Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:30

Ukrayna ilə həmsərhəd vilayətdə şübhə, qorxu, yorğunluq....


Belqorod, aprel, 2023-cü il
Belqorod, aprel, 2023-cü il

Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma başladıqdan az sonra Belqorodda müharibənin izlərini görməmək mümkün deyildi.

Adının dəyişdirilməsini istəyən Belqorod sakini Svetlana, insanların hər yerə müharibəyə dəstək simvolu kimi "Z" və ya "V" hərflərini yapışdırdıqlarını deyir. “Amma indi bu hərflər daha çox hərbi texnikanın üstündə qalıb. Maşınlarda cırılmış stiker və ya yapışqan izləri var. Ətrafımda hər kəs əvvəldən müharibənin əleyhinə idi və inanırdı ki, o başlamamalıydı”, – şəhər sakini bildirib.

15 aydır davam edən işğal Moskva və Sankt Peterburq kimi müharibə zonasından uzaq şəhərlərdə gündəlik yaşama elə də təsir göstərməyib. Oralarda müharibə daha çox dövlət televiziyasındakı təbliğatda, əsgərlərin fədakarlığı alqışlanan plakat və lövhələrdə, Ukrayna hökumətini və onun Qərb tərəfdarlarını iblis kimi qələmə verən rəsmi çıxışlarda hiss olunur.

Amma müharibə sərhəddən cəmi 60 kilometr aralıda, Ukraynanın ikinci ən böyük şəhəri Xarkova gedən əsas magistral yolun üzərində yerləşən Belqoroda daha sürətlə, dərhal çatıb.

Belqorodda artıq insanlar yorulub

“İndicə Ukrayna sərhədinə yaxın Valuyki şəhərindəydim. Orada da insanlar müharibəni dəstəkləmir”, – Svetlana bildirib.

AzadlıqRadiosunun rusdilli şəbəkəsi “Current Time”ın Belqorod və ətraf şəhərlərin sakinləri ilə müsahibələri göstərir ki, insanlar həqiqətən də yorulublar. Eyni zamanda da qorxurlar. Ərazi vaxtaşırı atəşə və sərhədyanı raket hücumlarına məruz qalır. Hücumların çoxu böyük ziyan vurmasa da, 2022-ci ilin aprelində Belqorodda yanacaq çəninin partlaması əsəbləri tarıma çəkib.

2022-ci il iyulun 3-də Belqorodun mərkəzində partlayışda 4 nəfər ölüb, 4 nəfər yaralanıb. Rusiya rəsmiləri Ukraynanı şəhərə raket atmaqda ittiham edərək, raketin vurulduğunu bildirib.

Bu qorxu ötən həftə Ukraynanı dəstəklədiklərini deyən bir qrup anti-Kreml döyüşçüsünün iki gün davam edən sərhədyani basqını təşkil etməsi ilə daha da güclənib. 2022-ci ilin fevralında başlayan işğaldan bəri Rusiya sərhədləri daxilində ən gərgin münaqişəyə çevrilən hadisədə iki nəfər həyatını itirib. Ondan çox insan yaralanıb.

Mayın 28-də Belqorod qubernatoru sərhədə yaxın bütün ərazilərdəki məktəblərdə tədris ilinin qalan hissəsini ləğv edəcəyini açıqlayıb.

Taun vaxtı ziyafət

Adının dəyişdirilməsini istəyən digər Belqorod sakini Alina insanların əksəriyyətinin müharibəyə öyrəşdiyini, amma sərhədyanı basqınlar səbəbindən hələ də narahat olduqlarını deyir. Onun sözlərinə görə, bir çox müəssisələr bağlanıb. “Şəhərdə həyat kəskin dəyişib. Tanışlar, qohumlar, əziz insanlar, dostlar çıxıb getdilər. Gecələr nəsə səs gələndə, bir növ partlayış olanda yuxudan oyanırsan”, – Alina bildirib.

