Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:48

“Biləndə ki məni Suriyaya döyüşməyə aparırlar…”


"Orada başa düşdüm ki, ətrafımdakı adamlar terrorçulardır. Mənə Suriyaya getməyi təklif etdilər, ancaq razılaşmadım” (İllüstrasiya)
"Orada başa düşdüm ki, ətrafımdakı adamlar terrorçulardır. Mənə Suriyaya getməyi təklif etdilər, ancaq razılaşmadım” (İllüstrasiya)

►“Əslən İsmayıllı rayonundanam. 4 ildir ki, əhli-sünnə namazı qılmağa başlamışam.

Bakıya köçüb burada yaşayıram, qaynaqçı işləyirəm. Burada heç kimlə əlaqəm olmayıb. Müşfiqabadda yalnız cümə namazlarına gedib-gəlmişəm”.

Bunu təqsirləndirilən şəxs Telman Bəkirov deyir. Oktyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham edilən T.Bəkirov və Mübariz Tahirovun məhkəməsi başlayıb.

“O TORPAQLARA AYAĞIM DƏYMƏYİB”

Dövlət ittihamçısı hər iki şəxs barəsindəki ittihamları elan edib.

Onların ifadələri dinlənib.

Əvvəlcə Telman Bəkirov ifadə verib. O, nəinki Suriyada döyüşdüyünü, heç o torpaqlara ümumiyyətlə, ayağının dəymədiyini deyir:

“Mən əqidə adamıyam. Suriyaya ayağım da dəyməyib. Amma mənə ittiham veriblər ki, guya orada döyüşmüşəm”.

Telman Bəkirov məhkəmənin diqqətinə çatdırıb ki, sosial şəbəkədə Hasan adlı Türkiyə vətəndaşı ilə tanış olub. Bir-birlərini qiyabi tanıyandan sonra Hasan onu Türkiyəyə işləməyə dəvət edib. O da təklifə razılıq verib:

“Orada 1 ay qapı-pəncərə sexində işlədim. Sənədlərimi itirdiyim üçün Ankaradakı səfirliyimizə üz tutdum. Sənədlərimi qaydaya salan kimi Bakıya qayıtdım”.

Buna da bax: Yağışa görə küçədə gecələyirlər

“ORADA BAŞA DÜŞDÜM Kİ...”

Dövlət ittihamçısı isə bildirib ki, Telman Bəkirovun ibtidai istintaqa verdiyi ifadə ilə hazırkı ifadəsi arasında ziddiyyət var. Hakimdən əvvəlki ifadəni elan etməsini xahiş edib.

Hakim Səbuhi Hüseynov ibtidai istintaqa verilmiş ifadəni elan edib. Həmin ifadəsində Telman Bəkirov göstərib ki, Suriyaya gedib, orada azərbaycanlılardan ibarət silahlı birləşmələrə qoşulub. Sənədləri də həmin birləşmələrə başçılıq edən şəxslər tərəfindən əlindən alınıb.

Hakim ifadəni elan etdikdən sonra Telman Bəkirov susub.

Mübariz Tahirov da məhkəməyə Suriyaya getmədiyini bildirib. İfadəsində göstərib ki, bir müddət Türkiyədə yaşayıb. Namaza da orada başlayıb:

“Savadsız adamam. Heç hərf də tanımıram. Məni Mahmud Quliyev adlı bir nəfər aldadıb Qaziantep şəhərinə apardı. Orada başa düşdüm ki, ətrafımdakı adamlar terrorçulardır. Mənə Suriyaya getməyi təklif etdilər, ancaq razılaşmadım”.

Buna da bax: Hacıbala Abutalıbov Qız qalasına dırmaşdı (Karikatura)

ÖLDÜRMƏKLƏ HƏDƏLƏYİBLƏR

Deyir, elə razılaşmaması da başına işlər gətirib. Onu həmin şəhərdəki evlərdən birində dustaq ediblər. Ondan Suriyaya getməyi, döyüşlərdə iştirak etməyi tələb ediblər. Razılaşmasa, öldürəcəkləri ilə hədələyiblər:

“Mən canımı birtəhər qurtara bildim. Ancaq Mahmudun taleyi necə oldu, xəbərim yoxdur. Mən evdə dustaq saxlandığım vaxtda o, Suriyaya getmişdi”.

Hakim:

- Necə oldu ki, bu adamlarla tanış oldunuz?

Müttəhim:

- Bakıda Şirxan adlı şəxsin işlətdiyi internet kluba gedib-gəlirdim. Ora gələnlərin çoxu saqqallılar idi. Onlar Youtube videosaytına girir, bütün günü Suriyadakı döyüşlərlə bağlı videolara baxırdılar. Elə iş təklifini də onlardan almışdım. Anam xəstə idi, işə ehtiyacım olduğuna görə onların təklifi ilə Türkiyəyə də işləməyə getmişəm. Sonradan bilmişəm ki, əslində məni işləməyə yox, sənədlərimi əlimdən alıb Suriyaya döyüşməyə aparmaq istəyirlər”.

“BACIM DEDİ TELMAN SURİYADADIR”

Telman Bəkirovun dayısı Tahir Hüseynov məhkəmə ifadəsində bildirib ki, Telmanın Suriyaya getdiyini eşidəndən sonra bacısı ilə danışıb:

“Bacım telefonda ağladı, dedi, “elədir, Telman Suriyadadır”. Sonra məni Milli Təhlükəsizlik Nazirliyinə çağırdılar. Orada bir daha aydın oldu ki, Telman Suriyadaymış”.

Oktyabrın 13-də məhkəmə iclası şahidlərin dindirilməsi ilə davam edəcək.

27 yaşlı Telman Bəkirov və 25 yaşlı Mübariz Tahirov bu ilin aprel ayında Milli Təhlükəsizlik Nazirliyinin əməliyyatçıları tərəfindən saxlanılıb. Hər iki gənc 2014-2015-ci illər ərzində Suriya və İraqda həmin dövlətlərin qanunvericiliyində nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrdə, o cümlədən, İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirləndirilir.

İndiyədək Azərbaycan məhkəmələri Suriyada və İŞİD silahlı birləşməsində döyüşən azı yüz azərbaycanlını mühakimə edib. Onlar qruplar şəklində mühakimə olunublar və 7 ildən 14 ilədək azadlıqdan məhrum ediliblər.

XS
SM
MD
LG