Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:31

Böyük Qardaş eşidir. Lukaşenka KQB-yə əlavə səlahiyyət verir


Minskdə KQB qarşısında aksiya, sentyabr, 2021-ci il
Minskdə KQB qarşısında aksiya, sentyabr, 2021-ci il

Alyaksandr Lukaşenkanın hakimiyyətdə olduğu 28 il ərzində ona qarşı çıxan, onu sevməyən və ya sadəcə, onun hansısa siyasətini tənqid etmək istəyən belaruslular düşüncələrini öz evlərinin içində ifadə edərkən özlərini nisbi təhlükəsizlikdə hiss edə bilirdilər.

GPS tətbiqləri...

İndi isə hüquq və rəqəmsal texnologiya mütəxəssisləri deyirlər ki, insanlar bir fikri ifadə edərkən əvvəlcə bir neçə dəfə fikirləşməli olacaqlar. Bu xüsusən də GPS izləmə tətbiqləri, onlayn görüş xidmətləri və ya “Alisa” kimi səslə idarə olunan virtual köməkçilər işlədən vətəndaşlara aiddir. “Alisa” Rusiyanın “Yandex” internet şirkətinin məhsuludur.

Ötən həftə Lukaşenka telekommunikasiya operatorları və sayt sahiblərindən dövlətin hazırladığı yeni sistemi qoşmağı tələb edən sərəncam imzalayıb. Bu sistem Belarus KQB-sinə demək olar ki, bütün onlayn fəaliyyəti izləmək imkanı verəcək.

Oktyabrın 18-də imzalanan sərəncam, əslində, ötən il qəbul edilmiş başqa bir qanunu möhkəmləndirir. Həmin qanun kağız üzərində dövlət təhlükəsizlik agentliklərinə vətəndaşların evdə işlətdikləri smart cihazlar da daxil olmaqla bütün rəqəmsal ayaq izlərini güdmək üçün qeyri-məhdud güc verir. Ancaq ötən il qəbul edilən qanunda bunun mexanizmi göstərilmirdi.

Potensial təhlükədən praktikaya

"Əgər əvvəllər internet resursları və məlumat bazaları vasitəsilə izləmə potensial təhlükə kimi səslənirdisə, indi artıq bunu praktikada necə edəcəkləri aydındır", – deyə Belarusda onlayn azadlığın monitorinqi ilə məşğul olan “Netobservatory” və “Za BYnet” qrupları araşdırma hesabatında bildiriblər. Hesabat “LegalHub” hüquqi yardım təşkilatı ilə birlikdə hazırlanıb.

Dövlətin onlayn müdaxiləni dərhal bu şəkildə genişləndirə bilməyəcək. Ekspertlər sözügedən sistemin hələlik tamamlanmadığını və şirkətlərin onu qoşmağa zaman və pula ehtiyacı olduğunu deyirlər.

Nəzəri olaraq, vətəndaşların onlayn ayaq izinə çıxış səlahiyyəti yalnız aktiv araşdırmanın bir hissəsi kimi əldə oluna bilər. Ancaq ekspertlər deyirlər ki, təhlükəsizlik xidmətlərinin hərəkətlərinə nəzarət edən hər hansı bir qurum yoxdur.

KQB-yə yeni səlahiyyət

Lukaşenkanın bu sərəncamı 2021-ci ildə qəbul edilən qanunla birlikdə KQB-yə internet provayderləri, saytlar və məlumat bazalarının fərdlərlə bağlı toplayıb saxladığı məlumatlara çıxış səlahiyyəti verir. Bu isə insanların daxil olduqları saytlardan forumlara göndərdikləri mesajlara, istifadə etdikləri onlayn bank xidmətləri və görüşmə saytlarına qədər hər şeyi əhatələyir.
Sayt və onlayn xidmətlər çox zaman istifadəçi məlumatlarını illərlə saxlayır. Lukaşenkanın sərəncamında isə dövlət təhlükəsizlik agentliklərinin bu məlumatın içərisində eşələnməsinə hər hansı məhdudiyyət qoyulmur.

Bu sərəncam Lukaşenkanın 2020-ci ilin avqust etirazlarından bəri ölkə vətəndaşlarına qarşı ard-arda repressiya tədbirlərinin sonuncusudur.

Dövlət vətəndaşların ünsiyyət, məlumat yaymaq və fəaliyyətlərini koordinasiya etmək üçün yararlandığı “Telegram” sosial media əlavəsini hədəfə aldı. Müxalif “Telegram” kanallarının administratorları həbs edildi. Bu kanallara abunə olanları haqlarında cinayət işi açmaqla hədələdilər.

Xarici saytlar

Yeni sərəncamda qanunun yalnız yerli şirkətlərə şamil edilib-edilməməsi haqda heç nə deyilmir. Bu isə xüsusi xidmət orqanlarına xarici saytları da hədəfə almaq imkanı verir.

“Netobservatory”, “Za BYnet” və “LegalHub”ın birgə açıqlamasında deyilir ki, KQB əvvəlcə “Google”, “Yandex”, “Facebook”, “VK”, “Instagram”, “Twitter”, “TikTok”, “YouTube” və “Telegram” kimi ən iri internet şirkətlərinə təzyiq göstərə bilər.

Ancaq Rusiyada buna bənzər təzyiqlərlə üzləşən xarici şirkətlər bu tələblərə dirənib tabe olmamışdılar. Halbuki Rusiya onlar üçün Belarusdan qat-qat daha böyük və gəlirli bazar idi.

Hesabatda deyilir ki, dövlətlə əməkdaşlıqdan imtina edən sayt və onlayn xidmətlər qadağan oluna bilər.

XS
SM
MD
LG