Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:49

Azərbaycanda içməli suyun 39 faizi, suvarma suyunun yarısı itkiyə gedir


Son illər Azərbaycanda su çatışmazlığı problemi kəskinləşməkdədir. Özəlliklə aran rayonların sakinləri nəinki suvarmada, hətta içməli su təminatında da ciddi sıxıntılar yaşayırlar. Beləcə, “su çatışmazlığının səbəbləri nədir” sualı aktuallaşır.

Ölkədə su çatışmazlığı son illər kəskinləşsə də, heç də sürpriz hadisə deyil. Beynəlxalq təşkilatlar hələ ötən əsrin 90-cı illərində bildirirdi ki, kəsərli addımlar atılmasa, Azərbaycanı ciddi su stressi gözləyir. Digəl, bir çox digər problemdə olduğu kimi, hökumət bu sahədə də çağırışlara çevik və adekvat reaksiya vermədi. Yalnız bir neçə il öncə - ölkədə su ilə bağlı böhranlı durum yaranandan sonra hökumət bu yöndə bəlli addımlar atmağa başladı.

Azərbaycanda su qıtlığının təbii səbəbləri də var. Ölkədə su qaynaqlarının azlığı, eləcə də mövcud resursların 70 faizinin mənbəyinin digər ölkələrin ərazisində olması Azərbaycanın işini çətinləşdirir. Ancaq Azərbaycandan daha az su ehtiyatlarına sahib ölkələrdə durumun belə ciddi olmaması göstərir ki, su problemi təbii amillərdən daha çox idarəçilikdən qaynaqlanır. Hökumət bu durumun yaşanacağını 30 il öncədən bilsə də, doğru siyasət mexanizmləri qurmadığından, indi su təminatı çox ciddi problemlərlə üz-üzə qalıb.

Suyun yarıdan çoxu itkiyə gedir

Bugünlərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun Milli Məclisdə açıqladığı rəqəmlər durumun nə qədər kritik olduğunu bir daha göstərir. Qurumun rəhbəri parlamentdəki çıxışında bildirib ki, ötən il Azərbaycanda içməli suda itki 39 faiz olub.

Deməli, ölkənin onsuz da qıt olan içməli su ehtiyatlarının, az qala, yarısına yaxını itkiyə gedib. Unudulmamalıdır ki, indi dünyada içməli su resursları üzrə ideal itki göstəricisi 10 faizdən aşağı hədd sayılır. Başqa deyimlə, Azərbaycanda içməli su resurslarındakı itki göstəricisi normal səviyyədən dörd dəfə çoxdur. Ölkə qarşıdakı 10 ildə içməli su itkisini 20 faizə, 2050-ci ildə isə 10 faizə salmağı planlaşdırır. Deməli, hətta bütün işlər yaxşı görülsə də, Azərbaycanda içməli suyun itki səviyyəsi hələ 26 il sonra normal duruma çata biləcək. Bu, qarşıdakı illərdə də ölkədə su probleminin davamlı hal alacağının göstəricisidir.

Təsərrüfat suyunun durumu daha pisdir

Təsərrüfatlarda istifadə edilən su üzrə itki göstəricisi daha da yüksəkdir. Rəsmi açıqlamaya görə, suvarma sistemlərində su itkisi 50 faizi aşır. Başqa sözlə, istifadə edilən suyun itkiyə gedən bölümü istifadə ediləndən daha çoxdur.

Azərbaycanda su itkilərinin yüksək olmasının əsas səbəblərindən biri də mövcud infrastrukturun köhnəlməsidir. Köhnə infrastrukturla yanaşı, su kanallarının beton deyil, torpaq örtüklü olması da itkini çoxaldır. Bu baxımdan, daha bir acınacaqlı durum aşkara çıxır: ölkəyə böyük neft gəlirləri axdığı dövrdə hökumət mənasız tikinti layihələrinə və idman yarışlarına xeyli vəsait ayırsa da, daha çox əlavə dəyər yaratmaq potensialı olan suvarma sistemlərinə yetərincə diqqət göstərməyib. İndi – enerji gəlirlərinin azaldığı bir şəraitdə hökumətin bu layihələrə irihəcmli vəsait ayırması qat-qat çətin olacaq.

