Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:28

Azərbaycan neft və qazdan başqa nə ixrac edir?


Azərbaycanda neft mancanağı, arxiv foto
Azərbaycanda neft mancanağı, arxiv foto

Azərbaycan iqtisadiyyatının enerji sektorundan asılılığı hər zaman ölkənin ən böyük iqtisadi problemi hesab olunur. Bu baxımdan, ötən il də istisna olmayıb.

2022-ci ildə də ölkənin büdcə gəlirlərinin yarısı neft-qaz gəlirlərindən formalaşıb. İxracda durum daha acınacaqlıdır. Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanın ixracının 92.01 faizi neft-qazdan, cəmi 7.99 faizi neftdənkənar sektordan qaynaqlanıb.

Ölkənin 38 milyard dollarlıq ixracatının vur-tut 3 milyardı neftdənkənar sektorun payına düşüb. 2021-ci ildə həmin rəqəm 2 milyard 713 milyon dollar olub.

Deməli, bir il ərzində Azərbaycanın qeyri-neft ixracı təxminən 300 milyon dollar və ya 12 faizə yaxın artıb. Ancaq nəzərə almaq lazımdır ki, bu artımın bir səbəbi də məhsulların bahalaşmasıdır. O baxımdan, 2022-ci ildə neftdənkənar ixracda önəmli irəliləyişdən söhbət gedə bilməz.

Ötən il Azərbaycanda əhalinin hər nəfərinə təxminən 300 dollarlıq (510 manatlıq) qeyri-neft ixracı var. Unutmq olmaz ki, hökumət hələ 2012-ci ildə təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında bir hədəf müəyyənləşdirmişdi.

Həmin sənəddə qeyd edilirdi ki, ölkə 2020-ci ildə adambaşına düşən qeyri-neft ixracını min dollara çatdırmağı planlaşdırır. O vaxtdan iki il ötsə də, hökumət hələ də hədəfindən üç dəfədən çox geri qalır.

Ən çox meyvə-tərəvəz satılıb

Azərbaycanın qeyri-neft ixracı içərliyi baxımından da elə ürəkaçan deyil. İxracın 912 milyon dollarlıq bölümü - təxminən 30 faizi aqrar və aqrar-sənaye məhsullarıdır.

Ötənilki neftdənkənar ixracın 2 milyard 846 milyon dollarlıq hissəsi yerli mənşəli mallardır. Bu baxımdan, ölkəyə ən çox gəlir gətirən sahə meyvə və tərəvəz ixracı olub. Ötən il Azərbaycan 667 milyon dollarlıq meyvə və tərəvəz satıb.

Bu, Azərbaycan mənşəli məhsulların ixracından əldə edilən gəlirin 23.45 faizi deməkdir. Meyvə-tərəvəz məhsulları arasında ölkəyə ən çox pomidor gəlir qazandırıb (168 milyon dollar). Maraqlıdır ki, Azərbaycan 2021-ci illə müqayisədə təxminən dörd min ton az pomidor ixrac etsə də, həmin ilə nisbətdə 8 milyon dollar çox qazanıb. Bu göstərici qeyri-neft sektorunda qeydə alınan və elə çox olmayan artımın bahalaşmadan da qaynaqlandığını təsdiqləyir.

Pomidordan sonra Azərbaycana ən çox gəlir gətirən məhsul xurmadır. Ölkə ötən il xurma ixracından 113 milyon dollar qazanıb. 2021-ci illə müqayisədə Azərbaycanın xurma ixracı həcmcə 27 min ton, dəyər olaraq 12 milyon dollar azalıb. Ölkənin 2022-ci ildə ən çox gəlir əldə etdiyi üçüncü məhsul fındıqdır. İl ərzində Azərbaycanın xaricə fındıq satışından əldə etdiyi vəsait 111 milyon dollar olub. Bu gəlir təxminən 2021-ci il səviyyəsindədir.

Daha hansı məhsullar satılıb?

Meyvə-tərəvəz ixracından sonra Azərbaycanın neftdənkənar sektorda ən çox gəlir əldə etdiyi sahə kimya sənayesi məhsullarıdır. Belə məhsullar il ərzində Azərbaycana 387 milyon dollar qazandırıb. Bunun 210 milyon dolları azot gübrəsi ixracı hesabına təmin edilib. Daha 132 milyon dollarlıq ixracsa metanoldan ibarət olub.

Azərbaycan 2021-ci ildə kimyə sənayesi məhsulları ixracından 245 milyon dollar qazanmışdı. Deməli, ötən il belə məhsul ixracı 142 milyon dollar və ya 60 faiz artıq gəlir gətirib. Bu artımın da əsas səbəblərindən biri ixrac edilən məhsulların bahalaşmasıdır.

Plastmas və ondan hazırlanan məhsulların ixracından əldə edilən gəlir də, demək olar, kimyə sənayesi məhsulları ixracından qazanılan gəlir qədərdir. Bu çeşid məhsulların ixracı ötən il Azərbaycana 386 milyon dollar gəlir qazandırıb.

Pambıq lifi və iplik pambıq ixracındansa 208 milyon dollar gəlir əldə edilib. 2021-ci ildə həmin göstərici 268 milyon dollar idisə, deməli, ötən il Azərbaycanın pambıq ixracından əldə etdiyi gəlir 60 milyon dollar azalıb. Gəlirin azalmasına səbəb pambıq ixracının aşağı düşməsidir. Azərbaycan 2021-ci ildə xaricə 145 min ton pambıq lifi və iplik pambıq satmışdısa, ötən il həmin rəqəm 86 min tona enib. Ölkə 2022-ci ildə qara metal, alüminium və onlardan hazırlanan məhsullardan 216 milyon dollar qazanıb.

Qeyri-neft məhsulları hansı ölkələrə ixrac edilib?

Azərbaycanın qeyri-neft məhsullarının əsas ixrac istiqaməti ötən il də dəyişməyib. İlboyu Rusiyaya 929 milyon dollarlıq qeyri-neft sektoru məhsulları ixrac edilib. Bu o deməkdir ki, Azərbaycanın neftdənkənar ixracında Rusiyanın payı 30.47 faizdir.

Ötən il bu ixrac 51 milyon dollarlıq artsa da, Rusiyanın toplam ixracda payı nisbətən azalıb. 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracında Rusiyanın payı daha çox – 32.35 faiz idi. Bu azalmanın səbəbi digər ölkələrə olan ixracın Rusiyaya nisbətdə daha çox artmasıdır.

Ötən il Azərbaycandan Türkiyəyə 713 milyon dollar dəyərində qeyri-neft məhsulları göndərilib və Türkiyə Azərbaycanın neftdənkənar məhsul ixracında 23.40 faizlik payla ikinci yerdə qərarlaşıb. Bununla belə, 2021-ci illə müqayisədə Türkiyənin də ixracdakı payı azalıb.

Həmin il Türkiyənin ixracdakı payı 25 faizə yaxın idi. Toplam götürülsə, Azərbaycanın qeyri-neft ixracının yarısından çoxu yalnız iki ölkənin –Rusiya və Türkiyənin payına düşür. Bu, ölkənin qeyri-neft sektoru məhsullarının ixrac coğrafiyasının məhdudluğunun göstəricisidir. Gürcüstan (7.5 faiz), İsveçrə (6.51 faiz) və Qazaxıstan (3.37 faiz) da Azərbaycanın neftdənkənar ixracında ilk beş yerdə olan ölkələr arasındadır.

XS
SM
MD
LG