Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:47

Hələ ki, banka yardım var, vətəndaşa yox


Bank [karikatura]
Bank [karikatura]

Amma bəzi ekspertlərin fikrincə, banklara dövlət yardımı dolayısı ilə vətəndaş əmanətlərinin riskdən çıxardılması kimi də qiymətləndirilə bilər.

Devalvasiyadan sonra vətəndaşların dövlətdən görmədiyi dəstəyi banklar görməyə başlayıb. Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) maliyyə durumu pisləşən «BankStandard»ın köməyinə çatıb və ona dövlət büdcəsindən ilk yardımını ayırıb. Bankın bu durumu, əsasən, devalvasiyadan qaynaqlanır. Ancaq nədənsə devalvasiyadan zərərə uğrayan vətəndaşlara hələ də yardım göstərilməyib. Rəsmilərin fikrincə, belə yardımlar olarsa, maliyyə intizamı pozular. Hansı səbəbdənsə onlar banklara da eyni məntiqlə yanaşmırlar. Axı eyni məntiq əsas götürülsə, «BankStandard»a dövlət yardımı da digər bankların maliyyə intizamını poza bilər. Çünki digər bank rəhbərləri də düşünər ki, necə gəldi davransalar da, əvvəl-axır, dövlət öz yardım əlini uzadar.

Hüquqşünaslar ona da diqqət çəkirlər ki, «BankStandard»ı ağır duruma salanların cəzalandırılmaması başqalarının da yardımlara həvəsini artıra bilər.

Problemin kökünə baxanda

İqtisadçı ekspert Rəşad Həsənov hökumətin bank sektorunu sağlamlaşdırmaq təşəbbüsünə müsbət yanaşır, amma problemin bununla çözülməyəcəyini düşünür: «Beynəlxalq təcrübədə də bank sektoru hər hansı bir təsirlərdən tənəzzülə daxil olursa, hökumətin xilas paketi hazırlayıb, prosesi önləmək cəhdləri geniş yayılıb. Amma Azərbaycanda durum çox ciddidir və bank sektorunda köklü addımlar atılmalıdır. Hər hansı kiçik bir maliyyə dəstəyi bu sahəni xilas edə bilməz. Məsələn, bəzi məlumatlara görə, 15 milyon dəstək alan «BankStandard»ın 600 milyonluq öhdəliyi var. Bu isə problemin kökündən həllini çətinə salır».

Devalvasiyanın maliyyə yükü

Problemin, əsasən, devalvasiyalardan qaynaqlandığını düşünən ekspertə görə, bu durum biznesin və vətəndaşın borc yükünü artırmaqla yanaşı, gəlirlərini də azaldıb: «Nəticədə kredit öhdəliklərinin icrası ölkənin bank tarixində minimum səviyyəyə düşüb. Bütövlükdə bank sektoru təhlükə ilə üzləşib. Fikrimcə, devalvasiyanın maliyyə yükü vətəndaşların və biznesin üzərindən götürülməlidir. Yalnız bu halda dövlət vəsaitləri qalıcı nəticələr doğurar və həm bankların problemli kreditlərinin həcmi azalar, likvidlik möhkəmlənər, həm də əhalinin kreditqaytarma qabiliyyəti güclənər».

«Vətəndaşlara güzəşt maliyyə intizamsızlığı doğurmaz»

Rəşad Həsənov
Rəşad Həsənov

R.Həsənov dünya təcrübəsini misal göstərərək, vətəndaşlara güzəştin heç bir halda maliyyə intizamsızlığı doğurmadığını vurğulayır: «Çünki belə dəstək paketi vətəndaşın günahı səbəbindən baş vermədiyi hallarda tətbiq edilir və borclanma qərarlarında daim öz təsirini göstərir. Maliyyə intizamsızlığı prizmasından qiymətləndirmə aparsaq, zatən, bugünədək həm banklarda, həm də büdcə təşkilatlarında bu hal geniş yayılıb».

«Vətəndaşa dəstək hökumətin borcudur»

Ekspertin sözlərinə görə, yaranmış situasiyada vətəndaşa dəstək hökumətin borcudur: «Əks halda bank sektorunu nəinki 15 milyon manatla, hətta milyardyarımla da qurtarmaq mümkün olmaz. Hazırda bank sektorunun sağlamlaşdırılmasına xərclənəcək hər manat müxtəlif sosial qrupların borc yükünü azaltmağı da hədəfləməlidir. Başqa sözlə, ayrılan vəsaitlər, vətəndaşların kreditlərinin bəlli bir hissəsinin silinməsi qarşılığında, kompensasiya olaraq banklara verilməlidir».

«Kommersiya banklarının dəstək almağa yerləri yoxdur»

Nicat Hacızadə
Nicat Hacızadə

Ekspert Nicat Hacızadə yalnız dövlətin səhm paketinə malik kommersiya banklarına yardımın tərəfdarıdır: «Ancaq digər kommersiya banklarının, sadəcə, dəstək almağa yeri yoxdur. Maliyyə cəlb edə bilmirlər. Səhm vasitəsilə mümkünsüzdür, çünki bank pis vəziyyətdədir. Depozit cəlb edə bilmir, çünki vəziyyəti kafi deyil. Sonuncu şans kimi maliyyə qurumlarına müraciət edə bilər, o da indiki durumda banklara çox ağır şərt və yüksək faizlə kredit veriləcək. Bu isə banka sərf etmir. Tək çıxış yolu - kommersiya banklarının istiqraz buraxaraq dövlətdən maliyyə cəlb etməsidir. Düzdür, bu halda da istiqrazın faiz dərəcəsi yüksək və riskli olacaq. Bu baxımdan, kommersiya banklarının dövlətdən başqa dəstək yeri yoxdur».

«Dolayısı ilə vətəndaşlara da müsbət təsir edəcək»

Ekspertin qənaətincə, banklara yardım dolayısı ilə vətəndaşlara da müsbət təsir edəcək: «Əslində, banklarda yetərincə əmanət var. Bankın müflis olması əmanətlərin qaytarılmasını sual altında qoyur. O səbəbdən bu halda da vətəndaş ziyan çəkir. Deməli, ən azından, banklara belə müdaxilə vətəndaş əmanətlərinin riskdən çıxardılması kimi də qiymətləndirilə bilər».

XS
SM
MD
LG