Azərbaycanda suvarma sistemlərində itkiyə gedən su həcminin çox olmasının bir səbəbi də müasir suvarma sistemlərindən daha çox selləmə üsulu ilə suvarmadır. Ötən il açıqlandı ki, ölkədə suvarılan torpaqların cəmi beş faizində müasir suvarma sistemləri tətbiq edilir.

Doğrudur, son illər müasir suvarma sistemlərinin quraşdırılarkən, xərclərin bir hissəsini dövlət öz üzərinə götürür. Di gəl, bu sistemlərin quraşdırılma xərcləri o qədər yüksəkdir ki, hətta xərclərin yarısını dövlət qarşılasa da, bir çox fermerin qalan hissəni maliyyələşdirməyə gücü çatmır.

Bu baxımdan, hökumətin müasir suvarma sistemlərinin quraşdırılmasında fəaliyyətini genişləndirilməsinə ehtiyac var. Onu da unutmaq olmaz ki, suvarma ilə bağlı problemlər ölkədə məhsuldarlığın da digər ölkələrlə müqayisədə aşağı olmasına yol açır. Halbuki, bu problemin aradan qalxması ölkədə məhsul istehsalının artması, dolayısıyla, həm gəlirlərin, həm də ərzaq təhlükəsizliyinin yüksəlməsi baxımından da faydalıdır.

Problemi dərinləşdirən amillər

Azərbaycanda su problemini dərinləşdirən başqa problemlər də var. Bunlardan biri suvarma suyu ilə təminatda nepotizm və korrupsiya hallarına yol verilməsidir. Məsələn, bəzi regionlarda suvarma növbəli qaydada aparılır və məmurlara məxsus iri təsərrüfatlar və ya rüşvət verən digər təsərrüfatlar ilk növbəyə salınır. Suya ən axırda sadə fermerlərin əli çatır.

Belə haqsız sistem həm sona qalan fermerlərin daha az sudan yararlanmasına, həm də ilk növbədə suvarılan təsərrüfatların suyu israf etməsinə yol açır. Bu baxımdan, ölkədə suvarma kanallarından istifadə ilə bağlı doğru-düzgün mexanizmlərin təmin edilməsi çox vacibdir.

İçməli su mənbələrinə məişət tullantılarının atılması da bir çox regionda içməli su mənbələrini azaldır. Dövlət rəsmiləri buna görə vətəndaşları günahlandırır. Ancaq nəzərə almaq lazımdır ki, bir çox yerdə məişət tullantılarının toplanmaması və ya belə yerlərn heç olmaması da həmin əraziləri çirkləndirir. Başa sözlə, əslində, yerli icra hakimiyyəti orqanlarının öz işlərini düzgün qurmaması və vətəndaşların kommunal xidmətlərlə gərəyincə təmin edilməməsi də su mənbələrinin çirkləndirilməsinə yol açır.

Daha bir səbəb belə problemlərin həllində müsbət dəyişikliklərə nail olacaq vətəndaş cəmiyyəti təşəbbüslərinin məhdudlaşdırılmasıdır. Hökumət rəsmiləri, bir qayda olaraq, özlərinin yönəltdiyi QHT-lərlə əlaqə qururlar. Bu tip əməkdaşlıq fayda gətirmir. Müstəqil ekoloji təşəbbüslərin prosesdən kənarda qalması problemlərin həlli ilə bağlı müzakirələrdə iştirakçılığı aşağı salır. Bütün bunlar son nəticədə ölkədə su problemlərini artırır və insanları həm iqtisadi, həm sosial, həm də ekoloji sıxıntılarla üzləşdirir.

XS
SM
MD
LG