Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:28

Yarım milyonluq tenderin qalibi: 'Onun-bunun əlinin altında fəhlə işləyən adamam'


Sumqayıt Şəhər İcra Hakimiyyəti pulları hara xərcləyir?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Sumqayıt Şəhər İcra Hakimiyyəti pulları hara xərcləyir?

"Azərxalça" ASC-nin tenderdə qalib elan edib 457 min manat büdcə vəsaitini köçürdüyü şirkətin rəhbəri deyir ki, heç nədən xəbəri yoxdur. O, hətta yazıb-oxumağı da bacarmadığını, adına açılmış şirkətin də hansı işlə məşğul olduğunu bilmədiyini söyləyir.

Bu barədə Durhəsən Rzayev dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən danışıb. O, "Azərxalça" ASC-nin 2021-ci ilin yanvarında həbs olunan, ev dustaqlığına buraxılandan bir neçə gün sonra – noyabrın 5-də vəfat edən sabiq sədri Vidadi Muradovun məhkəməsində dindirilib. Rəsmi sənədlərə görə, "Azərxalça" ip almaq üçün bu şirkətə 457 min manat pul köçürüb.

"Nə ipdən, nə də başqa şeydən xəbərim var"

Cinayət işinin materiallarında bildirilir ki, bu şirkətin hesabına köçürülən vəsait nağdlaşdırılıb və "Azərxalça" rəhbərliyinə geri qaytarılıb. Yəni ip alınması üçün ayrılmış vəsait son nəticədə mənimsənilib.

Məhkəmədə şahidlər dindirilməmişdən öncə onlar yalan danışmayacaqları haqda iltizamı imzalayırlar, kürsüdə qarşılarında olan "Şahidin andı" mətnini uca səslə oxuyurlar. Yarım milyonluq tenderin qalibi olmuş şirkətin rəhbəri olan Rzayev isə bu mətni oxuya bilməyib: "Oxuya bilməsəm də, Allaha and olsun, düz danışacağam. Əgər yalan danışsam, Allah mənim bəlamı versin...".

Rzayev deyir ki, o, günəmuzd işləyən fəhlədir. Nəinki yarım milyona ip satmayıb, ümumiyyətlə, bu işlər haqda heç bir məlumatı yoxdur: "Mən onun-bunun əlinin altında fəhlə işləyən adamam. Bir gün gecə evdə oturmuşdum, tanışlardan biri dedi ki, işsizsənsə, iş var. Razılaşdım. Məni nəyəsə imza atmaq üçün "Nərimanov"a apardılar. Orada bildim ki, adıma şirkət yaradılırmış. Sonra da Şamaxıya - vergi idarəsinə apardılar. Nə ipdən, nə də başqa şeydən xəbərim var".

"Bu məsələlərə aidiyyətim olmayıb"

"Azərxalça"da 2020-ci ilə qədər anbardar işləmiş, daha sonra şirkətin Satınalma Komissiyasında çalışmış Emin Xəlilov da məhkəmədə dindirilib. Onun sözlərinə görə, bəzi hallarda tender keçirilirdi, bəzi hallarda isə yox: "Komissiyada da mənim işim sənədlərlə olub. Bu məsələlərə aidiyyətim olmayıb".

"Azərxalça" ASC-nin Sumqayıtdakı yerli müəssisəsində və İsmayıllı rayonunda yerləşən xalça emalı sexində işləmiş Afər Soltanov da ifadə verib. O bildirib ki, sadəcə, verilən sifarişləri icra ediblər. Soltanov aparılan işlərdə çatışmazlıq müşahidə etmədiyini deyəndə prokuror ona öz ifadəsini xatırladıb. "Özünüz istintaqdakı ifadənizdə bildirmisiniz ki, sənəd üzərində termometrlər quraşdırılsa da, əslində yox idi. İşlədiyiniz şirkətlərin birindən 3 milyon 452 min manat, digərindən 400 mindən artıq pul yoxa çıxıb. İndi də deyirsiniz ki, çatışmazlıq müşahidə etməmisiniz", – prokuror belə deyib. Şahid dövlət ittihamçısına heç bir cavab verməyib.

Xatırlatma

21 milyon 673 min manatlıq mənimsəmə, 640 min manat vergidən yayınma kimi əməllərdə suçlanan Vidadi Muradov 2021-ci ilin yanvarında həbs olunub. Onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilən Muradov noyabrın 1-də ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə vəfat edib.

Cinayət işinin materiallarında iddia olunur ki, Muradov öz şirkəti "Azər-İlmə" MMC-nin Bakıda yerləşən inzibati binasını dövlət şirkəti olan "Azərxalça" ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürüb. "Azərxalça"nın pulu - xalça istehsalı üçün ip alınması məqsədilə nəzərdə tutulan vəsait formal olaraq müxtəlif şirkətlərin hesabına köçürülüb. Həmin şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb nağdlaşdırandan sonra geri qaytarıblar.

Bundan əlavə, "Azərxalça"nın ölkənin müxtəlif bölgələrində 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda yeyintinin olduğu bildirilir.

Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Onun oğlu Cavid Muradov Bakının öncə Səbail rayonunun polis rəisi olub. Hazırda isə Sabunçu Rayon Polis İdarəsinin rəisidir.

XS
SM
MD
LG