Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:38

Bakının mərkəzində bağlanan dükanlar- [Fotolar]


►“Daha pul yoxdur, ona görə bağlandıq. Başqa nə deyim ki? Necə deyərlər, böhran bizi “vurdu”.

Alıcı gəlməyəndən, malı almayandan sonra bu dükanı saxlamağın nə mənası var? Əslində, keçən qışdan bu vəziyyətdəydik. Birtəhər bir neçə ay dözdük. Ancaq son vaxtlar elə vəziyyət yaranmışdı ki, satıcılara maaşı ödəyə bilmirdim. Yığışdıq, qərar verdik ki, bağlanaq”.

Bunu Bakının mərkəzində 10-15 gün əvvələ qədər mağaza işlədən sahibkar deyir. Adını çəkmək istəmir, “onsuz da depressiyadayam, tanış-bilişdən də qaçıram, başqa heç nə danışmaq idtəmirəm” deyir.

Son vaxtlar şəhərin mərkəzində icarəyə verilən mağazalar kimi üstündə elanlar asılmayan, yəni tamamilə bağlanan mağazaların da sayı artıb. Xüsusilə, Azərbaycan prospektində, metronun Sahil, İçərişəhər stansiyaları ətrafında əvvəllər də elə çox alıcısı olmayan mağazalar indi qapını bağlayıb. Bəziləri tamam qıfıllı, bəziləri köç ərəfəsindədir. Əvvəllər bu mağazalarda xaricdən, əsasən də, Türkiyədən gətirilən pal-paltar, məişət əşyaları, uşaq oyuncaqları, dəftərxana ləvazimatları satılırdı.

Buna da bax: Mobil telefon operatorları tənbəlləşib

Mərkəzi Univermağın sağ tərəfindəki 5-6 mağazadan üçü bağlıdır. Azərbaycan prospektində vaxtilə bahalı mallar satılan mağaza isə sonuncu dəfə böyük endirim edəndən sonra bağlanıb. Endirim yazısı hələ də dükanın şüşələrini bəzəyir.

Elə bu küçədə əvvəlcə paltar, sonradan qab-qaşıq, indi isə, özü demişkən, nə gəldi satan satıcı Famil deyir ki, gün-gündən gəlirlər azalır. Familin sözlərinə görə, “varlı qonşularından” bir neçəsi görəndə ki, əvvəlki kimi qazanmırlar, qapını bağlayıb gediblər:

“Düzdür, bizim dükan onlar kimi bahalı mallar satmırdı. Ancaq indi ərzaq mallar satmaq sərfəlidir”.

Satıcı deyir ki, bu küçələrdəki mağazaların bir kvadratmetrinin icarə haqqı on min manatlarla ölçülür:

“Gəlir də əvvəlki kimi gəlməyəndə adam başlayır narahat olmağa. Möhkəm ticarətçilər çıxış yolu axtarır, əsəbləri dözməyənlər birdəfəlik bağlayır”.

“Buralar bahalı yerlər idi. Ancaq aşağıda, məsələn, Neftçilər prospektindəki mağazalar kimi də lap bahalı deyildi. Sahibləri ortabab, “şişməmiş” adamlar idi. Ona görə üzüsulu bağlayıb gedirlər. O bahalılarla özümüzü müqayisə eləyə bilmərik. Onların arxasındakılar elə adamlardır ki, onları heç satış maraqlandırmır da. Ancaq bu gündən gec-tez, yəqin, onlar üçün də olacaq” - bunu da adını çəkmək istəməyən, dükanı bağlanmış sahibkar deyir.

Buna da bax: Məşhur rejissordan D.Trump-a etiraz: “Biz hamımız müsəlmanıq”

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun fikrincə, hazırda mərkəzdəki mağazaları işlətmək elə də asan olmadığından sahibləri bağlamaq yolunu seçir:

“İndi brend mağazaların bəziləri bağlanır. Bu, gəlirlərin azalması ilə əlaqədardır. Dövriyyə azalıb, işlətmək çətinləşib. İşlətmək sərf eləmədiyindən bahalı mağazalar boşalır. Yəqin ki, həmin mağazaların satışı da, kirayəsi də ucuzlaşacaq. Ucuzlaşandan sonra onlara müştəri tapılacaq. Həm də bir növ asan qazanılan pullar idi. Bu gün neft pullarında bir az məhduddiyyətlər yaranıb. Ona görə də o mağazaların işləməsində çətinlik yaranıb. ”

Bizi instagramda izləyin
Bizi instagramda izləyin

Azərbaycan Sahibkarlar Konfederasiyası baş katibinin müavini Mehman Mehmanov sahibkarların indi çətin duruma düşməsini bu günün işi saymır. Onun fikrincə, bəzi mağaza sahiblərinin çətin günləri ilin əvvəlində manatın devalvasiyasından sonra yaranıb:

“Dolların məzənnəsi bahalaşandan sonra malların gətirilməsində müəyyən problemlər yaranıb. Gətirilən malların qiymətində artım müştəriləri azaltdı. Eşidirəm ki, müştəri olmadığından, ticarət dövriyyəsi lazımi tələblərə cavab vermədiyindən bəzi mağazalar bağlanır. Eləsi də olur ki, icarəyə götürür, həmin icarə haqqını ödəyə bimədiyi üçün bağlanır. İndi mazağaların çoxu çətinliklə işləyir”.

Qıfıllı mağaza sahiblərindən biri isə deyir ki, gələn ilin əvvəlindən daha çox mağaza bağlanacaq: “Gələn il lap çox olacaq”.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalında izləyin:

XS
SM
MD
LG