Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:29

'Məni general olduğuma görə qurban seçdilər...'


Bəkir Orucov
Bəkir Orucov

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş Bəkir Orucov deyir ki, onu general olduğuna görə həbs ediblər. Onun sözlərinə görə, məqsəd də "Tərtər işgəncələri" olayında zərərçəkmişlərin və cəmiyyətin "gözündən pərdə asmaq" olub.

"Həbs olunmağımın səbəbini bilirəm. 42 il xidmət edib general rütbəsi almışdım. Çox deyir, yazırdılar ki, bu hadisələrə görə yüksək rütbəli zabitlər tutulmalıdır. Mən də arxası, dayağı, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım. Məni də ona görə qurbanlıq seçdilər. Göstərsinlər ki general da tutmuşuq...", – B.Orucov Bakı Apellyasiya Məhkəməsindəki çıxışında belə deyib.

2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncələr olub. İşgəncə nəticəsində bir nəfər zabit həyatını itirib. B.Orucov da Tərtərdə yox, Beyləqandakı işgəncələrə rəhbərlik etməkdə suçlanır.

O dövrdə Tərtərdəki korpusun komandanı Hikmət Həsənov, Beyləqan korpusunun komandanı Mais Bərxudarov olub. B.Orucov da Beyləqan korpusunun qərargah rəisi vəzifəsində çalışırmış.

"Adamı tutanda da kişi kimi tutarlar..."

Beyləqandakı olaylar da bütövlükdə "Tərtər işi" adlandırılan cinayət işi çərçivəsində istintaq edilib. Sonda B.Orucov və həmin olaylarda ittiham olunan daha dörd nəfərin işi ümumi cinayət işindən ayrılaraq məhkəməyə göndərilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general-mayor Orucova 9 il 6 ay həbs cəzası kəsilib. Onunla birlikdə mühakimə olunan dörd nəfərdən ikisi - korpusun təlimatçısı olmuş Ülvi Rəşidov və snayper bölüyünün komandiri Ziya Kazımov da 9 il 6 ay azadlıqdan məhrum edilib. Digər iki nəfərə - Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqatçısı, hadisələr vaxtı ora ezam edilmiş İntiqam Məmmədova və Beyləqan korpusunun təhqiqatçısı olmuş Rahib Məmmədova isə 6 il 6 aylıq həbs cəzası verilib.

Adları çəkilən beş nəfərin heç biri özünü təqsirli bilmir, hökmü ədalətsiz sayır. Onların hamısı apellyasiya şikayəti verib. Hazırda şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

"Mən heç kimə pislik eləməmişəm. Adamı tutanda da kişi kimi tutarlar. Ailə üzvlərim müdafiə nazirinin qəbulunda olub. Deyib ki, "mən də bilirəm, Bəkir Orucovun günahı yoxdur, amma əlimdən heç nə gəlmir, ona kömək edə bilmirəm". Generala bunu eləyirlərsə, görün, adi əsgərin başına nələr gətirərlər", - B.Orucovun sözləridir.

Polkovnik Ziya Kazımov da təqsirsiz olduğunu deyir. O, narazılıq edib ki, Bakı Hərbi Məhkəməsində araşdırmalar gedəndə verilən ifadələr bir kənarda qalıb, hakim ittiham aktını hökmə köçürüb. Z.Kazımovun sözlərinə görə, dindirilən zərərçəkmişlər onu işgəncə verilən hərbi hissədə görmədiklərini bildiriblər: "Hökmdə məhkəmədə deyilənlərdən əsər-əlamət yoxdur. Zərərçəkənlərin, şahidlərin məhkəmədə mənimlə bağlı dedikləri təhrif olunub".

Heç kimə işgəncə vermədiyini vurğulayan Z.Kazımov leytenant Adil Sabirlinin ölümündən də danışıb. Deyib ki, həmin vaxt evdə idi, telefon zəngi ilə belə bir hadisənin baş verməsindən xəbər tutub.

"Evdə idim. Zəng elədilər ki, belə bir hadisə var. Durub hərbi hissəyə getdim. Gəlib çatandan sonra general Bəkir Orucova zəng elədim. Süni nəfəs verdim, ürək masajı elədim. Gördüm ki, artıq ölüb", - təqsirləndirilən polkovnikin sözləridir.

Beyləqan olayları ilə bağlı apellyasiya məhkəməsində proses davam edir.

Xatırlatma

2017-ci ilin mayında Beyləqanda 60-dan çox əsgər və zabit işgəncəyə məruz qalıb. Nəticədə mayın 7-nə keçən gecə leytenant Adil Sabirli həyatını itirib.

Bakı Hərbi Məhkəməsində bu işə baxılarkən, general Orucov çıxışında müdafiə naziri Zakir Həsənovu, ovaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıqovu, korpus komandiri Mais Bərxudarovu suçlayıb. Deyib ki, Beyləqandakı hadisələr bu şəxslərin nəzarəti və göstərişi ilə baş verib.

General-leytenant M.Bərxudarovsa ünvanına səslənən ittihamları qəbul etmir. O, general B.Orucovun məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamlara bir müddət öncə belə münasibət bildirmişdi: "Bəkir Orucov nə danışıbsa, özü bilər, amma nahaq danışıb, çünki dedikləri həqiqəti əks etdirmir. Nə danışırsa, danışsın. Mən indi telefonda nəsə danışa bilmərəm. Hər şeyə hüquqi qiymət verilir. Biz hüquqi ölkədə yaşayırıq...".

XS
SM
MD
LG