Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:52

'Əsas günahkarlar, başda Mərkəzi Bank olmaqla, bankirlərimizdir'


Əkrəm Həsənov
Əkrəm Həsənov

Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında Azərbaycan prezidentinin əsas tənqid etdiyi sahə bank sektoru oldu. Prezident hətta bildirdi ki, ölkə iqtisadiyyatına ən böyük zərbəni bank sektoru vurub.

Bundan başqa, İ.Əliyev deyib ki, keçən il bank sektorunun sağlamlaşdırılmasına yönəlik önəmli addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı, cəza, inzibati tədbirlər görülüb. «Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərlə bundan sonra da ciddi mübarizə aparılacaq», – deyə prezident qeyd edib.

Buna da bax-Prezidentin Mərkəzi Bankdan fərqli inflyasiya hədəfi

Bank məsələləri eksperti Əkrəm Həsənov AzadlıqRadiosuna müsahibəsində prezidentin bank sektoru ilə bağlı fikirlərini şərh edib.

- Əkrəm bəy, prezident «İqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub» deyəndə nəyi nəzərdə tutur?

- İlk növbədə, bank sahiblərini və bank rəhbərlərini nəzərdə tuturdu. Çoxları məsuliyyətsiz və cinayətkar kredit siyasəti həyata keçirib. Faktiki, ya pulları bilərəkdən banklardan oğurlayıblar, ya da necə gəldi kredit verib bankları müflis vəziyyətə salıblar. Nəticədə problemli kreditlər artır, əmanətlər çıxarılır, kreditləşmə azalır, iqtisadiyyatda böhran dərinləşir. Buna görə də ötən il 11 bank bağlandı. Bu il də ardı olacaq. Digər tərəfdən, dövlət başçısı Mərkəzi Bankı (MB) da nəzərdə tuturdu, çünki bank sisteminin başında o durur və öz pul və məzənnə siyasəti ilə iqtisadiyyata zərbə vurdu.

- Bank sektorunun iqtisadiyyata zərbə vuracaq duruma düşməsinin günahkarı kimdir və ya nədir?

- Əsas günahkarlar başda MB olmaqla, bankirlərimizdir. Ötən il Maliyyə Bazarlarına Nəzarət Palatası da həmin siyahıya qoşuldu.

- Keçən il bank sektorunda sağlamlaşdırma ilə bağlı yetərli addımlar atıldımı?

- Bankların bağlanmasının özü müəyyən mənada sağlamlaşdırmadır, çünki xəstə hüceyrələri məhv etdilər ki, sağlamlar yoluxmasın. Amma bu, yarımçıq addım oldu. Bağlanmalı xeyli bank qalıb hələ. Digər tərəfdən, birbaşa sağlamlaşdırma, yəni hansısa bankın xilası baş tutmadı. Heç «Bank Standard»ı sağlamlaşdıra bilmədilər. Çünki həqiqi durum haqda təsəvvür yoxdur. Varsa da belə, onu üzə çıxarmaq istəmirlər, çünki üzə çıxarmalı olanların əliəyriliyinin nəticəsidir.

- Siz həmişə təklif edirdiniz ki, bankları pis duruma salanlar cəzalanmalıdır. Prezident deyib ki, qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq...

- Bəli, təəssüf ki, ötən il Cahangir Hacıyevdən (Beynəlxalq Bankın keçmiş sədri-red.) savayı, cəzalandırılan olmadı. Halbuki Beynəlxalq Bankdan başqa, «Bank Standard» və «Texnikabank» kimi iri banklar da çökdü və dövlətə xeyli zərər vurdu. Amma onların nə sahibləri, nə də idarəçiləri məsuliyyətə cəlb olundu. Əksinə, bəziləri hazırda heç nə olmamış kimi digər banklarda çalışır. Onlara bərbad nəzarət etmiş MB-dən də heç kəs cəzalandırılmadı. Ümid edirəm ki, prezidentin bu çağırışından sonra onları məsuliyyətə cəlb edəcəklər.

- Neft Fondundan Mərkəzi Banka transfert manatı qorumağa bəs edəcəkmi?

Manatın kəskin devalvasiyaya məruz qalmaması, yəni dolların 3 manatı keçməməsi üçün, böyük ehtimalla, kifayət etməlidir. Amma hər bir halda, devalvasiya tədricən davam edəcək. Burada əsas məsələ transfertin nə vaxt olacağıdır. Axı manat hər gün ucuzlaşır. Buna görə də 7.5 milyard manatın dəyəri də daimi deyil. Məsələn, ötən ilin əvvəlində təxminən 4.8 mlrd dollar edirdi, indi 4.2 mlrd dollar edir. Sabah nə qədər edəcək, bilinmir. Yəni burada qeyri-müəyyənlik var.

XS
SM
MD
LG