Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:32

Beynəlxalq Bank ABŞ məhkəməsinə üz tutub


Azərbaycan beynəlxalq Bankı
Azərbaycan beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankı 3,3 mlrd. dollar həcmində borcun restrukturizasiyasına nail olmaq məqsədi ilə mayın 11-də Nyu-Yorkda məhkəməyə müraciət edib. Restrukturizasiya kreditin və ya onun qaytarılması şərtinin dəyişdirilməsi deməkdir.

Bubarədə “Wall Street Journal” qəzeti xəbər verir.

Yazıda bildirilir ki, neftin qiymətinin kəskin enməsindən və valyuta məzənnələrinin dəyişməsindən ziyan çəkən Azərbaycan bankı Amerika məhkəməsində müdafiə olunmaq istəyir.

Məhkəmə uyğun görərsə, bank ABŞ qanunvericiliyində nəzərdə tutulan müdafiə tədbirlərindən yararlana bilər. Bu tədbirlər kreditorların məhkəmə iddialarının dayandırılmasına və digər iradlarının qarşısının alınmasına imkan verir.

Məhkəməyə müraciətdə bildirilir ki, apreldə Azərbaycanda rəsmi restrukturizasiya prosesi başlayıb. Əsasən Azərbaycan hökumətinə məxsus olan bank son illər ciddi zərərə məruz qaldığını bildirib.

“Ödənməmiş borc 908 milyon dollardır”

“Beynəlxalq Bank müntəzəm olaraq ABŞ-da dörd müxbir hesabından istifadə edir. Bunlar da hazırda 50 mln. dollara yaxın vəsaitə malikdir. Həmin hesablara girişin itirilməsi banka dollarla tranzaksiya keçirməyə imkan verməz. Bu, onun əsas müştəriləri ilə münasibətlərinə ciddi ziyan vuracaq, işgüzar reputasiyasını pozacaq, bankın öz fəaliyyətini davam etdirməsinə təhlükə yaradacaq", – məhkəməyə müraciətdə deyilir.

Məhkəmə dinləmələrinin iyunun 7-nə təyin edildiyi bildirilir.

Azərbaycan beynəlxalq Bankı
Azərbaycan beynəlxalq Bankı

“Reuters” informasiya agentliyi yazır ki, bank məhkəməyə ABŞ müflisləşmə məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq müraciət edib. Belə bir müraciət isə müflisləşmə demək deyil, kreditorların Birləşmiş Ştatlarda hüquqi addımlar atmasını əngəlləyir, debitorlara restrukturizasiya zamanı tanıyır.

http://www.reuters.com/article/us-azerbaijan-iba-debt-idUSKBN1880UH

Bank bildirib ki, Dublində yerləşən Rubrika Finance Company Ltd.-yə 100 milyon dollarlıq borcunun ödəniş qrafiki gecikib.

Thomson Reuters-in məlumatına görə, ABB-nin hazırda 908 milyon dollarlıq ödənməmiş borcu var.

Beynəlxalq Bank nə deyir?

Ancaq Azərbaycanda bu bankın müflisləşməsi barədə, hələ ki, hər hansı söhbət getmir.

APA agentliyixəbər verir ki, Nyu-York Məhkəməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) müraciəti əsasında mayın 12-si onun aktivlərinin xarici kreditorların ABŞ-dakı iddia tələblərindən qorunması ilə bağlı qərar qəbul edib.

Buna da bax:"Beynəlxalq Bankın baş direktoru Cahangir Hacıyevi suçladı"

Bankın mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, qərara əsasən,xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi zamanı xarici kreditorlar onların aktivlərinə qarşı tələblər irəli sürə bilməyəcək.

"Bəyan etdiyimiz kimi, ABB-nin xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası planı maliyyə vəziyyətinin güclənməsinə xidmət edir. Bu proses nəticəsində ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq. Bu prosesin önəmli istiqamətlərindən biri də restrukturizasiya zamanı xarici kreditorların ABB-nin xarici ölkələrdəki aktivlərinə qarşı hər hansı iddialar irəli sürməməsinə nail olmaqdır. Müraciətimiz məhkəmə tərəfindən təmin olundu. Bütün bunlar, restrukturizasiya prosesini uğurla həyata keçirməkdən ötrü lazımi addımların atıldığını göstərir", – deyə ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov məhkəmə qərarını şərh edərkənbildirib.

Xatırlatma

Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb və Azərbaycanda 36 filialı, 1800 əməkdaşı var.

Bankın ən azı 2,3 mlrd. dollar borcu və Dövlət Neft Fondundan 1 mlrd. dollar depoziti olduğu bildirilir.

Martda bankın iri kreditor Cargill Financial Services International Inc. -ə 715 mln. dollar həcmində kreditə görə ödəniş etmədiyi iddia olunub.

2016-cı ilin iyun ayına olan vəziyyətə görə, bankın aktivləri 8,3 mlrd. dollara yaxın olub. Müştərilərin hesabları da daxil olmaqla, öhdəliklərin ümumi məbləğinin 8 mlrd. dollar təşkil etdiyi bildirilir.

Mayın 11-də Azərbaycan hökumətinin bankın öhdəliklərinin dövlətə ötürülməsinə qərar verdiyi açıqlanıb. Bu öhdəliklərin cəmi məbləği barədə isə rəsmi bilgi verilmir.

Müstəqil ekspertlər öhdəliklərin cəminin milyardlarla dollarla ölçüldüyünü deyirlər. Üstəlik, bankın öhdəliklərinin dövlətə keçirilməsini mənfi yöndən dəyərləndirənlər də var. Bəzi ekspertlər deyirlər ki, korrupsiya yolu ilə bankın pulları talan edilib, böyük borclar yaranıb. İndi bu yük xalqın çiyninə atılır.

Buna da bax:"Cahangir Hacıyevin 12 vəsatətinin biri də təmin olunmadı"

XS
SM
MD
LG