Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:22

Azərbaycanda Rusiya mediasına yaşıl, Qərbə qırmızı işıq...


İşıq gələn bacalara hücum (karikatura)
İşıq gələn bacalara hücum (karikatura)

Azərbaycanda, rəsmi məlumata görə, 5 mindən çox media orqanı fəaliyyət göstərir. Onların içində yerli kütləvi informasiya vasitələri (KİV) ilə yanaşı, xarici media orqanları da var. Bu ilin fevralına qədər xarici media orqanları Azərbaycanda fəaliyyət göstərmələri üçün Xarici İşlər Nazirliyində akkreditə olunmalı idi. Prezident İlham Əliyev fevralın 8-də "Media haqqında" Qanunu təsdiqləyəndən sonra isə xarici jurnalistlərin Azərbaycanda akkreditasiyasını müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) həyata keçirməlidir.

"Azərbaycanda Qərb mediasının bürosu yoxdur"

"Turan" Agentliyinin məlumatına görə, Azərbaycanda hazırda Qərb ölkələrinin heç bir mediasının bürosu yoxdur. BBC, "Amerikanın Səsi", "Reuters", "Bloomberg" agentliklərinin Azərbaycanda nümayəndələri çalışsa da, büroları fəaliyyət göstərmir.

AzadlıqRadiosunun Bakıdakı ofisi 2014-cü ildə qeyri-hökumət təşkilatlarına qarşı cinayət işi çərçivəsində möhürlənib, saytı da Azərbaycanda bloklanıb. Halbuki, buna qədər bu radionun Azərbaycanda həm orta dalğada, həm də FM-də yayımı olub.

Baş prokurorluq əməkdaşları axtarışdan sonra AzadlıqRadiosunun Bakı ofisini möhürləyir
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

BBC-Azərbaycan xidmətinin yayımlarına 1994-cü il noyabrın 30-da başlanıb. Verilişləri bir müddət Azərbaycanda FM dalğasında yayımlanıb. Lakin Azərbaycan hökumətinin FM dalğalarında xarici radioların yayımını dayandırmaq barədə qərarından sonra - 2009-cu il yanvarın 1-dən etibarən onun (o cümlədən AzadlıqRadiosunun) yayımı dayandırıldı. 2011-ci il martın 25-dən BBC-Azərbaycan radiosu Britaniya hökumətinin ictimai sektorda xərcləri azaltması nəticəsində fəaliyyətini dayandırmalı oldu. Amma istər BBC, istərsə də AzadlıqRadiosu azərbaycanca öz fəaliyyətini internet səhifəsində davam etdirir.

"Amerikanın səsi"nin Azərbaycan xidməti isə - müəyyən fasilələr istisna olmaqla - 1952-ci ildən fəaliyyət göstərir. Sovet İttifaqı 1991-ci ildə dağılanadək "Amerikanın səsi"nin verilişləri qısa dalğada yayımlanırdı. O cümlədən AzadlıqRadiosunun. Müstəqillik dönəmində "Amerikanın səsi" Azərbaycanda meydana çıxan FM radiosunda, bir müddət də ANS TV və AZTV-də verilişlər yayımladı. Xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra o da öz verilişlərini internetdə və peyk televiziyasında yayımlayır.

"Reuters" agentliyi də 1990-cı illərin sonunda Azərbaycanda öz ofisini açsa da, daha sonra onun fəaliyyəti dayandırıldı. Hazırda ölkədə bu agentliyin yalnız nümayəndəsi fəaliyyət göstərir.

Yerli televiziyalar hansı problemlərdən danışa bilir?
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Türkiyə…

Türkiyəyə gəlincə isə, burada mənzərə fərqlidir. Azərbaycanda "Anadolu" Agentliyinin və Türkiyə Radio Televiziya Qurumunun (TRT) ofisləri rəsmi qaydada fəaliyyət göstərir.

Agentliyin 1992-ci ildən Azərbaycanda təmsilçisi olub. Amma 2012-ci ildən etibarən onun Bakıdakı ofisi şirkət üçün Asiya-Qafqaz bölgəsinin mərkəzinə çevrilib.

TRT isə Azərbaycan-Bakı nümayəndəliyini 2000-ci ildə açıb. Nümayəndəlik indi də Azərbaycanda rəsmi qaydada çalışır.

