Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:31

'Bravo'da spirtli içkilərin sındırılmasına görə 3 il 6 ay həbs


Supermarketdə spirtli içkilər
Supermarketdə spirtli içkilər

Bakının Yeni Yasamal ərazisindəki "Bravo" marketində spirtli içkiləri sındırmaqda günahlandırılan İkram Hüseynova 3 il 6 ay həbs cəzası kəsilib. O, həm özgə əmlakını qəsdən məhv etməkdə, həm də külli miqdarda narkotik gəzdirməkdə təqsirli sayılıb. Bu barədə hökm iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.

Cinayət işində iddia olunur ki, İ.Hüseynov "Bravo"da spirtli içkilərin olduğu piştaxtaya yaxınlaşıb, "haramdır" qışqıraraq oradakı içkiləri yerə çırpıb. Nəticədə marketə 8 min 542 manat ziyan vurulduğu vurğulanır.

"Kaş olmazdı..."

Cinayət işinin materiallarına görə, bu olaydan sonra saxlanılıb Yasamal rayonundakı 29-cu polis bölməsinə gətirilən İ.Hüseynovun cibindən də narkotik tapılıb.

İ.Hüseynov "Bravo"da spirtli içkiləri sındırdığını etiraf edir. O, məhkəmədə ifadəsində də deyib ki, bu əməlindən peşmandır: "Bir anlıq qəzəb hissi ilə eləmişəm. Kaş olmazdı, amma oldu və çox peşmanam…".

Amma narkotik ittihamını qətiyyən qəbul etmir. Deyir ki, informasiya texnologiyaları mütəxəssisidir, heç vaxt narkotiklə yaxından-uzaqdan əlaqəsi olmayıb. Onun sözlərinə görə, narkotiki ilk dəfə 29-cu polis bölməsində cibinə qoyulanda görüb.

"Bunu da boynuna götürməlisən…"

"Məni içkilərə görə polis bölməsinə aparanda cibimdə telefonum, bank kartım olub. Həmin gün də üst-başımı yoxladılar, heç nə yox idi. Bir gün saxladılar, səhəri gün gətirdilər ki, bunu da boynuna götürməlisən…", - İ.Hüseynovun sözləridir.

Onun vurğulamasına görə, polis bölməsində təzyiqlər nəticəsində narkotiki üzərinə götürmək məcburiyyətində qalıb.

29-cu polis bölməsinin əməkdaşları isə, əksinə, iddia edirlər ki, İ.Hüseynov bölməyə gətirilən kimi üstünə baxış keçiriblər. İddiaya görə, o, könüllü şəkildə cibindən narkotiki çıxarıb təhvil verib.

Təqsirləndirilən şəxs polislərin yalan danışdığını deyir. O, son sözündə də məhkəmədən narkotik məsələsində bəraət istəyib. Vurğulayıb ki, cəza əmələ adekvat olmalıdır: "Mənə artıq narkotik yükləməyin nə mənası var?!".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri isə onu həm əmlaka ziyan vurma, həm də narkotik ittihamı ilə təqsirli bilib. 3 il 6 ay azadlıqdan məhrum edilməklə yanaşı, həm də onun üzərinə 8 min 542 manatlıq ziyanı ödəmək öhdəliyi qoyulub.

"Bravo" marketlər şəbəkəsi Azərbaycanda ən böyük və əsas ticarət şəbəkələrindən biri sayılır. Şirkətin bir neçə il öncə açıqladığı məlumatlara görə, "Bravo" brendinin sahibi olan "Azərbaycan Supermarket" MMC-nin üç payçısı var. Şirkətin 25 faizi "İdeal Biznes Ko", 25 faizi "Yevro Standart", 50 faizi isə Mir Cəlal Paşayevə məxsusdur.

XS
SM
MD
LG