Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:51

İcra başçısının bacısı oğlu məhkəmə zalından azadlığa buraxıldı


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın bacısı oğlu Babək Zalıyev məhkəmə zalından azadlığa buraxılıb

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın bacısı oğlu Babək Zalıyev məhkəmə zalından azadlığa buraxılıb.

Xalasının rəhbərlik etdiyi qurumda məsləhətçi vəzifəsində çalışmış Zalıyev icra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin keçmiş müdiri Akif Əliyev və daha 7 nəfərlə birlikdə mühakimə olunurdu.

Sentyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Hökmə əsasən, onlar rüşvətalma, dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə təqsirli sayılıblar.

İddia olunur ki, Abşeron rayonu ərazisində tikinti-inşaat işlərinə icazə verilməsi, qanunsuz tikililərin sökülməməsi və başqa məqsədlərlə vətəndaşlardan rüşvət alınıb.

Təqsirləndirilən 9 nəfərin hamısının haqqında ittiham hökmü çıxarılıb. Lakin onlardan 7-sinə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar. Yalnız iki nəfərə həbs cəzası kəsilib - Abşeron rayonunun baş memarı olmuş Akif Əliyev 10 il 6 ay, Xırdalan şəhər 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin keçmiş rəisi Murad Əhmədov isə 6 il azadlıqdan məhrum edilib.

Əliyev hökmdən əvvəl son sözündə bildirib ki, özünü qətiyyən təqsirli bilmir:

"Xahiş edirəm, məni sifarişli həbsdən azad edib, bəraət hökmü çıxarasınız..."

Əhmədov isə son sözündə ona yüngül cəza verilməsini istəyib.

Xatırlatma

2020-ci ilin iyununda baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Abşeron rayon İcra Hakimiyyətində əməliyyat keçirib və bir sıra şəxslər həbs olunub.

İstintaq dövründə təqsirləndirilənlərdən ikisi - icra başçısının bacısı oğlu Zalıyev, eləcə də Güzdək bələdiyyəsinin sədr müavini olmuş Tural Ağaməmmədov həbsdə olmamışdı.

Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclasında onların hər ikisinin barəsində qətimkan tədbiri dəyişmiş və onlar məhkəmə zalında həbs olunmuşdular.

XS
SM
MD
LG