Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:53

BMT Krımı Ukrayna torpağı sayırsa, nədən onun nüvə agentliyi Rusiyanın araşdırmalarını maliyyələşdirib?


Rusiya prezidenti Vladimir Putin Soçidə Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) rəhbəri Rafael Qrossini salamlayır.
Rusiya prezidenti Vladimir Putin Soçidə Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) rəhbəri Rafael Qrossini salamlayır.

Yazının dərc edilməsinin ardından IAEA-in sözçüsü Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə tədqiqat müqaviləsinə Sevastopolun "səhvən" salındığını, institutun bu müqavilə çərçivəsində Krımda görülən işlərlə bağlı heç bir açıqlama yaymadığını söyləyib.

AzadlıqRadiosunun araşdırması BMT-nin nüvə enerjisi agentliyinin Rusiya dövlətinin Krımda apardığı elmi tədqiqatları maliyyələşdirdiyini üzə çıxarıb. Tənqidçilər belə davranışı Rusiyanın Ukraynaya qarşı təcavüzünü legitimləşdirmək sayırlar.

AzadlıqRadiosunun əldə etdiyi daxili sənədlər göstərir ki, Beynəlxalq Nüvə Enerjisi Agentliyi (IAEA) Rusiyaya aid tədqiqat institutları ilə Krımda araşdırmaların aparılmasını nəzərdə tutan, azı, iki müqavilə imzalayıb. Rusiya Krımı 2014-cü ilin martında hərbi əməliyyatla işğal edib. IAEA nüvə enerjisindən dinc məqsədlərlə istifadəyə nəzarət edən ixtisaslaşmış BMT qurumudur.

AzadlıqRadiosunun əməkdaşları Karl Şrek, Mark Krutov və Sergey Dobrıninin hazırladığı materialda deyilir ki, 2014-cü ildə - Rusiyanın Krımı ilhaqından sonra BMT Baş Assambleyasının qətnaməsi ilə Moskvanın Krıma iddiasını rədd edib. IAEA rəhbəri Rafael Qrossi agentliyin BMT Xartiyasında təsbit edilmiş "dövlət sərhədləri zor gücü ilə dəyişdirilməməlidir" prinsipinə sadiq olduğunu deyib.

AzadlıqRadiosunun əldə etdiyi sənədlərdən görmək olur ki, IAEA-in Rusiya dövlət tədqiqat institutları ilə sözügedən iki müqavilə 2016 və 2019-cu illər arasında imzalanıb və onlardan birincisi 2019-cu ilin yayında uzadılıb.

Həmmüəllif Ukraynanın işğalını açıqca tərifləyib

Bu iki araşdırmadan birinin həmmüəlliflərindən biri Rusiya qoşunlarının 2022-ci ilin fevralında Ukraynaya qarşı başladığı tammiqyaslı hücuma kömək edənləri açıq şəkildə tərifləyib.

Müqavilələr ölçü və miqyas baxımından nisbətən kiçik olsa da, 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı aqressiyasından və 2022-ci ildə tammiqyaslı müharibəyə başlamasından sonra IAEA-in diplomatik və bürokratik məcrada üzləşdiyi çətinlikləri göstərir.

IAEA daha öncə Rusiyanın Krımda yerləşən nüvə tədqiqat reaktoruna de-fakto nəzarəti və Ukraynanın yarımadaya qanuni iddiası kontekstində mübahisələrlə üzləşməli olub. Beynəlxalq ictimaiyyətin əksər bölümü Ukraynanın Krıma iddiasını qanuni sayır.

Ukrayna və onun Qərb müttəfiqləri IAEA-i Rusiyanın Krıma nəzarətini tanımaq kimi dəyərləndirilə biləcək addımlardan çəkinməyə çağırıb. 2015-ci ildə IAEA-in illik hesabatında Krımın Sevastopol şəhərindəki nüvə reaktorunun Ukraynada yerləşdiyi yazıldığı üçün Rusiya bu hesabatı təsdiqləməkdən imtina etmişdi.

IAEA AzadlıqRadiosuna açıqlamasında bildirib ki, agentlik BMT Baş Assambleyasının 2014-cü ildə qəbul etdiyi qətnaməyə əsasən, Krımı Ukrayna ərazisi kimi tanımağa davam edir. Qurum bu araşdırmaların "sırf texniki xarakterli" olduğunu, agentliyin Krımın statusu ilə bağlı mövqeyində hər hansı dəyişikliyi təsbit etmədiyini də vurğulayıb.

IAEA sözçüsü layihələrdən biri – Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə əməkdaşlığın Rusiya təşkilatı deyil, Rusiyada yerləşən Beynəlxalq Hökumətlərarası Elmi Tədqiqat Təşkilatı olduğuna ayrıca diqqət çəkib. Bu beynəlxalq tədqiqat mərkəzi Moskva yaxınlığındakı Dubna şəhərində yerləşir.

2020-ci ilin aprelində Ukraynanın ovaxtkı xarici işlər naziri Dmitro Kuleba ilə görüşən IAEA rəhbəri Rafael Qrossi Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəklədiyini bildirib.
2020-ci ilin aprelində Ukraynanın ovaxtkı xarici işlər naziri Dmitro Kuleba ilə görüşən IAEA rəhbəri Rafael Qrossi Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəklədiyini bildirib.

Ukrayna hökuməti hər hansı araşdırma layihəsini təsdiqləməyib

Ancaq Ukraynanın Vyanadakı daimi diplomatik missiyası (IAEA-in baş qərargahı da bu şəhərdə yerləşir) AzadlıqRadiosuna bildirib ki, IAEA-in maliyyələşdirdiyi hər hansı tədqiqat layihəsini Ukrayna hökuməti təsdiqləməyib.

