Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:52

Azərbaycanda son 57 ilin ən çox sel və daşqını oldu


Daşkəsəndə daşqından sonra (Arxiv fotosu)
Daşkəsəndə daşqından sonra (Arxiv fotosu)

Çoxillik statistik məlumatlara görə, Azərbaycanda son 57 ildə ən çox sel-daşqın hadisəsi məhz bu il qeydə alınıb. Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva mediaya açıqlamasında belə deyib.

Bu ilin ötən müddətində ölkədə 45 sel hadisəsi baş verib, halbuki ötən il bütün ilboyu 43 sel qeydə alınmışdı. Son 10 ilin iyun aylarında ortalama 3-9 sel və daşqın baş verirdisə, ötən il 18; bu ilsə iyunun ilk 15 günündə 26 belə hadisə olub.

Nazirlik rəsmisi ölkədə sel və daşqın sayının artmasını iqlim dəyişikliklərinə bağlayıb. Təbii proseslər iqlim dəyişmələri fonunda baş verdiyindən, planetdə temperaturun yüksəlməsi yağıntıların fəsillik rejiminə də təsir göstərir və havanın ekstremallığı artır.

Azərbaycanda yağıntıların normanı ötməsi ölkənin fərqli bölgələrində problemlər doğurur. Rəsmi açıqlamaya görə, Qax rayonuna bir gündə aylıq normanın 120 faizi. quraq iqlimi ilə seçilən Sabirabada 122 faizi, Yevlaxa isə 75 faizi qədər yağıntı düşüb.

Sel və daşqınlarla yanaşı, ölkədə dolu yağması halları da çoxalıb. İyunun 1-dən 15-dək Azərbaycanda 31 dəfə dolu düşməsi qeydə alınıb. Ötən il 18 belə olay baş vermişdi. Qəbələ və Yardımlıda dolu dənələrinin diametri 25-30 millimetrə çatıb.

Təbii fəlakətin fəsadları

Baş verən sel, daşqın və dolu hadisələri həmin bölgələrdə yaşayan insanların yaşamına da təsirsiz ötüşmür. Bu ilin mayında Göygöl rayonunda selə düşən iki nəfər həyatını itirib. Bölgədə yaşayan sakinlərin ev və təsərrüfatlarına ciddi ziyan dəydiyindən, son günlər etiraz aksiyaları da baş verib. İyunun 23-də Şəki rayonu Daşüz kəndinin sakinləri ərazidən keçən magistral yolu bağlayıb. İyunun 17-də Daşüzə dolu düşməsi üzündən fərdi yaşayış evlərinə və təsərrüfatlara ciddi ziyan dəyib. Aksiyaya qatılanlar onlara kömək edilmədiyindən şikayətlənərək, hakimiyyət orqanlarını biganəlikdə günahlandırıblar.

Şəki sakinləri ilə yanaşı, Ağdam sakinləri də dolu düşməsindən yaranan problemlərə etiraz ediblər. Təsərrüfatlarının ciddi ziyan gördüyünü bildirən fermerlər Ağdam İcra Hakimiyyətinin önünə toplaşaraq, narazılıqlarını dilə gətiriblər. Onlar da dövlət qurumlarının dəyən ziyanla bağlı reaksiyasızlığından gileyləniblər.

Aqrar Sığorta Fondunun yaydığı açıqlama da regionlarda yaşayan insanların ciddi problemlərlə üzləşdiyini təsdiqləyir.

Açıqlamada bildirilir ki, bölgələrdə yağan leysan yağışları, sel-subasma, güclü külək, dolu ucbatından fermer təsərrüfatlarına ziyan dəyib. Ötən dövrdə, əsasən, Ağdam rayonu ərazisində buğda, arpa, pambıq sahələrinə dolu düşməsinə, güclü küləyin ağacları sahələrə aşırmasına dair bilgilər yayılıb.

Təbiət hadisələrindən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboy, Şabran, Şəki, Qax, Cəlilabad rayonlarının fermerləri də zərər çəkiblər. Ölkə üzrə daha çox müraciət Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarından daxil olub. Müraciətlər fırtına və dolu kimi sığorta predmetləri ilə bağlıdır. İlin əvvəlindən, özəlliklə may-iyun aylarında Aqrar Sığorta Fonduna təsərrüfatlara dəyən ziyanla bağlı 900-dən çox müraciət daxil olub.

