Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:31

Əliyev ABŞ ilə münasibətləri Ermənistanla normallaşmadan kənar görür


ABŞ dövlət katibi Antoni Blinken meets Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb
ABŞ dövlət katibi Antoni Blinken meets Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb

Fevralın 17-də Münxendə Azərbaycan prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinkenin (Antony Blinken) görüşü olub. AZƏRTAC rəsmi informasiya agentliyi görüşün qarşı tərəfin müraciətinə əsasən keçirildiyini yazır.

Rəsmi açıqlamaya görə, A.Blinken deyib ki, Azərbaycan və Ermənistan arasında davamlı, ləyaqətli sülhün təmini üçün əllərindən gələni etmək arzusundadırlar, ABŞ bu istiqamətdə faydalı işlər görüb və görməyə davam edəcək. A.Blinken iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Ermənistanla münasibətlərin normallaşdırılmasından kənar...

İ.Əliyev Azərbaycanın sülh prosesinə sadiq olduğunu, sülh sazişinin ən qısa zamanda bağlanmasının ölkənin bizim milli maraqlarına cavab verdiyini deyib.

Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyi çox yüksək qiymətləndirdiyini deyən İ.Əliyev də öz növbəsində vurğulayıb ki, iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var.

Agentliyin xəbərinə görə, İlham Əliyev ölkəsinin Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini vurğulayıb. Prezident Münxendə Ermənistanın baş naziri ilə keçirilmiş ikitərəfli görüşü qeyd edib, ikitərəfli görüşlərin keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasını müsbət addım kimi qiymətləndirib.

Prezident İlham Əliyev artıq regionda de-fakto sülhün olduğunu bildirib. O əlavə edib ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir.

Bundan əvvəl də Azərbaycan Ermənistana ikitərəfli, vasitəçisiz danışıqlar təklif edib.

Fevralın 12- 13-də isə iki ölkənin sərhədində gərginlik yaranıb. Azərbaycan bir hərbçisinin sinayper gülləsi ilə yaralandığını, bununla bağlı cavab tədbiri gördüklərini açıqlayıb. Ermənistan isə dörd hərbçisinin öldüyünü, birinin də yaralandığını bildirib. Rəsmi Yerevan Azərbaycanı “hərbi təzyiq siyasətini davam etdirməkdə” günahlandırıb. Azərbaycan isə hesab edir ki, ilk güllə qarşı tərəfdən atılıb və baş verən gərginliyin məsuliyyəti onların üzərinə düşür.

ABŞ-Azərbaycan münasibətlərində gərginlik

ABŞ və Azərbaycan münasibətlərində son aylar gərginlik yaşanıb. Ötən ilin noyabrında Azərbaycan Ermənistanla xarici işlər nazirlərinin Vaşinqton görüşündən imtina edib. Əliyev administrasiyası Vaşinqtonu Ermənistanın xeyrinə “qərəzli münasibətdə” ittiham edib. ABŞ Senatı isə Azərbaycana hər cür hərbi yardımı qadağan edəcək qanun layihəsini qəbul edib.

ABŞ rəsmiləri bildiriblər ki, Bakı və Yerevan arasında sülh sənədi imzalananadək Vaşinqtonun Azərbaycana münasibəti "əvvəlki kimi" olmayacaq.

Noyabrın sonunda Antoni Blinken İlham Əliyevə zəng edərək qarşılıqlı münasibətlərin normallaşdırılması məqsədilə köməkçisi Ceyms O’Brayenin (James O'Brien) Azərbaycana səfərinə icazə verilməsini rica edib. Əliyev isə “Blinkenin ricasına bir şərtlə müsbət cavab verib ki, Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağan qaldırılsın”.

Bugünkü görüşdə Ceyms O’Brayen, ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Luis Bono da iştirak edib.

Ötən dekabrda və 7 fevral növbədənkənar prezident seçkisindən sonra hökumətyönlü mediada Birləşmiş Ştatlara qarşı kampaniya aparılıb. ABŞ-ın Bakıdakı səfiri Mark Libby (Mark Libby) iki ölkənin münasibətlərində ziddiyyətli məqamların olduğunu desə də, bu vəziyyəti düzəltmək üçün çoxlu imkanın olduğunu da qeyd edib.

Prezident seçkisindən sonra Birləşmiş Ştatlardan Azərbaycana təbrik mesajı gəlməyib. ABŞ səfirliyi isə ATƏT-in ilkin hesabatı ilə razılaşdığını bildirib. ATƏT hesabatında Azərbaycanda fundamental azadlıqlara məhdudiyyətlərin əsl demokratik seçki standartlarına zidd olduğunu bildirmişdi.

XS
SM
MD
LG