Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:47

Ermənistan Qarabağda BMT sülhməramlılarının yerləşdirilməsini vacib sayır


BMT-də Qarabağ müzakirələri. 21 sentyabr 2023
BMT-də Qarabağ müzakirələri. 21 sentyabr 2023

Sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsü ilə Qarabağdakı vəziyyət müzakirə olunub.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Qarabağa humanitar yardım çatdırılandan bir gün sonra hərbi hücum baş verməsindən təəssüfünü bildirib.

"ABŞ tərəfləri humanitar qurumların Dağlıq Qarabağa ərzaq, dərman və digər gərəkənləri maneəsiz çatdırmaq hüququnu, humanitar işçilərin təhlükəsizliyini təmin etməyə çağırır", – səfir vurğulayıb.

Rusiyanın təmsilçisi Dmitri Polyanski bu dönəmdə rusiyalı sülhməramlıların xəsarət aldığını, amma xidmətə davam etdiklərini, sakinlərə, o cümlədən uşaqlara kömək etdiklərini deyib. "Qarabağ ermənilərinin təhlükəsizliyi əsas məsələdır", – o bildirib.

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan çıxışında deyib ki, Azərbaycan sentyabrın 19-da Qarabağ sakinlərinə qarşı "növbəti irimiqyaslı hücum" gerçəkləşdirib və bununla da 2020-ci il üçtərəfli bəyanatını, eləcə də beynəlxalq hüquq normalarını pozub. Nazir deyib ki, BMT-nin Təhlükəsizlik Şurası tədbir görməlidir, çünki Azərbaycan Qarabağa qarşı güc tətbiq edir. O, kütləvi cinayətlərə dair faktlar olduğunu, Azərbaycanın etnik təmizləmə aparmaq istədiyini vurğulayıb. Mirzoyan Qarabağda BMT-nin mandatı ilə sülhməramlılar yerləşdirməyin vacibliyini qeyd edib.

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov bütün ittihamları rədd edərək deyib ki, "antiterror əməliyyatı" aparan Azərbaycan beynəlxalq qanunlara əməl edib, yüksək dəqiqlikli silahlardan istifadə edib ki, dinc əhalinin həyatını təhlükəyə atmasın: "Ermənistanın dinc əhaliyə hücum kimi qələmə verməyə çalışdığı əslində lokal antiterror əməliyyatı idi".

Bayramov Azərbaycanın əməliyyat zamanı məhv etdiyi texnikanı sadalayıb. "Heç bir suveren dövlət öz ərazisində belə qanunsuz hərbi cinayətlərə dözməz", – o söyləyib.

'Bu, Qarabağ faciəsinin son aktı idi' - Ekspertlər atəşkəsi şərh edir
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Fransa deyir, əməliyyatın əvvəlcədən planlaşdırılmadığına inanmırlar

İclasda çıxış edən səfir və daimi nümayəndələr sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatdan narazılıq və narahatlıq ifadə ediblər. Onlar istənilən hərbi qarşıdurmalara son qoyulmasına çağırıblar.

Səfirlər, eyni zamanda, hazırda Qarabağda atəşkəs rejiminin olmasını qeyd ediblər.

İclasa BMT Baş katibinin sülhməramlı əməliyyatlar üzrə köməkçisi Miroslav Yença sədrlik edirdi. O deyib ki, sentyabrın 20-də elan edilmiş atəşkəs rejimi hələ kövrək olsa da, Azərbaycan rəsmilərinin Qarabağ ermənilərinin nümayəndələri ilə görüşünü müsbət addım kimi qiymətləndirmək olar.

ABŞ səfiri Linda Tomas-Qrinfild çıxışında Azərbaycanın Qarabağdakı hərbi hərəkətlərini pisləyib və ABŞ-ın orada yaranmış vəziyyətdən dərin narahatlığını ifadə edib. O da atəşkəsin elan olunmasını təqdir edib: "Əgər bu məlumat təsdiq olunsa, hadisələrin müsbət inkişafı hesab edilə bilər. Amma hazırda vəziyyət ağır olaraq qalır".

ABŞ səfiri inanmaq istədiyini bildirib ki, Qarabağ sakinlərinin hüquqları Azərbaycanın özünün verdiyi bəyanatlara uyğun təmin ediləcək.

Fransa Xarici İşlər naziri Katrin Kolonna deyib ki, Azərbaycanın sentyabrın 19-da keçirdiyi tammiqyaslı əməliyyatın əvvəlcədən planlaşdırılmadığına heç kim inanmır. Nazir deyib ki, Azərbaycanın hərbi üsula əl atması BMT Nizamnaməsinə ziddir.

Kolonna əlavə edib ki, Fransa və bir çox başqa ölkələr Azərbaycanı təmkinə və beynəlxalq hüquqa ehtiram göstərilməsinə çağırırlar. Onun sözlərinə görə, burada söhbət Azərbaycanın ərazi bütövlüyündən getmir: "Heç kim bu məsələni sual altında qoymur, ərazi bütövlüyünə heç bir hədə yoxdur. Söhbət Dağlıq Qarabağdakı erməni xalqının hüquqlarına və mədəniyyətinə hörmət şəraitində yaşaya bilməsindən gedir".

Öz çıxışında Almaniyanın Xarici İşlər naziri Annalena Berbok da Azərbaycanın keçirdiyi hərbi əməliyyatı pisləyib, Qarabağ ermənilərinin ağır humanitar vəziyyətindən narahatlıq bildirib. O, Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizi ilə maneəsiz hərəkətin təmin olunmasına çağırıb.

Türkiyə Xarici İşlər nazirinin müavini Burak Akçapar çıxışında qeyd edib ki, yaranmış vəziyyətdə Azərbaycanın antiterror əməliyyatı keçirməkdən başqa yolu qalmamışdı. Akçapar vurğulayıb ki, Türkiyə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini ilk gündən dəstəkləyib.

İclasda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyandan başqa, Rusiya, Braziliya, Malta və digər ölkələrin səfirləri də çıxış ediblər.

BMT TŞ-nin iclasında yekun olaraq hər hansı bəyanat və ya sənədin qəbul olunması barədə məlumat yoxdur.

  • Sentyabrın 19-da Qarabağda vəziyyət yenidən gərginləşmişdi. Rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib.
  • Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Habelə paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Məlumatda bu proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcəyi vurğulanır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər. Avropa İttifaqının, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG