Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:51

Azərbaycanın humanitar yardımı Rusiyanı qıcıqlandırırmı?


Azərbaycan Ukraynaya əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərib.
Azərbaycan Ukraynaya əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərib.

Azərbaycanın Ukraynaya humanitar yardım kimi transformator və generatorlar göndərməsi Rusiyada təəccüb doğurur. TASS agentliyinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib. "Azərbaycan təchizatları vəziyyəti prinsipial olaraq dəyişməyəcək, amma humanitar yardıma oxşamır", - mənbə vurğulayıb.

Dekabrın 10-da Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirmişdi ki, Ukraynanın müraciətinə cavab olaraq, zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib. Məlumata görə, bunlar 45 güc transformatoru və 50 generator olub.

Azərbaycan bu il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzündən sonra bir neçə dəfə bu ölkəyə humanitar yardım göndərib. Rəsmi məlumata görə, Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manata yaxındır. Bu ara Rusiyanın son aylar raket zərbələri ilə Ukraynanın elektrik enerjisi infrastrukturuna böyük ölçüdə ziyan vurduğu bildirilir.

E.Məmmədov
E.Məmmədov

"Ukraynada milyonlarla insanın işığını söndürmüsünüz"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov "Turan"a bildirib ki, Azərbaycan öz sülhsevər, humanitar siyasəti ilə həmişə fərqlənib. Onun vurğulamasına görə, bu, koronavirus pandemiyası dövründə də özünü göstərib.

Deputat qeyd edib ki, Azərbaycan Ukraynaya silah-sursat, döyüşçü göndərmir: "Biz Ukraynaya humanitar yardım göndəririk. Siz Ukraynada milyonlarla insanın işığını söndürmüsünüz, onları bu qış günündə istiliksiz qoymusunuz, ay narazı qalan Rusiyanın siyasi dairələri. Azərbaycan nə edir? Bu dinc insanlara kömək etmək üçün generatorlar və başqa humanitar yardım göndərib ki, onlar ölməsin".

Onun fikrincə, bu, kimsə tərəfindən pislənilirsə, demək, onlar insaniyyətdən çox uzaqdır: "Biz bu yardımı Ukrayna ordusuna göndərmirik, mülki əhalisinə göndəririk. Hələ bu, dünyanın Rusiyaya qarşı olan kəskin və günü-gündən artan nifrətinin qarşısını almağa kömək edir".

Komitə üzvü hesab edir ki, bu məsələyə görə Rusiya-Azərbaycan münasibətlərdə gərginlik olmamalıdır: "Rusiya özü 2020-ci ilin noyabrından başlayaraq Azərbaycan ərazisində, Qarabağda kök salmış separatçılara silah-sursat, humanitar yardım göndərir. Bəs biz onda Rusiyaya nə deyək? Deyəndə gərək Rusiya hərtərəfli fikirləşsin və özünün etdiklərini gözünün qabağına gətirsin".

Z.Əlizadə
Z.Əlizadə

"Dinc əhali işığın, istiliyin kəsilməsindən əziyyət çəkir"

Siyasi şərhçisi Zərdüşt Əlizadə isə AzadlıqRadiosuna bildirib ki, Rusiyanın vəziyyətini düzgün qiymətləndirmək lazımdır: "Rusiyanın rəhbərliyi dünyanı adekvat qəbul etməyə hazır deyil. Yəni, adekvatlıq hissini itirib".

Ekspertin sözlərinə görə, məhz bunun nəticəsində Rusiya dövləti ağır vəziyyətə düşüb: "İqtisadiyyatına, hörmətinə ziyan dəyib, ənənəvi bazarlarını itirib, dünyadan təcrid olunub, əhalisi müharibədə qırılır, deyilənə görə, artıq 100 minə yaxın hərbçiləri ölüb və yaralanıb. Bu baxımından qeyri-adekvat olan Rusiya rəhbərliyi və ictimaiyyəti düzgün olan Azərbaycan mövqeyini necə düzgün qiymətləndirə bilər axı?".

Politoloq qeyd edib ki, Azərbaycanın Ukraynaya transformator və generatorlar göndərməsi suda batan bir insana xilasedici kəmər verilməsinə bənzəyir: "Qışda Ukraynanın əhalisi işıqsız necə keçirəcək? Dinc əhali işığın, istiliyin kəsilməsindən əziyyət çəkir. Belə olan halda, əgər Azərbaycan yardım göstərirsə, bu o deməkdir ki, biz Rusiyaya qarşıyıq? Bu o deməkdir ki, biz insanlıq hissiyyatını itirməmişik. O başqa məsələdir ki, Rusiya rəhbərliyi bunu itirib, bu da onların öz problemidir".

Z.Əlizadə hesab etmir ki, bir dənə bu humanitar aktla Azərbaycan-Rusiya münasibətləri pisləşə bilər: "Əgər pisləşərsə, deməli, bu münasibətlər möhkəm deyildi".

Mövzu və yazida səslənən fikirlərə, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma Rusiya rəsmiləri Ukraynada xüsusi əməliyyat keçirildiyini deyir və bunda məqsədin həmin ölkənin " demilitarizasiyası" olduğunu vurğulayıblar.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Bu təcavüzdən cəmi iki gün öncə, fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıblar. Sənəddə iki ölkə arasında hərbi, siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlıqdan bəhs edilir.

XS
SM
MD
LG