Belqorodlu jurnalist Nikita Pamenov işğal başlayandan sonra ərazidəki insanların şokda olduqlarını, sonra isə hər kəsin müharibəyə öyrəşdiyini deyib. “Sərhəd kəndlərinin sakinləri nə baş verdiyini və harada olduqlarını çox tez hiss etdilər. Belqorodda isə hakimiyyət son ana qədər insanların diqqətini birtəhər yayındırmağa çalışdı”, – Pamenov bildirib. O keçən ilin yazında bələdiyyə orqanlarının bələdiyyə festivalı keçirdiyini xatırlayıb.

“Bu bir növ taun zamanı ziyafət keçirmək kimi idi. Rusiyalılar və ukraynalılar 70 kilometr aralıda bir-birini öldürürlər, Belqorodda isə festival var və hər şey qaydasındadır”, – jurnalist sözlərinə əlavə edib.

Bərbad və boz şəhər

Belqorodun qərbindəki kəndlərdən birində yaşayan reportyor Yekaterina Lobanovskaya işğaldan bir neçə ay sonra Rusiyadan qaçıb. O ailəsi və dostları ilə mütəmadi əlaqə saxladığını bildirib.

“Dostlarımın mənə dediklərinə görə, şəhərdə həyat davam edir. Ancaq bu yaxınlarda iki dostumla danışdım və onlar əlavə bir söz demədən, bu cümləni səsləndirdlər: Şəhər niyəsə bərbad və bozdur. Müharibədən əvvəl Belqorod günəşli idi, orada həyat sürətlə davam edirdi və həmişə bir növ hərəkət olurdu. Hətta bizdə belə bir deyim var idi ki, Belqorod xeyirxahlıq və firavanlıq şəhəridir”, – Yekaterina söyləyib.

Adını Svetlana kimi təqdim edən başqa bir sakin, binanın zirzəmilərində yerləşən, həmişə kilidli olan bomba və hava hücumu sığınacaqlarının işlək vəziyyətdə olmadığını deyib: “Onlar ilk günlərdən terrorla mübarizə tədbirləri ilə əlaqədar bağlıydılar. Məmurlar dedilər ki, gələn raket atəşi və ya top atəşi zamanı açıq olacaqlar. Neçə dəfə bombardman oldu?! Onlar heç vaxt açılmadı. Heç vaxt! ...Artıq hamı müharibəyə öyrəşib. Əvvəllər hava hücumundan müdafiə sisteminin səsindən yata bilməmək adamı əsəbləşdirirdi. İndi isə sadəcə fikir vermirsən. Hər kəs bunun bitməsini gözləyir”.

“Narahat olmalı nə var ki?”

Belqorodun şimal-qərbindəki Starıy Oskol şəhərindən olan bir nəfər tanıdığı insanların əksəriyyətinin “xüsusi hərbi əməliyyat”ı (Kreml Ukraynanın işğalını belə adlandırır – red.) dəstəklədiyini bildirib. Adının çəkilməsini istəməyən şəhər sakini “Current Time”a müsahibəsində deyib: “Oskol sərhəddən uzaqdır. Əvvəllər ətrafda çoxlu əsgər var idi, indi isə yoxdur. Ən çoxu həftədə bir və ya iki [əsgər] ilə qarşılaşa bilərsən, əvvəlki kimi deyil. Biz cəbhədən çox uzaqdayıq. Narahat olmalı nə var ki?”

Belqorod sakini Alina fikir ayrılıqlarına görə tez- tez ətrafdakı yaxınlarla inciklik yarandığını bildirib. “Hər insanın məsələyə öz baxışı var. Bu məsələ dostlar arasında neqativliyə, mübahisələrə səbəb olur. Artıq bu heç kimə lazım deyil. Bir-birinizə dəstək olmalı, qayğı göstərməliyik”, – Alina deyib.

Jurnalist Pamenov casusluq və ya təxribatçılarla bağlı paranoyya, şübhə hissinin artdığını dilə gətirib: “Bura dəlixanadır. İnsanlar səkilərin sarı və mavi, Ukrayna bayrağının rənglərinə boyanmasından şikayətlənirlər”.

Onun sözlərinə görə, yerli məhəllə rəsmisi bu yaxınlarda insanları göyərçinlərə yem verməməyə çağırıb, çünki göyərçinlər Xarkovdakı biosilah laboratoriyalarından gəlmiş ola bilər.

XS
SM
MD
LG