Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:34

Keçmiş rektor: 'Məndən sonra universitetdə YAP-çıların sayı artdı'


Nurlana Əliyeva Bakı Ağır Cinayətlər Məhkəməsində
Nurlana Əliyeva Bakı Ağır Cinayətlər Məhkəməsində

Bakı Slavyan Universitetinin (BSU) keçmiş rektoru Nurlana Əliyeva aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, xeyli vaxtdır adının hallandığı 226 min manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə əlavə şahid kimi ifadə verib.

Əliyeva hələ üç ay öncə məhkəməyə çağırılsa da, könüllü şəkildə gəlmədiyindən barəsində məcburi gətirilmə qərarı verilmişdi. Məhkəmədə BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyevanın (Nurlana Əliyeva ilə qohum deyil – red.) haqqında cinayət işinə baxılır.

"Söz verdi ki, evini satıb pulu yerinə qoyacaq"

Universitetdə ikinci təhsil alan tələbələrin ödədiyi təhsil haqlarını mənimsəməkdə, işə qəbul adı ilə pul alıb dələduzluq etməkdə və başqa əməllərdə suçlanan sabiq şöbə müdiri bu əməllərdə özünü təqsirli bilmir. O, keçmiş rektoru günahlandıraraq israrla onun dindirilməsini tələb edirdi. Sabiq rektor ünvanına səslənən ittihamları rədd edib.

Nurlana Əliyeva deyir ki, pandemiya dövründə tələbələr universitetə gəlib-getmirdi, bu durumda şöbə müdiri onun inamından sui-istifadə edib: "İlk dəfə iki tələbə mənə şikayət elədi. Dürdanə Əliyevanı çağırdım. Söz verdi ki, evini satıb pulu yerinə qoyacaq. Eləmədi. Mən də Təhsil Nazirliyinə şikayət etdim. Abır-həyamı itirməmişəm ki, 70 yaşımda dövlətin puluna əl atım. (Universitetdə keçirilən tədbirlərə) Evdən mürəbbə, şəkərbura-paxlava gətirirdim ki, universitetin pulu getməsin...".

"Bir-bir tələbələrin ödənişini yoxlaya bilməzdim axı…"

Keçmiş rektor ifadəsində 2016-cı ildə bu vəzifəyə təyin olunduğu vaxtı da yada salıb. Onun sözlərinə görə, həmin vaxt prezident onu yanına çağıraraq deyib ki, universitetdə ideoloji vəziyyət ağırdır. Əliyeva iddia edir ki, BSU-nun maliyyə sistemində də ciddi pozuntular vardı. O həddə pozuntular olub ki, hətta Hesablama Palatası da baş aça bilməyibmiş.

"Mən gələndən sonra inkişaf başladı. Mən rektor təyin olunandan sonra YAP-a üzv olanların sayı kəskin şəkildə artdı. Dünyada tanınmış şəxslər universitetdə mühazirələrlə çıxış etdilər. Universitet tamamilə dəyişdi", – keçmiş rektorun sözləridir.

Cinayət işinin materiallarından məlum olur ki, 123 tələbənin ödədiyi təhsil haqqı mənimsənilib – universitetin kassasına köçürülməyib. Yeyintilərdən xəbərsiz olduğunu deyən sabiq rektora sual verilib ki, 123 tələbənin ödənişlərinin köçürülməməsi onda şübhə yaratmayıb? Əliyeva suala belə cavab verib: "Universitetin son kursuna kimi tələbələrin ödəniş məsələsinə qarışa bilməzdik. Həm də mən bir-bir tələbələrin ödənişini yoxlaya bilməzdim axı…".

Əliyeva sabiq şöbə müdiri ilə əlbir olması haqda iddiaları təkzib edib.

Şahidlərin dedikləri

Məhkəmədə dindirilən zərərçəkmişlərdən bəziləri də ifadələrində bildirmişdilər ki, onlardan işə düzəlmək və başqa adlarla alınan pulların rektora verildiyinin şahidi olublar. Keçmiş rektor bunu da təkzib edib.

Dürdanə Əliyevanın məhkəməsi davam edir. O, həbsdə deyil, hökm çıxarılana qədər barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib. Onun ittiham olunduğu CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə) maddələrində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

77-yaşlı Nurlana Əliyeva 2016-cı ildə rektor vəzifəsinə təyin edilib. Tələbələrin şikayəti əsasında cinayət işi başlanandan və Dürdanə Əliyeva məsuliyyətə cəlb olunandan bir neçə ay sonra – 2021-ci ilin iyununda o da rektor vəzifəsindən azad edildi.

O, 2009-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasına da sədrlik edib.

XS
SM
MD
LG