavə edib ki, İranla münasibətlərdə müəyyən hallarda gərginlik elementləri də, anlaşılmazlıqlar da olub: "Amma bunlar aradan qaldırılıb və strateji məsələlərdə mövqelər üst-üstə düşür. Ən başlıcası Xəzərin hüquqi statusunun müəyyənləşməsində mövqelərimiz eyni olub. Bu mənada Bakı Tehranla enerji sahəsində maraqlı tərəfdir. İranla Azərbaycanın birgə istismar məsələlərində ortaq mövqeyinin əldə ediləcəyi təqdirdə niyə də bu əməkdaşlıq olmasın?!".

"Əgər bu problemlər çözülməsə,…"

İqtisadçı Nemət Əliyev də nəzəri cəhətdən belə bir əməkdaşlığı mümkün sayır. Amma o hesab edir ki, Xəzərdə neft-qaz yataqlarının birgə işlənməsi xeyli suallar doğurur. Onun fikrincə, İranın təkcə Azərbaycanla münasibətlərini yaxşılaşdırması yetərli deyil: "Çünki Xəzər sektorunda ABŞ-ın, Norveçin və başqa Avropa ölkələrinin aparıcı şirkətləri uzun illərdir fəaliyyət göstərirlər. Bir neçə il əvvəl də müqavilələrin müddəti artırıldı. Həm də Azərbaycan avrointeqrasiya siyasəti həyata keçirirsə, deməli, İranın Qərblə də normal münasibətləri şərt kimi ortalığa çıxır. Əgər bu problemlər çözülməsə, bu haqda danışmaq erkəndir".

N.Əliyev
N.Əliyev

"Bu gün Qərbin İranla münasibətləri nə qədər gərgindirsə…"

Deputat E.Nəsirov məsələyə başqa tərəfdən nəzər salır: "Rusiya-Ukrayna münaqişəsi fonunda dünyada enerji böhranı yaşansa da, Vaşinqton İranla və Venesuela ilə münasibətlərə yenidən baxır. Bu gün Qərbin İranla münasibətləri nə qədər gərgindirsə, sabah bunun yumşalmayacağına dair mövqe söyləmək yanlışlıq olardı".

XS
SM
MD
LG