"Bizim mövqeyimiz aydındır: Ukrayna Krım Muxtar Respublikası və Sevastopol şəhəri də daxil, Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərində hər hansı beynəlxalq layihələrə, yaxud hər hansı digər fəaliyyətlərə qətiyyətlə etiraz edir, çünki bu bizim dövlət suverenliyimiz və ərazi bütövlüyümüzün pozulmasıdır", - missiya öz e-mail açıqlamasında belə deyib.

Rusiyanın Vyanadakı daimi diplomatik missiyası isə bu məqalənin dərc edildiyi gündən bəri açıqlama ilə bağlı müraciətə cavab verməyib.

BNTİ ilə 2016-cı ildə imzalanan və 2019-cu ildə uzadılan tədqiqat layihəsi "Rusiyanın Qara dənizdəki sahil ərazilərində" çirklənmə trendləri ilə bağlı olub.

2019-cu ilin mayında dərc edilən araşdırmada Krımın, yaxud onun hər hansı yerinin adı çəkilməsə də, tədqiqat layihəsinin BNTİ-nin IAEA ilə imzaladığı müqavilədə göstərilən əhatə dairəsində Sevastopolun adı var.

BNTİ 2016-cı ildə təqdim etdiyi araşdırma layihəsi təklifində də sahədəki işin Sevastopolda aparılacağını ayrıca vurğulayıb. Təklif sənədində deyilir ki, bu iş Sevastopolda yerləşən Cənub Sularının Biologiyası İnstitutu ilə birgə aparılacaq. Bu institutu da Krımın ilhaqından sonra ələ keçirərək Rusiya Elmlər Akademiyasına birləşdiriblər.

Tədqiqat müqaviləsi təklifində təxmini hesablanmış məbləğ 165 min avrodur. Bunun IAEA-dən istənilən hissəsi 15 min avrodur.

Layihənin baş elmi tədqiqatçısı, BNTİ-nin professoru Marina Frontasyeva bu layihəyə və IAEA ilə müqaviləyə dair e-mail ilə göndərilən sualları cavablandırmayıb.

Araşdırmanın keçmiş daha bir həmmüəllifi Natalya Milçakova Putinin təşəbbüsü ilə yaradılan kremlyönlü "Xalq Cəbhəsi" təşkilatının Sevastopol şöbəsinin həmsədridir.

Milçakova mart ayında Rusiyanın Ukraynaya qarşı aqressiyasına kömək edən Sevastopol sakinlərinin mükafatlandırılması mərasiminin təşkilində iştirak edib və "bu sakinlər bizim qələbəmizi yaxınlaşdırıb" deyib.

IAEA-in AzadlıqRadiosunun araşdırdığı ikinci müqaviləsi isə Rusiya Federal Heyvan Sağlamlığı Mərkəzi ilə imzalanıb. Bu mərkəz Moskvadan 200 kilometr şərqdə yerləşən Vladimir şəhərindədir.

Sevastopolda Moskvanın 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya Elmlər Akademiyasına birləşdirdiyi Cənub Dənizlərinin Biologiya İnstitutu.
Sevastopolda Moskvanın 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya Elmlər Akademiyasına birləşdirdiyi Cənub Dənizlərinin Biologiya İnstitutu.

Krımda toplanan quş lələkləri

60 min avroluq bu müqavilə vəhşi köçəri quşlardan qaynaqlanan "quş qripi" viruslarının sabit izotop təhlili metodu ilə öyrənilməsi layihəsi ilə bağlıdır. Müqavilədə Krımın adı çəkilməsə də, ötən ilin sentyabrında təqdim edilən "müqavilələr üçün yekun hesabat"da bildirilir ki, quşlardan lələk örnəkləri Krımda toplanıb.

Layihənin baş tədqiqatçısı Viktor İrza layihə ilə bağlı e-mail ilə göndərilən suallara cavab verməyib.

Ukraynalı nüvə təhlükəsizliyi mütəxəssisi, Ukrayna Dövlət Nüvə Tənzimləmə Müfəttişliyi idarə heyətinin keçmiş üzvü Olha Koşarna IAEA-in Rusiya işğalı altında olan Ukrayna ərazilərində tədqiqat layihələrinə sponsorluq etməsini "çirkin hekayət" adlandırır.

"Bu, heç sözsüz, pozuntudur, axı IAEA rəsmən Sevastopolu, Donetsk və Luqansk bölgələrini, Zaporojye bölgəsini və Ukraynanın bütün işğal edilmiş ərazilərini Ukrayna ərazisi sayır", - Koşarna AzadlıqRadiosuna belə deyib.

IAEA-in illik hesabatında Sevastopolda yerləşən tədqiqat reaktorunun hələ də Ukrayna ərazisində yerləşdiyi göstərilir. Ancaq Rusiyanın Ukrayna ərazisini işğalının üstüörtülü tanınması IAEA-in başqa fəaliyyətlərində gözə dəyir.

IAEA-in sponsorluğu ilə radiasiya terapiyasına həsr olunan və Moskvada keçiriləcək tədbirdə Rusiya nümayəndə heyətinin tərkibində “Donetsk, Rusiya Federasiyasından" olduğu göstərilən iki nəfərin adı var.

Donetsk Ukraynanın şərqində yerləşən iri şəhərdir. 2014-cü ildə Donetsk və qonşu Luqansk bölgələrinin bir hissəsi ilə birlikdə Rusiyanın dəstəklədiyi separatçı qoşunların işğal etdiyi bu şəhər Kremlin 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlamasından sonra da Moskvanın nəzarətində qalıb.

XS
SM
MD
LG