Rusiya…

Ölkədə Rusiyanın da xəbər agentliklərinin büroları mövcuddur. "Russia Today" media qrupunun layihəsi olan "Sputnik Azərbaycan" portalı ölkədə 2015-ci ildən fəaliyyət göstərir. Portalın Bakıdakı ofisi rəsmi qeydiyyat əsasında fəaliyyət göstərir. Rusiyanın digər xəbər agentliyi - "Interfax" da Azərbaycanda öz nümayəndəliyini açıb. Agentliyin rəsmi internet səhifəsində qeyd olunur ki, "Interfax-Azərbaycan" 2002-ci ildə Rusiya və Azərbaycan prezidentlərin şəxsi təşəbbüsü ilə ərsəyə gəlib. Onun yaradıcılarının Rusiya tərəfindən "Interfax" beynəlxalq informasiya qrupu, Azərbaycan tərəfindən isə Dövlət Neft Şirkətinin ( SOCAR) olduğu bildirilir.

İranın media orqanları…

İranın media orqanlarına gəldikdə isə, onlar Azərbaycanın müstəqilliyinin ilk illərində daha çox fəallıqları ilə seçiliblər.

1995-1997-ci illərdə hətta Azərbaycanla İranın arasında bağlanmış müqavilə əsasında İran Dövlət Televiziya Kanalının (IRIB) verilişləri AzTV-də, AzTV-nin verilişləri isə İranda yayımlanırdı. Lakin 1997-ci ildə bu proses bitib.

90-cı illərin sonundan başlayaraq hazırda da İranın "Səhər" Televiziyasının yayımı Azərbaycana peyk vasitəsilə ötürülür.

O cümlədən İran Dövlət Xəbər Agentliyi - IRNA Azərbaycan Dövlət İnformasiya Agentliyi- AZƏRTAC-la əməkdaşlıq edir.

A.Abbas
A.Abbas

"Ola bilər ki, Rusiya və Türkiyə mediaları…"

Milli Məclisin deputatı Aqil Abbas "Turan"a bildirib ki, Azərbaycanda medialar arasında fərq qoyulmur: "Ola bilər ki, Rusiya və Türkiyə mediaları daha fəaldır".

O qeyd edib ki, Rusiya Azərbaycanın son günlər üç saytına blok qoyub: "Biz də əleyhimizə yazıları verən saytlara və kanallara blok qoymalıyıq".

Bununla belə o vurğulayıb ki, əslində o, bir jurnalist kimi mediaya blok qoymağın tərəfdarı deyil.

Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan Qərb və Türkiyə mediasının diqqətini 20 Yanvar hadisələrdən sonra cəlb etməyə başlayıb: "Burada gedən proseslər, Sovet hökumətinə qarşı çıxışlar, Qarabağla bağlı tələblər o mediaların bura öz nümayəndələrini göndərməyə vadar etdi".

Q.Məhərrəmli
Q.Məhərrəmli

"2005-ci ilə qədər xarici medialar Azərbaycanda…"

Onun sözlərinə görə, 1993-cü ildə baş verən Gəncə hadisələri xarici medialarda növbəti maraq dalğası yaradıb: ""France Presse", "Reuters", "The Associated Press" Azərbaycandan informasiya mənbəyi kimi istifadə etməyə başladılar və burada təmsilçiliklərini yaratdılar. Bu proses 2000-ci ilə qədər davam etdi, sonrakı dövrlərdə isə onların Azərbaycana marağı xeyli dərəcədə zəiflədi. 2005-ci ilə qədər xarici medialar Azərbaycanda kifayət qədər müstəqil və sərbəst şəkildə fəaliyyət göstərə bildi".

Ekspert hesab edir ki, bunun əsas səbəbi Azərbaycanın özünün informasiya blokadasını yarmaq istəyi olub. O qeyd edib ki, son 10 ildə Azərbaycanda həm Türkiyənin, həm də Rusiyanın informasiya agentlikləri fəaldırlar.

Ə.Məmmədli
Ə.Məmmədli

"Hökumət narahat olur"

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli isə AzadlıqRadiosuna deyib ki, Azərbaycanda xarici mediaların çıxarılması prosesi, əsasən, 2008-ci ildən başlayıb: "Onlar FM dalğalarından çıxarıldı. Sonra 2014-cü ildə AzadlıqRadiosunun Bakı bürosu bağlandı".

Rusiya və Türkiyə KİV-lərinə gəlincə, ekspert qeyd edib ki, onlar iki ölkə arasında mövcud olan müqavilələrə əsasən Azərbaycanda fəaliyyət göstərir: "Digər ölkələrlə isə belə müqavilələr olmadığına görə Azərbaycanda xarici medianın birbaşa yayınması qadağan olunub".

Ə.Məmmədlinin fikrincə, Azərbaycan dilində fəaliyyət göstərən xarici medialara ölkədə məhdudiyyətlərin qoyulmasında siyasi yanaşma da mövcuddur: "Bəzən hökumət narahat olur, çünki hökumət tənqidə açıq deyil".

Hərçənd, rəsmilər hökumətin tənqidlərə açıq olmaması ilə bağlı fikirləri bölüşmürlər.

XS
SM
MD
LG