İtkilərin miqyası

2014-cü ildə aparılan araşdırma nəticələrinə görə, Azərbaycanda bütün təbii təhlükələr 50 milyon dollar (85 milyon manat) dəyərində orta illik iqtisadi itkilərə səbəb olur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO-nun) araşdırmasına görə, son 20 ildə müxtəlif təbii təhlükələrin ölkədəki əkin sahələrinə vurduğu ziyan bitkiçilikdən əldə olunan toplam qazancın 4-6 faizi qədərdir. Hesablamalara görə, təkcə 2003-2010-cu illərdə Azərbaycanda çay daşqınları kənd təsərrüfatı üzrə torpaq fondunun 29.8 faizinə zərər vurub, 2З9 min hektar əkin sahəsi, о cümlədən strateji önəmli 19 min hektar pambıq sahəsi, 77 min hektar taxıl sahəsi, 10 min hektar bostan bitkiləri sahəsi, 7 min hektar otlaq sahəsi уаrагsız hala düşüb və 104 min baş iri və xırdabuynuzlu mal-qara tələf olub.

Hökumət nələri etməlidir?

Son illərdə ölkədə təbii amillər insanların dolanışığına ciddi təsir göstərir. Dəyən ziyan üzündən fermer təsərrüfatları illərlə toparlana bilmir. Bu baxımdan, hökumətin təbii fəlakətlərə daha hazırlıqlı olmasına ehtiyac var. Dövlət qurumları effektiv siyasət mexanizmləri formalaşdıraraq, bu hadisələrin insanların rifahına təsirini azaltmalıdır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının araşdırmasında bu da vurğulanır ki, Azərbaycanın kənd təsərrüfatı sektorunda fəlakət riski dəyərləndirilmir, hazırlıq və fövqəladə fəaliyyət planları yoxdur, fəlakət sonrası ehtiyac, zərər və ziyan qiymətləndirilmir. Əks halda belə məlumatlar açıqlanardı. Üstəlik, yerli hakimiyyət orqanlarının daşqın riskini qiymətləndirnəyə texniki imkanları da yoxdur.

Qurumun hesabatında diqqətə çatdırılır ki, Azərbaycanda təbii fəlakətlərin doğurduğu problemlərin həlli baxımından “Fəlakət Riskinin Azaldılması və Hidrometeorolgiyanın İnkişafı üçün” yeni dövlət proqramlarının qəbuluna ehtiyac var.

FAO-nun fikrincə, bütün səviyyələrdə qurumlararası bağlantıları, əməkdaşlıq və ünsiyyəti dəstəkləmək və gücləndirmək üçün ölkədə Milli Platforma yaratmaq lazımdır. Kənd təsərrüfatı sektoruna cavabdeh qurumların bu platformada fəal iştirakını təmin etmək də çox vacibdir.

O da bildirilir ki, fəlakət riskinin azaldılmasına dair məlumatların toplanması və təhlili də daxil, kənd təsərrüfatı siyasətinin araşdırılmasında və hazırlanmasında ciddi boşluqlar var. Hökumət bu boşluqların doldurulmasına çalışmalıdır. Digər bir vacib məqam da ixtisaslı kadrlarla bağlıdır. Özəlliklə fəlakət riskləri olan bölgələrin xəritələşməsi baxımından ölkənin istər texniki imkanları, istərsə insan resursları inkişaf etdirilməlidir.

Fəlakət risklərinin azaldılması baxımından FAO-nun Azərbaycanda tətbiqini vacib saydığı digər mexanizm də erkən xəbərdarlıq sistemlərinin yaradılmasıdır. Fəaliyyət göstərən meteoroloji və hidroloji stansiyaların, özəlliklə onlayn ötürmə funksiyalı avtomat stansiyaların sayını artırmaq və hidrometeoroloji müşahidə şəbəkəsini optimallaşdırmaq da hökumətin atmalı olduğu addımlar arasındadır.

XS
SM
MD
LG