Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Lavrov Bakıda Avropa İttifaqını tənqid edib


Xarici işlər nazirlərinin birgə mətbuat konfransı
Xarici işlər nazirlərinin birgə mətbuat konfransı

Bu gün, fevralın 28-də Azərbaycanla Rusiya xarici işlən nazirlərinin təkbətək və geniş tərkibli görüşü olub. Görüşlərdən sonra nazirlərin birgə mətbuat konfransı keçirilib.

"Turan"ın xəbərinə görə, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Ermənistanla sülh prosesindən bəhs edib. O deyib ki, Ermənistan danışıqların əvvəlindən sülh müqaviləsinin imzalanmasına mane olur: "…Biz gələcəkdə real nəticəyə hədəfliyik və hazırda əlimizdə olan bütün alətlərdən istifadə etməyə çalışırıq".

Bayramov Xankəndi-Laçın yolunda etirazlar məsələsinə toxunaraq bildirib ki, bunun əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatı pozması olub: "Orada Laçın yolundan sırf humanitar məqsədlərlə istifadə qeyd olunmuşdu. Lakin faktlar bunun Ermənistan tərəfindən kobud şəkildə pozulmasını göstərir. Azərbaycan dəfələrlə qapalı və açıq kanallarla bu barədə etirazını bildirmişdi".

O vurğulayıb ki, Azərbaycan yolda baş verən etirazların Qarabağda yaşayan ermənilər üçün hər hansı humanitar nəticələrə səbəb olmaması üçün əlindən gələni edir. Nazirin sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, Azərbaycan üçtərəfli bəyanatlara və digər razılaşmalara tam əməl etmək mövqeyindədir.

"Rusiya konsultasiya dəstəyini göstərəcək"

Rusiya Xarici İşlər naziri Sergey Lavrov da bildirib ki, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşdırılması məsələsi müzakirə olunub: "2020-ci ilin noyabrından Rusiya, Azərbaycan və Ermənistan liderlərinin artıq dörd bəyanatı var. Bu bəyanatlar bizim işimizin əsasını təşkil edir. Nəqliyyat və iqtisadi əlaqələrdən blokadanın götürülməsi barədə danışdıq. Ümid edirik ki, yaxın zamanda Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri müvafiq üçtərəfli işçi qrupun nümayəndələri olaraq Azərbaycanın əsas ərazisinin Naxçıvanla dəmiryol əlaqəsinin bərpası ilə bağlı konkret razılaşmalara nail olacaqlar".

Lavrovun sözlərinə görə, onlar Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı işlərin aktivləşməsindən bəhs ediblər: "Rusiya konsultasiya dəstəyini göstərəcək. Biz sülh müqaviləsinin bağlanmasına da dəstək verməyə hazırıq, lakin öz xidmətlərimizi təkidlə təklif etməyəcəyik".

Onun deməsinə görə, Azərbaycan tərəfi buna hazır olduğunu bildirib, Ermənistan tərəfi isə etiraz etmir, lakin, hələlik, yekun razılıq verilməyib.

"Texniki detallar çox vacibdir"

Laçın dəhlizi məsələsinə toxunan Lavrov qeyd edib ki, onun funksiyası üçtərəfli bəyanata tam uyğun olmalıdır. Onun sözlərinə görə, orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır.

O, habelə Avropa İttifaqını Ermənistana mülki missiya göndərməklə Ermənistan-Azərbaycan münasibətlərdən sui-istifadə etməkdə günahlandırıb: "Avropa İttifaqı missiyasının Ermənistana göndərilməsi onun funksiyaları, mandatı ilə bağlı bir çox suallar doğurur. Texniki detallar (missiyanın) çox vacibdir".

S.Lavrov fevralın 27-dən Azərbaycanda səfərdədir. O səfərinin ilk günüdə Prezident İlham Əliyevlə görüşmüşdü.

Mətbuat konfransında səslənən fikirlərə, hələlik, Ermənistan və Avropa İttifaqı rəsmilərinin münasibəti bəlli deyil.

Danışıqlar…

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılıb. Amma ötən ilin sonları hər iki danışıqlar, əsasən, dayanıb. Bununla belə, ötən ay Avropa İttifaqı Şurası sərhəd ərazilərdə "sabitliyə töhfə vermək" məqsədilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Artıq Ermənistanda olan monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib.

Üstəlik, fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Görüşdən sonra tərəflər danışıqlarla bağlı, əsasən, nikbin fikirlər dilə gətirmişdilər.

Ermənistandan deyilənlər…

Fevralın 16-da Ermənistan hökumətinin başçısı Paşinyan bildirib ki, Yerevan Bakı ilə sülh müqaviləsi üzərində işin növbəti mərhələsini başa çatdırıb, öz təkliflərini Azərbaycana çatdırıb. Onun sözlərinə görə, söhbət bütöv müqavilə layihəsindən gedir. Sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də verilib. Lakin təkliflərin detalları açıqlanmayıb.

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirdirlər. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər. Ermənistan isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər daha sonra da bölgədə nəqliyyat və iqtisadı əlaqələrin bərpasını vacib sayan daha bir neçə bəyanat qəbul ediblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG