Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:30

Çirkab sular 600 nəfərin sağlamlığına qənim kəsilib


Illüstrasiya
Illüstrasiya

►“Bu iki binada azı 600 nəfər yaşayır. İkisinin də zirzəmisi çirkab sularla doludur.

Elə ki, bir az səs salırıq, tez gəlib, suları çəkib küçəyə töküb gedirlər. Bununla da işlərini bitmiş hesab edirlər. Bir azdan zirzəmilər yenə su ilə dolur”.

“HƏYƏTDƏN KEÇMƏK OLMUR”

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsindəki 30 saylı binanın sakini Telman Bayramov deyir. Onun sözlərinə görə, bir-birinə qonşu olan 30 və 41 saylı binaların sakinləri illərdir ki, eyni problemdən əziyyət çəkir.

Eyni binanın sakini Fərman Axundov deyir, kommunal xətlərin köhnəliyi çoxdandır ki, özünü göstərməyə başlasa da, tədbir görən yoxdur:

“Kanalizasiya xətləri çürükdür, istismar müddəti çoxdan başa çatıb. Təzələmirlər... Nəticədə binaların zirzəmiləri tez-tez çirkab sularla dolur, həyətdən keçmək olmur. Əsasən də yayda vəziyyət lap acınacaqlı olur. Üfunətdən həyətdə otura bilmirik”.

Buna da bax: Vəkil: “Natiq Kərimov özünü qismən təqsirli sayır”

“PUL TÖKÜB TƏMİR EDİRİK”

Ancaq problem təkcə üfunət deyil. Zirzəmi suları binalardakı mənzilləri də qəzalı hala salır. Məsələn, 41 saylı binanın 1-ci mərtəbəsində yaşayan İradə Axundova evini hər il təmir etməli olur. Amma:

“Amma təmir də mənasızdır. Bu tərəfdən pul töküb təmir edirik, o biri tərəfdən divarlar yenə nəm çəkir. Nəmişlik otaqların tavanına qədər çıxır. Evdən rütubət iyi çəkilmir. Pulumuz da, canımız da əldən gedir”.

Sakinlər kanalizasiya sularının zirzəmiyə axması ilə bağlı dəfələrlə Binəqədi rayon icra hakimiyyətinə, kanalizasiya idarəsinə, ərazi üzrə MİS-ə müraciət etdiklərini deyirlər. Hər dəfə də kanalizasiya idarəsindən gəlib zirzəminin suyunu çəkib, çölə töküb gedirlər. Ancaq bu, vəziyyətdən çıxış yolu deyil. Sakinlər problemin kökündən həll olunmasını istəyirlər.

Buna da bax: Tərtərdə iki uşaq külə dönmüş evdə yaşayır

BİNANIN YİYƏSİ KİMDİR?

Binəqədi rayon icra hakimiyyətindən bildiriblər ki, hər iki binadakı vəziyyətlə bağlı “Azərsu” ASC-nin Binəqədi rayon Su Kanal İdarəsinə müraciət ediblər.

İdarədən isə bildiriblər ki, həmin binalar Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin balansındadır.

Komitədən isə bunu təkzib ediblər. Binanın onlara aidiyyatı olmadığını bildiriblər.

İki binanın 600 sakininin rahatlığını kim təmin edəcək, indi bina sakinləri bunu aydınlaşdırmaqla məşğuldurlar.

XS
SM
MD
LG